Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3013/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14575489 saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, maddi vəziyyəti yaxşı olmadığından taksi sürücüsü olaraq fəaliyyət göstərir. 19 may 2023cü il tarixdə gündəlik qazanc əldə etmək məqsədilə avtomobili ilə işə çıxmışdır. Həmin vaxt müştəri qismində avtomobilində olan şəxs ona gözlə deyərək avtomobildən enmiş və o, məcbur olub avtomobilini parkinq etmişdir. Lakin onun barəsində kamera vasitəsilə inzibati protokol tərtib olunmuşdur. Həmin kamera vasitəsilə qeydə alınan cərimə qeyriqanunidirsə, ləğv edilməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14575489 saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Dövlət Yol Polis İdarəsinə lazımi qaydada məlumat verilsə də, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14575489 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2023-cü il tarixdə, saat 15:26:20-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində idarə etdiyi «X4» markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin internet portalından əldə olunmuş çıxarışdan və fotoşəkildən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:26:20-də «X4» markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində 3.27 (Dayanmaq qadağandır) yol nişanının təsir zonasında durmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə müəyyən edilir ki, X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə idarə etdiyi «X4» markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. Etiram Bayramov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu bildirmişdir. Lakin məhkəməyə təqdim etdiyi fotogörüntü və çıxarışdan aydın olur ki, 19 may 2023-cü il tarixdə Etiram Bayramovun idarə etdiyi «X4» markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yolun kənarında qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni “3.27 - Dayanmaq qadağandır” yol nişanının təsir zonasında hərəkətsiz vəziyyətə gətirilmiş şəkildə durmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14575489 saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3013/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3013/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver