Məhkəmə qərarları › İş №3(006)-30/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-30/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-30/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1989-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), "xxxx" ASC-nin direktoru işləyən, Beyləqan rayonu, Beyləqan şəhəri, X3 küçəsi, ev 127, mənzil 01-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri üzrə tərtib olunmuş 18 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC-nin direktoru Şəxs cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs bildirdi ki, 2024-cü ilin 16-31 iyul tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankın əməkdaşları tərəfindən direktoru olduğu, lombard şirkəti olan "xxxx" ASC-də aparılan yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına yol verildiyi qeyd olunmuşdur. O, həmin qanunvericiliyin tələblərindən məlumatsız olmuş və onlar müəyyən edildikdən sonra aradan qaldırılması üzrə tədbilər görülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərdə lombard fəaliyyəti göstərən "xxxx" ASC-də xx.xx.2023 – xx.xx.2024-cü il dövrlərini əhatə etməklə aparılmış planlı-tematik yoxlamanın nəticələrinə dair “Yoxlama haqqında Hesabat”a əsasən Lombard şirkəti tərəfindən 2024-cü ilin ilk yarımili ərzində 14.375 sayda yeni müştərilərlə işgüzar münasibətlər yaradılmasından əvvəl müştərinin poçt ünvanı, elektron poçt ünvanı, iş yeri və vəzifəsi, orta illik əmək haqqısı, digər gəlir mənbələri, gəliri olmadığı halda onu maliyyələşdirən sponsor şəxs barədə eyniləşdirmə məlumatları, son 12 ay ərzində xaricə və ya xaricdən köçürmələrə dair məlumatlar, habelə siyasi nüfuzlu şəxslərə, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərə münasibətdə “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın 2.1.2-ci bəndində nəzərdə tutulmuş məlumatlar əldə edilməmiş, müştərilərin fərdi risk dərəcələri (qrupları) müəyyən olunmamışdır. Həmçinin, Lombard şirkətində “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in (DNP) 2.1.1-ci bəndində qeyd edilən qayda və prosedurlar mövcud olmamış, məsul şəxs və onu əvəz edən şəxs təyin edilməmiş, məsul şəxsin 03 iş günü ərzində monitorinq orqanının informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməmişdir. Yalnız yoxlamanın davam etdiyi dövrdə - xx.xx.2024-cü il tarixdə məsul şəxs və onun əvəzedicisi təyin edilmiş və müvafiq qurumalara bu barədə məlumat təqdim olunmuşdur. Bundan əlavə, Lombard şirkətində daxili nəzarət proqramı çərçivəsində ƏL/TMM sahəsi ilə əlaqəli olan işçilərin işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi ilə bağlı daxili qaydaları (mexanizmləri) olmasına baxmayaraq, yeni tələblərə uyğunlaşdırılmamışdır. Yoxlama dövründə rəhbər şəxslərin ƏL/TMM üzrə vəzifə təilmatlarında müddəalar qeyd edilməmiş, direktorun vəzifə təlimatında ƏL/TMM ilə bağlı, ƏL/TMM üzrə struktur vahidlərinin əsasnamələrində müddəalar öz əksini tapmamış və işçilərin vəzifə təlimatında nəzərə alınmamış və təlim planı hazırlanmamış, əməkdaşlara ƏL/TMM üzrə təlimlər keçirilməmiş və bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verilməmişdir. Lombard şirkətində ƏL/TMM sahəsinin adekvatlılığını yoxlayan daxili audit həyata keçirilməmiş, daxili auditin beynəlxalq standartlara uyğunluğu təmin olunmamış, ƏL/TMM fəaliyyəti ilə bağlı rəhbərliyə hesabat təqdim edilməmiş, müştərilər tərəfindən xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında nağd şəkildə ödənilən 20.000 manatdan yuxarı məbləğdə 03 sayda əməliyyat barəsində məlumatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" ASC-nin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1-ci maddəsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata (598.1.1ci maddə); maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə (598.1.2-ci maddə) görə, həmin Məcəllənin 598.4-cü maddəsi isə maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə məsuliyyət nəzərdə tutur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa görə: • Öhdəlik daşıyan şəxslərə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri daxildirlər (1.1.7-ci maddə); • Kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər maliyyə institutları hesab olunur (1.1.8-ci maddə); • Öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: işgüzar münasibətlərin yaradılmasından əvvəl; iyirmi min manat məbləğində (bundan sonra – limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl; əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda (4.2-ci maddə); • Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi, rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi, işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi, işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi, mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi tədbirləri görməlidirlər (10.1-ci maddə); • Maliyyə monitorinqi orqanı daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edir. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslərə münasibətdə maliyyə monitorinqi orqanının müəyyən etdiyi minimum tələblərdən əlavə tələblər müəyyən edə bilər (10.5-ci maddə); • Maliyyə institutları tərəfindən minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir (11.1.1-ci maddə). Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 21-28/3-6-6/2023 nömrəli qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”inə əsasən (X2 Reyestrində xx.xx.2023-cü il tarixdə **********0366 qeydiyyata alınmışdır): • Öhdəlik daşıyan şəxslərin müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq ƏL/TMM üzrə daxili nəzarət proqramına rəhbərlik (öhdəlik daşıyan şəxslərin adından çıxış edən, həmin şəxsin idarəetmə, nəzarət və (və ya) icra orqanı və ya öhdəlik daşıyan şəxs olan fərdi sahibkar) səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə müstəqil və effektiv riayət sisteminin təşkil edilməsi də daxildir (1.4.2-ci bənd); • Daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi aşağıdakıları ehtiva etməlidir: korporativ idarəetmə standartlarına malik olan öhdəlik daşıyan şəxslərdə daxili strukturun effektiv nəzarət və hesabatlılıq mexanizmlərinə uyğun formalaşdırılması; ƏL/TMM siyasətinin təsdiq edilməsi; müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və prosedurların təsdiq edilməsi; müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi; məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi; öhdəlik daşıyan şəxslərin rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələrinin müəyyənləşdirilməsi; şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi; şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - MMX) təqdim olunması üzrə daxili qayda və prosedurların təsdiq edilməsi; öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurlarının təsdiq edilməsi; yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi; daxili auditin (olduğu təqdirdə) öhdəlik daşıyan şəxsin daxili nəzarət proqramını qiymətləndirməsi üzrə standartlarının təsdiq edilməsi (2.1.1-ci bənd); • Öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir (3.2.1-ci bənd); • Məsul şəxsin ən azı hər 6 (altı) ayda bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar (əqdlər), öhdəlik daşıyan şəxsin ƏL/TM risklərinə məruz qala bilinəcək potensial riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və MMXya təqdim edilmiş hesabatlar barədə məlumat vermək vəzifələrindəndir (3.2.3.6-ci bənd); • Öhdəlik daşıyan şəxs daxili nəzarət proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar, eləcə də nizamnamələri və ya hüquqi statuslarını əks etdirən digər sənədləri, olduğu təqdirdə insan resurslarının idarə edilməsi strategiyası və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübə əsasında ƏL/TMM sahəsi ilə əlaqəli olan işçilərin işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi mexanizmlərini müəyyən etməlidir (4.1.1-ci bənd); • Öhdəlik daşıyan şəxs Qanunun tələblərinin, ƏL/TMM sahəsində digər hüquqi aktların və daxili nəzarət proqramı çərçivəsində qəbul olunmuş daxili qayda, prosedurlar və nəzarət mexanizmlərinin (bundan sonra – Qanunla tələb olunan aktlar) tətbiq olunmasının səmərəliliyini qiymətləndirən müstəqil audit mexanizminə malik olmalıdır (5.1.1-ci bənd); • Müstəqil audit mexanizmi daxili audit tərəfindən həyata keçirildikdə onun beynəlxalq standartlara uyğunluğu təmin edilməlidir (5.1.4-cü bənd). “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”nın 2.1.1-ci bəndinə görə maliyyə institutları tərəfindən 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara (bank hesabına nağd mədaxil, bank hesabından nağd məxaric, ödəniş terminalları vasitəsilə bank hesabına nağd mədaxil və ya bank hesabından nağd məxaric, nağd valyuta mübadiləsi və digər nağd əməliyyatlar) dair məlumat və sənədlər Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir. Məhkəmədə tədqiq edilmiş dəlillərlə müəyyən edilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024–xx.xx.2024-cü il tarixlərində lombard fəaliyyəti göstərən "xxxx" ASC-də xx.xx.2023– xx.xx.2024-cü il dövrlərini əhatə etməklə aparılmış yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsi qiymətləndirilmiş və yoxlama zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq 14.375 sayda müştəriyə və əməliyyata görə müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmaması, daxili nəzarət proqramının tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsi, habelə 03 sayda müştəriyə və əməliyyata görə monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı həmin Qanun ilə müəyyən edilmiş tələblərin pozulması faktları aşkar edilmişdir. Bununla da Şəxs "xxxx" ASC-nin direktoru kimi hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkətlər etdiyindən onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrinin tələblərinin pozulması halı tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); • İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); • Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18-ci maddə); • Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz (25.4-cü maddə); • Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.2-ci maddə); • Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir (34.1-ci maddə); • Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir (34.3-cü maddə); • Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz (34.4-cü maddə). Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx" ASC-nin direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 25.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" ASC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 25.4-cü maddəsinə müvafiq olaraq 10.000 (on min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar