Məhkəmə qərarları › İş №3(006)-2994/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2994/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2994/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “NERE“MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 04 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İD***-******* nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov 159 ünvanında yerləşən anbarda 24.08.2021-ci il tarixdə satmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi N.M.Qasımov bildirmişdir ki, Şəxs MMC şirə məhsullarının ölkəyə gətirilməsi üçün müraciət etmiş, məhsul partiyası ölkəyə idxal olunandan sonra agentliyə həmin şirə məhsullarının sertifikatlaşdırılması üçün müraciət olunmuşdur. Məhsullar sertifikatlaşdırılmadan satış həyata keçirilmişdir. MMC-dən satılan məhsullar barədə məlumat istənilsə də, lakin məlumat verəcəklərindən satılmış kimi qeyd etmişlər. Bundan sonra sertifikat ləğv edilmişdir. Həmçinin MMC tərəfindən rüsum ödənilməmişdir. Daha sonra MMC-nin mühasibi müraciət edərək məhsulların yerində olduğunu bildirmiş, əməkdaşlar tərəfindən şirkətə baxış keçirilsə də məhsullar aşkar edilməmişdir. Göstərilənləri nəzərə alaraq “NERE“ MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa N.M.Qasımov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, baxış zamanı məhsullar yerində olsa idi, MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edərdilər, lakin MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə göndərildikdən sonra malların hamısının yerində olmaması aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi E.İ.Hümmətov bildirmişdir ki, MMC-nin hüquqi ünvanı başqa fəaliyyət göstərdiyi ünvan isə başqa ünvandır. 150 manatlıq qeydiyyat pulunu hazırda ödəyə bilərlər, qalan 20 manatı da sonradan ödəyərlər. Belə ki, şirkətin 4 anbarı var və başqa anbarlarda məhsullar ola bilər. MMC tərəfindən məhsullar satılsa idi satılardı, lakin heç bir satış həyata keçirilməmişdir. Ölkəyə 250 butulka şirə məhsulları idxal olunmuş, 115 butulka qalmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, E.İ.Hümmətov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şirkətdə 40 nəfərdən artıq adam işləyir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 23 iyul 2021-ci il tarixli, № İD********** saylı qərarın surətindən görünür ki, Şəxs MMC 25.08.2020-ci il tarixli, İD********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi ləğv edilmişdir. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli, 23/1/İSN-9462-12 saylı bildirişin surətindən görünür ki, Şəxs MMC-nin ölkəyə idxal olunmuş qida məhsullarının sertifikatlaşdırılması barədə olan 25.08.2020-ci il tarixli İD********** nömrəli müraciəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsində baxılmışdır. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqan tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına maiik olmalıdır. “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 19.11-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə 25.08.2020-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğvi üçün 23.07.2021-ci il tarixli İD**********8 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinin 4.0.3.-cü yarımbəndinə əsasən, fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu vermək və onlardan belə məlumatları almaq Agentliyin hüquqlarına aid edilmişdir. Bununla bağlı sözü gedən məhsul partiyalarının satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması barədə məlumatların əldə edilməsi üçün 23.07.2021-ci il tarixli 23/1/İSN-7097 nömrəli məktub ünvanlanmışdır. Sözü gedən məhsul partiyaları barədə Agentliyin Bakı Regional Bölməsinə 24.08.2021-ci il tarixinədək məlumat verilməsi qeyd olunsada, lakin hal hazırki dövrə qədər Şəxs tərəfindən cavab məktubu ünvanlanmamış və ya bu barədə regional bölməyə məlumat verilməmişdir. Məlumat üçün bildirilmişdir ki, regional bölmənin adı çəkilən məktubunda qeyd olunan müddət ərzində quruma məlumat verilmədiyi təqdirdə məhsulların sertifikaisız satışı kimi qiymətləndiriləcək və ya barəsində inzibati icraata başlanılacağı bildirilmişdir. Bundan başqa inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı səbəblər olduğu üçün 16 sentyabr 2021-ci il tarixində, saat 11:00-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə gəlməyiniz barədə 30.08.2021-ci il tarixli 23/1/İSN-8617 nömrəli məktub göndərilmişdir, məktubda qeyd olunanlar ilə bağlı izahat verilməsi, əsasların təqdim olunması üçün heç bir səlahiyyətli şəxs iştirak etməmişdir. Bununla bağlı MMC-nin nümayəndəsini agentliyə dəvət edilmişdir. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Şəxs MMC tərəfindən 10********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş 011,004 partiya nömrəli qida məhsullarına (meyvə şirəsi) anbarda baxış keçirilərkən ümumi qablaşdırma sayı 115 ədəd aşkar olunmuşdur. Qablaşdırma sayı 250 olmalı olan məhsul partiyanın 135 ədədi aşkar olunmamış, satılmış kimi qiymətləndirilmişdir. Beləlikə də iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, İD***-******* nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov 159 ünvanında yerləşən anbarda 24.08.2021-ci il tarixdə satmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən“inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına“və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə“uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri,“inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun“maliyyə və əmlak vəziyyəti,“xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun“maliyyə və əmlak vəziyyətini,“habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 447.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar