Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3017/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 24 avqust 1996-cı ildə Sabirabad rayonu, Qəzli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi faliyyəti ilə məşğul işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, 8 Mart küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə 10 km/saat sürətlə hərəkətini davam etdirib 28 May küçəsinə dönmə manevri etdiyi zaman avtomobilin qabaq ön hissəsi ilə həmin küçədə piyada keçidinin üzərində yolu sağdan-sola doğru keçməkdə olan piyada X3 vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə və ənsə nahiyələrinin dərialtı hematomaları, sol saidin və sol diz oynağı nahiyəsinin qançırları, sol baldırın sıyrığından ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, M.Musayevanın quçağındakı azyaşlı uşağı X5 isə sol təpə-gicgah, alın, sol əl və qann nahiyələrinin sıyrıqlarından ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, 13 may 2024-cü il tarixdə saat 15 radələrində etibarnamə və “BC” kateqoriyalı sürücülük vəsiqəsi əssasında idarə etdiyi atası X6 məxsus “Hyundai Elantra” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə hərəkət edərək 28 May küçəsi ilə kəşişməyə çatdıqda işıqforun qırmızı işığında dayanmışdır. Yaşıl işıq yandıqdan sonra o, təxminən 10-15 km/saat sürətlə hərəkət edərək sola, yəni 28 May küçəsinə dönmə manevri etmiş, bu zaman piyada keçidinin üzəri ilə hərəkətdə olan əvvəlcədən görmədiyi bir nəfər qadını avtomobilin qabaq sağ hissəsi ilə vurmuş və həmin şəxs yerə yıxılmışdır. O, dərhal avtomobildən enib köməklik üçün sonradan şəxsiyyəti ona məlum olan X4 yaxınlaşmışdır. Bu zaman qadının qucağında azyaşlı uşağın olduğunu görmüş, ətrafda toplanmış tanımadığı şəxslərin köməkliyi ilə Mariya Musayevanı uşağı ilə birlikdə avtomobilinə əyləşdirib yaxınlıqda yerləşən təcili tibbi yardım məntəqəsinə aparmışdır. Orada həmin şəxslər müayinə üçün qəbul olunmadığından həmin ərazidə yerləşən “İnternational” Klinikasına aparmış, oradakı həkim qadın və uşağı müayinə edərək hər hansı bir xəsarətlərinin olmadığını bildirib, daha dəqiq müayinə aparılması üçün “Leyla Şıxlinski” adına klinikaya aparılmalarını tövsiyyə etmişdir. O, həmin şəxsləri adını qeyd olunan klinikaya aparmış, orada qadın müvafiq yoxlamalardan keçdikdən sonra həmin qadının hər hansı bir xəsarətinin olmadığını bildirib azyaşlı uşağı isə növbəti gün səhər saatlarında ac vəziyyətdə müayinə üçün gətirilməsi tövsiyə edilmişdir. Bundan sonra o, həmin şəxsləri qohumlarının iştirakları ilə evlərinə yola salmışdır. O, hadisə baş verən zaman işıqfordan yeni hərəkətə başladığı üçün avtomobilin sürəti təxminən 5-10 km/saat olmuşdur. İzahatının sonunda “Vətən müharibəsi” iştirakçısı olmasının nəzərə alınaraq, onun barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq zərərçəkmiş şəxs X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 tərəfindən verilən 610 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 2000-ci il təvəllüdlü X1 bədənində aşkar edilmiş xəsarət – baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə və ənsə nahiyələrinin dərialtı hematomaları, sol saidin və sol diz oynağı nahiyəsinin qançırları, sol baldırın sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün “X11” klinikasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rüstəm Şıxəliyev tərəfindən qəbul edilmiş 12 iyun 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-455 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə baş inspektoru X2 tərəfindən tərtib edilmiş 18 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3017/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3017/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver