Məhkəmə qərarları › İş №3(006)-3028/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3028/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3028/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayət vermiş şəxs: Barış Altıparmakın vəkili Nümayəndə1 Qərarından şikayət verilən X7 Xidmətinin qurumun nümayəndəsi: nümayəndəsi Nümayəndə2 Əlayif oğlunun iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən Barış Altıparmak barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şikayətdə göstərilmişdir ki, Barış Altıparmakın direktoru olduğu “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 27 iyul 2022ci il tarixdə işçi X5 xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Qeyd edilən bədbəxt hadisə barədə məlumat şirkətin əməkdaşları tərəfindən 30 yanvar 2023-cü il tarixdə X7 Xidmətinə verilmişdir. Həmçinin şirkət baş vermiş bədbəxt hadisənin tədqiqi ilə bağlı X7 Xidməti tərəfindən yaradılacaq komissiyanın tərkibinə 02 fevral 2023-cü il tarixdə öz üzvlərini təklif etmişdir. Hadisə barədə məlumat verilməsinə baxmayaraq, onun barəsində qanunsuz olaraq 24 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən guya o, işçi Ozal Xəkiyevin 27 iyul 2022-ci il tarixdə xəsarət alması faktını gizlətmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan sonra X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəisi X2 onun barəsində qəbul etdiyi xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 2.000 manat cərimə olunmuşdur. Hesab edir ki, barəsində qəbul edilmiş 05 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə ziddir, maddi və prosessual normaların tələbləri pozularaq qəbul olunmuş və ləğv olunmalıdır. Əgər o, inzibati xətanı törətmiş olsa belə, həmin xətaya görə inzibati tənbeh verilmə müddəti ötürülmüşdür. İstehsalatda bədbəxt hadisə 27 iyul 2022-ci il tarixdə baş vermiş, bədbəxt hadisənin baş vermə faktı qeyd edilən tarixdə gizlədilmiş və ya həmin gün məlumat verilməmiş və elə bu vaxtdan da inzibati xəta törədilmişdir. Lakin bu xüsusata səlahiyətli orqan tərəfindən lazımi diqqət yetirilməyərək 05 iyun 2023-cü il tarixdə, yəni inzibati xətanın törədildiyi gündən 10 ay 09 gün müddət keçdikdən sonra inzibati qaydada tənbeh vermə qərar qəbul edilmişdir. Məlumatın gizlədilməsi ilə bağlı səlahiyyətli orqanın gəldiyi nəticə əsassızdır. Belə ki, rəhbəri olduğu şirkət tərəfindən gec də olsa, bədbəxt hadisə barədə məlumat X7 Xidmətinə bildirilmişdir. Həmçinin gec məlumat verməyə görə belə inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında Barış Altıparmakın vəkili Nümayəndə1 şikayətdə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 27 iyul 2022-ci il tarixdə işçi X5 xəsarət alması ilə əlaqədar Xocavənd rayon prokurorluğunda araşdırma aparılmış və prokurorluq xx.xx.2022-ci il tarixdə bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə məlumat vermişdir. Ona görə də onlar hesab etmişlər ki, həmin dövlət orqanı artıq məsələ barədə məlumatlandırılıb. Bundan əlavə, X7 Xidməti tərəfindən “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda Xocavənd rayon prokurorluğunun məktubu ilə əlaqədar araşdırma aparıldığı göstərilərək X5 iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin təhqiqatı üzrə yaradılacaq komissiyanın tərkibində iştirak edəcək nümayəndə barədə məlumatın verilməsi xahiş olunmuşdur. Şirkət də elektron poçt vasitəsilə həmin nümayəndəni təqdim etmişdir. Göründüyü kimi, X7 Xidməti hadisə barədə artıq ötən ilin avqust ayından məlumatlı olmuşdur. Bu növ işlər üzrə isə inzibati məsuliyyətə cəlb etmə müddəti o zaman qüvvədə olan qanuna görə 3 ay müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə2 Əlayif oğlu izahatında bildirdi ki, Barış Altıparmak onun rəhbərlik etdiyi “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 27 iyul 2022-ci il tarixdə işçi X5 xəsarət alması ilə nəticələnən bədbəxt hadisə faktını gizlətmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün onun barəsində 24 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarla isə o, bu maddə üzrə 2.000 manat cərimə olunmuşdur. Şikayətin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan: • Xocavənd rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “X11 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində tunel işçisi – “Robot” operator köməkçisi işləyən X9 27 iyul 2022-ci il tarixdə Xocavənd rayonunun işğaldan azad olunmuş Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 54-cü kmliyində yerləşən “T-0 Çıxış” şərti adı ilə adlandırılan tunelin 180-ci metrliyində “TUNELMAK” beton püskürmə texnikası ilə işləyən zaman həmin texnikanın “Sıka Sigunit L 25” kimyəvi maddə püskürən başlığının dəlikləri tutulmuş və bu dəlikləri vintaçan vasitəsilə təmizləmək istəyərkən təzyiqli hava ilə birlikdə qeyd olunan kimyəvi maddənin üzünə püskürməsi nəticəsində xəsarət almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X4 dərhal məlumat verilməlidir. Həmçinin X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq komissiya yaratmalı və baş vermiş bədbəxt hadisənin təhqiqatına başlamalıdır. Göstərilənlərə əsasən 27 iyul 2022-ci il tarixdə X5 iş prosesində xəsarət alması faktı ilə bağlı bu Qaydaların 1.9-cu bəndinə əsasən rayon prokurorluğundan daxil olmuş məlumat əsasında müvafiq komissiya yaratmaqla hadisənin təhqiqatının aparılması və nəticəsi barədə rayon prokurorluğuna məlumat verilməsi xahiş olunur; • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən “X11 Sanayi ve Ticaret Anonim Şirketi“nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətdə X5 xx.xx.2022-ci il tarixdə iş vaxtı xəsarət alması barədə Xocavənd rayon prokurorluğundan daxil olmuş məktub əsasında araşdırma aparıldığı qeyd olunaraq bədbəxt hadisənin təhqiqatının aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.2-ci bəndinə uyğun olaraq yaradılacaq komissiyanın tərkibində iştirak edəcək nümayəndələr barədə X7 Xidmətinə qısa müddət ərzində rəsmi məlumatın verilməsi xahiş olunur; • “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə elektron poçt vasitəsilə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətdə işçi X9 barəsində baş vermiş bədbəxt hadisəyə dair, eyni zamanda xx.xx.2023-cü il tarixdə yaradılacaq komissiyanın tərkibinə daxil olunacaq əməkdaşlar haqqında məlumat təqdim edilir; • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla işçi X5 xx.xx.2022-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin gizlədilməsi ilə bağlı “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Barış Altınparmak Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi üzrə təqsirli bilinərək 2.000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1 və 4-cü hissələrinə uyğun olaraq işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X7 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X7 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir. Bu Qaydaların 1.9-cu bəndinə görə bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. İşin hallarından müəyyən olunur ki, “X11 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində tunel işçisi işləyən X9 27 iyul 2022-ci il tarixdə Xocavənd rayonunun işğaldan azad olunmuş Böyük Tağlar kəndi ərazisindən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 54-cü km-liyində yerləşən tuneldə işləyən zaman xəsarət almış, bununla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılmış və prokurorluq “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərinə uyğun təhqiqatın aparılması və müvafiq komissiyanın yaradılması üçün xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişdir. X7 Xidməti tərəfindən “X11 Sanayi ve Ticaret Anonim Şirketi“nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətdə məsələ ilə bağlı araşdırmanın aparıldığı qeyd olunaraq bədbəxt hadisənin təhqiqatının aparılması üçün yaradılacaq komissiyanın tərkibində iştirak edəcək nümayəndələr barədə qısa müddət ərzində rəsmi məlumatın verilməsi xahiş olunmuşdur. “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X7 Xidmətinə elektron poçt vasitəsilə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətdə işçi X9 barəsində baş vermiş bədbəxt hadisəyə dair, eyni zamanda xx.xx.2023-cü il tarixdə yaradılacaq komissiyanın tərkibinə daxil olunacaq əməkdaşlar haqqında məlumat təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla işçi X5 xx.xx.2022-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin gizlədilməsi ilə bağlı “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Barış Altınparmak Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi üzrə təqsirli bilinərək 2.000 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, işçi X5 27 iyul 2022-ci il tarixdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət alması barədə “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Barış Altınparmak dərhal həmin günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti bu barədə məlumatı yalnız Xocavənd rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubundan sonra əldə etmiş və bundan sonra qanunvericiliyin tələblərinə uyğun hərəkətlər etsə də, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Barış Altınparmak Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3cü maddəsi üzrə təqsirli bilinərək 2.000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 555-ci maddəsi Məcəllənin 39-cu fəslinə, yəni idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə görə idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət o zaman 03 ay müəyyən edilmişdir. İşdən də müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisinin 27 iyul 2022-ci il tarixdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət alması barədə məlumatı artıq ötən ilin avqust ayında əldə etmişdir. Belə olan halda məsələdən 10 aya yaxın müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərarın qəbul olunması qanunsuz olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar