Məhkəmə qərarları › İş №3(006)-3001/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3001/2021

20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3001/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndələri X4 və X2 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi, ev 62; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş 28.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 28.09.2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayındığı üçün hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən məcburi auditdən yayınma halına yol verilməmiş, Maliyyə Nazirliyinin sistemində olan texniki problemlə bağlı müvafiq məlumat onlara daxil olmamışdır. Hazırda hüquqi şəxs illik maliyyə hesabatlarının auditini aparmış və bununla bağlı sənədləri təqdim etmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X7 və X6 izahatlarında Cəmiyyəti tərəfindən 2019-cu il üzrə illik maliyyə hesabatlarının auditi aparıldığını və bununla bağlı müvafiq sənədlərin tərəflərindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edildiyini bildirmiş, göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri X3 tərəfindən tərtib edilmiş 28 sentyabr 2021-ci tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən, "xxxx" MMC 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditinin aparılmamasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, MMC tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının auditi 2020-ci ildə aparılmışdır. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Hazırki halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən auditdən yayınma halı təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar