Məhkəmə qərarları › İş №3(006)-2995/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2995/2021

03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2995/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, “28 Mall” ticarət mərkəzində yerləşən anbarda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 30 iyul 2021-ci il tarixli, İD********** saylı qərarda qeyd olunmuş 25 iyun 2020-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunmuş qida məhsulları qida təhlükəsizliyi sertifikatı olmadan satılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 30 iyul 2021-ci il tarixli, İD********** saylı qərarda qeyd olunmuş 25 iyun 2020-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunmuş yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir. Bundan sonra 30 iyul 2021-ci il tarixdə Şəxsnə məktub ünvanlanaraq müraciət əsasında ölkəyə idxal edilmiş qida məhsulları partiyası barədə məlumatların 30 avqust 2021-ci il tarixədək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə təqdim edilməsi xahiş olunmuşdur. Lakin qeyd olunan müraciət üzrə hüquqi şəxs tərəfindən hər hansı məlumat verilmədiyindən, onun nümayəndəsi 04 oktyabr 2021-ci il tarixdə, saat 11:15-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə dəvət olunmuş, iştirakının zəruriliyi bildirilmiş və qeyd olunan quruma məlumat verilməyəcəyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndirləcəyi nəzərlərinə çatdırılmışdır. Lakin Şəxs tərəfindən heç bir zəruri tədbir görülmədiyinə görə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə prosesdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* saylı, 04.10.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, “28 Mall” ticarət mərkəzində yerləşən anbarda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 30 iyul 2021-ci il tarixli, İD********** saylı qərarda qeyd olunmuş 25 iyun 2020-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunmuş qida məhsulları qida təhlükəsizliyi sertifikatı olmadan satılmışdır. İş materiallarında olan İD********** saylı, 30 iyul 2021-ci il tarixli qərarın surətindən görünür ki, qərarda qeyd olunmuş 25 iyun 2020-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunmuş yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar