Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3025/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Günay Alim qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Qusar rayonu, Yasab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, evli, işləyən, Qusar rayonu, Yasab kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X1 tərtib etdiyi 07.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Bakı Kommersiya Məhkəməsinin 30.07.2020-ci il tarixli, 2-2(113)-880/2020 saylı icra vərəqəsinə əsasən borclu "xxxx" MMC-dən cəmi 74275,2 manat tutulub "xxxx" ASC-yə ödənilməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etməmiş, icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X2 bildirmişdir ki, 30.09.2020-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-880/2020-019 saylı, 30.07.2020-ci il tarixli icra sənədi şöbəyə daxil olmuşdur. İcra sənədinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 73.750 manat məbləğində əsas borc, 500 manat cərimə və dövlət rüsumuna görə 25,20 olmaqla, cəmi 74.275,2 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Borclu könüllü icra müddəti ərzində borcu ödəməmiş, buna görə də tərəflərindən borclunun əmlakı, bank hesabında vəsaitinin olub-olmaması ilə bağlı sorğular göndərilmiş və müəyyən olunmuşdur ki, borclunun heç bir əmlakı və bank hesabında vəsaiti yoxdur. Bundan sonra borclu hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs 2021-ci ilin yanvar ayında şöbəyə dəvət olunaraq ondan izahat alınmış və bildirmişdir ki, pandemiya ilə əlaqədar işləmədiyi üçün ödənişləri edə bilməyəcəkdir. Oktyabr ayında yenidən izahatı alınmış, lakin yenə də ödənişləri etməmişdir. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq borclu hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kranların təmiri ilə məşğul olur. Pandemiya ilə əlaqədar işləmədikləri üçün Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-880/2020 saylı, 30.07.2020-ci il il tarixli icra vərəqəsinin icrasını təmin edə bilməmişdir. Alacaqları pul var. Lakin həmin pulu bugünədək ala bilmədikləri üçün borcu da ödəyə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(113)-880/2020 saylı, 30.07.2020-ci il il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 73.750 manat məbləğində əsas borc, 500 manat cərimə və dövlət rüsumuna görə 25,20 olmaqla, cəmi 74.275,2 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 30.09.2020-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, e153713/2020-5-1-003 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(113)-880/2020 saylı, 30.07.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq, "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-880/2020 saylı, 30.07.2020-ci il tarixli icra vərəqəsi üzrə borcu lazımı qaydada ödəməmiş və ona görə də onun barəsində 07.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş 07.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan da görünür ki, icra sənədi üzrə tələb borclu tərəfindən hazırki tarixədək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Kommersiya Məhkəməsinin 30.07.2020-ci il tarixli, 2-2(113)- 880/2020 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs məhkəmə qərarında göstərildiyi qaydada üzərinə düşən öhdəliyi icra etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3025/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3025/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver