Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3014/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14282179 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ondan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətin məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14282179 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmiş, eyni zamanda həmin qərarın xx.xx.2023-cü il tarixdə əldə etdiyi göstərmişdir. Şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək hesab edirəm ki, Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14282179 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət rədd olunaraq şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, X2 şikayətində göstərir ki, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğuldur, xx.xx.2023-cü il tarixdə bir az dincəlmək üçün avtomobilini Füzuli küçəsində yolun kənarında saxlamış, axşam evə gedəndə 20 manat cərimə olunması barədə ona məlumat gəlmişdir. Bu cərimənin ləğv edilməsini xahiş edir. Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14282179 saylı inzibati tənbeh vermə haqqında qərara görə X2 xx.xx.2023-cü il tarixdə, saayt 14:58də Nəsimi rayonu, Füzuli küçəsində “Toyota Corolla” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-ci maddəsi üzrə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Bu fakt foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda (ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan). Eyni zamanda həmin Məcəllənin 57.6-cı maddəsinə görə bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan (57.6.1-ci maddə); nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) (57.6.2-ci maddə); “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) (57.6.3cü maddə); bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) (57.6.4-cü maddə). İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir (125.2.1-ci maddə); eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir (125.2.2-ci maddə); inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir (125.2.3-cü maddə). Şikayətin məzmunundan və təqdim edilmiş sənədlərdən aydın olur ki, X2 tərəfindən törədilmiş xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdən sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14282179 saylı inzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq elə həmin günü onun elektron kabinetində olan mobil telefon nömrəsinə SMS məlumatla çatdırılmışdır. Qərardan isə şikayət 20 gün keçdikdən sonra verilmiş və bu müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1– 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14282179 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3014/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3014/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver