Məhkəmə qərarları › İş №3(006)-303/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-303/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-303/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********8120 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş 01 ədəd “CAT 428 F” maraklı, şassi nömrəsi CRS71544 olan ekskavator-yükləyicinin öhdəlik müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq, həmin malların geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən heç bir tədbir görülmədiyi aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 00100-0014/21 saylı inzibati xəta haqqında protokolla, gömrük bəyannaməsi və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, **********8120 saylı gömrük bəyənnaməsindən görünür ki, «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Qırğızıstan Respublikasındakı Filialına 2017-ci ilin dekabr ayında müvafiq mallar ixrac edilmişdir və həmin bəyannamədə xx xxxxxx 2018-ci il tarixədək həmin malların qaytarılmasına zəmanət verilmişdir. İş materiallarında olan “Avadanlığın istifadəsi haqqında” xx xxxxxx 2017-ci il tarixli müqavilədən görünür ki, «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı və «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Qırğızıstan Respublikasındakı Filialı arasında xx xxxxxx 2017-ci il tarixdə qeyri-müəyyən müddətə müqavilə bağlanmışdır. İş materiallarında olan müvəqqəti ixrac müddətlərinin uzadılmasına dair xx xxxxxx 2018-ci il və xx xxxxxx 2019-cu il tarixli ərizələrdən və Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixli, **********8120 saylı gömrük bəyənnaməsi üzrə 01 ədəd “CAT 428 F” maraklı, şassi nömrəsi CRS71544 olan ekskavator-yükləyicisinin müvəqqəti ixrac müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********7014 saylı gömrük bəyənnaməsindən görünür ki, «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Qırğızıstan Respublikasındakı Filialına 01 ədəd “CAT 428 F” maraklı, şassi nömrəsi CRS71544 olan ekskavator-yükləyicisinin ixrac edilməsi üçün müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 49-51, 114-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: «Çakır Yapı Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (min iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar