Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3002/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Samux rayonu, Kolayır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ofisiant işləyən, Samux rayonu, Kolayır kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs 11 may 2025-ci il tarixdə Nəsimi rayonu, H.Seyidzadə küçəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirmiş, onlara məxsus qapını sındırmış, nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə saat 12:41-də DİN-nin 102 xidmətinə və Nəsimi RPİ-nin 19-cu PŞ-nə ünvanlandığı müraciətində bildirmişdir ki, 11 may 2025-ci il tarixdə Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 30A ünvanında olarkən həmin binanın 4-cü mərtəbəsində yaşayan tanımadığı şəxs rəfiqəsi Zərərçəkmiş şəxs1 qolundan tutaraq zorla onu öz ünvanına aparmaq istəmiş, daha sonra rəfiqəsi etiraz edərək getmədikdə rəfiqəsinin qolundan tutaraq onun mənzilinə girmək istəmiş, nəticədə özü qolundan zədə almış və mənzilin qapısını çətinliklə bağlaya bilmişlər. Araşdırma nəticəsində hadisəni törətmiş şəxsin Şəxs olması müəyyən olunmuşdur. Həmçinin Zərərçəkmiş şəxs1 Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə yazaraq bildirmişdir ki, 11 may 2025-ci il tarixdə saat 00:30 radələrində rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadığı mənzilə gəldikdə bir nəfər şəxs onlara yaxınlaşaraq qolundan tutub çay içməyi təklifi etmiş, onlar buna etiraz etdikdə həmin şəxs onların yaşadığı mənzilə daxil olaraq mobil nömrəsini telefona qeyd etmələrini istəmişdir. Həmin vaxt aralarında yaranmış mübahisə zamanı sonuncu həm evin qapısını qırmış, həm də onlara xəsarət yetirmişdir. Hadisə nəticəsində o, xəsarət almasa da həmin şəxsin əməli nəticəsində mənzilinin giriş qapısı zədələndiyindən ona 100 manat maddi ziyan dəymişdir. Beləliklə, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayət ərizələri əsasında aparılmış təhqiqat araşdırması zamanı qeyd olunan faktda cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələrinin tərkibi müəyyən olunduğundan barəsində həmin maddələrlə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 11 may 2025-ci il tarixdə gecə saatlarında yaşadığı evin yaxınlığındakı “Araz” marketdən pivə alıb içə-içə evə getdikdə binanın 3-cü mərtəbəsində iki nəfər qadının pilləkənlərlə qalxdığını görüb onlarla salamlaşmışdır. Həmin qadınlardan biri ondan qeyd olunan binada yaşayıb-yaşamadığını soruşduqda o, cavab olaraq həmin binada yaşadığını bildirmiş və sonra onunla tanış olmaq üçün söz atmışdır. Qadınlar da ona yox deyib mənzilə qalxmağa davam etmiş, o, spirtli içkinin təsirindən onların arxası ilə mənzilə qalxmışdır. Onlar mənzilə daxil olduqda o da onların mənzilinə daxil olmuş, zorla onlarla tanış olmaq istədikdə qadınlar onu evdən çıxartmağa çalışmışlar. Həmin vaxt aralarında mübahisə baş vermiş və mübahisə zamanı qadının qollarından tutaraq itələdiyi üçün o, müvazinətini itirib arxa-axraya getdikdə başı qapıya dəymişdir. Sonra isə qadınlar onu evdən çıxarmışlar. Həmçinin o, qapını itələyən zaman qapı yerindən oynamışdır. Əməlindən peşmandır. Vurulmuş zərərin məbləği ilə razıdır və ödəməyə hazırdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 11 may 2025-ci il tarixdə gecə saat 00:30-da rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə ad günü məclisindən qayıdarkən yaşadığı mənzilə qalxan zaman blokda bir nəfər şəxs onlara salam vermiş və onun qolundan tutaraq onları yaşadığı mənzilə çay içməyə dəvət etmiş, onlar buna etiraz etdikdə həmin şəxs onlardan əl çəkməyərək onlarla birlikdə onun mənzilinə daxil olub öz nömrəsini verərək ona zəng etmələrini tələb etmiş, lakin onlar həmin şəxsə zəng etməmiş, bu zaman o, Şahnazın qolundan tutaraq ona zəng etməsini tələb etmişdir. Onlar həmin şəxsi çətinliklə mənzildən çıxartmışlar və çıxan zaman həmin şəxs onun mənzilinin qapısına ziyan vurmuşdur. Hadisə nəticəsində o, xəsarət almasa da həmin şəxsin əməli nəticəsində mənzilinin giriş qapısı zədələndiyindən ona 100 manat maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 12 may 2025-ci il tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə, 232-1-ci maddəsi az miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, 510-cu maddəsi isə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin qeyd hissəsinə görə bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş 13 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Kərimov X3 Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulan inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal inzibati qaydada tutulmadan azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3002/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3002/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver