Məhkəmə qərarları › İş №3(006)-3032/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3032/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3032/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2, X1 və onun nümayəndəsi və vəkili Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və vəkili “Ədalət” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4409/2022 saylı icra sənədinə əsasən 130.000 manat məbləğində borc və ödənilmiş 420 manat dövlət rüsumu cavabdeh Şəxs iddiaçı E.E.Əliyevin xeyrinə tutulmalıdır. Lakin məhkəmə qərarı icra olunmamışdır. Borclu tərəfindən tələbkara 129.311 manat ziyan vurulması borclunun hərəkətsizliyi faktı ilə təsdiq edilir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru N.H.İbişova tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4409/2022 saylı icra sənədinə əsasən 130.000 manat məbləğində borc və ödənilmiş 420 manat dövlət rüsumu cavabdeh Şəxs iddiaçı E.E.Əliyevin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildiriş borclu tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Daha sonra tələbkar E.E.Əliyev icra şöbəsinə ərizə ilə müraciət edərək borclu Şəxs borcunu ödəməməsini əsas gətirərək sonuncunun axtarışa verilməsini xahiş etmişdir. Bundan sonra icra şöbəsi borcluya xəbərdarlıq etmiş, icra məmurları tərəfindən borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və bununla bağlı akt tərtib edilmişdir. Daha sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırımasına dair təqdimatla məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi, xx.xx.2023-cü il tarixdə isə borclunun yaşayış yeri məlum olmadığından sonuncunun axtarılması haqqında qərar qəbul edilmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Hal-hazırda borclunun icra sənədi üzrə bugünədək ödənilməmiş 129.311 manat borcu qalmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru N.H.İbişova məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borcluya tərəfindən 4 dəfə zəng edilmiş, sonuncu hər dəfə bəhanə gətirərək icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır, həmçinin borclu Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyində özünüməşğullu layihəsinə cəlb olunmaq üçün müraciət etmişdir. Bundan başqa, borclu hər dəfə 99-100 manat ödəniş etməklə icradan yayınmadığını göstərməyə çalışır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun icra sənədindən məlumatı var. İcra şöbəsinin çağırışlarına vaxtlı-vaxtında gəlmişdir, belə ki, 2 dəfə gəlməməsinin səbəbi isə bir çağırışda Gəncə şəhərində olması, digər çağırışda isə xəstə olması olmuşdur. Həmçinin onu heç kəs axtarmamışdır. Hal-hazırda adına hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur, məşğulluq üçün nazirliyə müraciət etmişdir. Borcunu ödəməyə tam imkanı yoxdur, sadəcə hissə-hissə ödəyə bilər. Bundan başqa, onun ürəyinə stent yerləşdirilmişdir. Göstərilənləri, maddi imkanının yaxşı olmamasını, adına hər hansı əmlak olmamasını və xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndə və vəkil F.F.Rzabəyli bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs xəstə olduğuna görə icra məmurunun çağırışlarına gəlməmişdir, həmçinin sonuncuya rəsmi çağırış edilməmişdir. xx.xx.2023-cü il tarixindən borclu tərəfindən ödənişlər edilmişdir, axırıncı ödəniş dünənki tarixdə olmuşdur. Həmçinin Şəxs məşğulluqla bağlı nazirliyədə müraciət etmişdir. Sonuncu xəstədir, ürəyinə 4 dəfə stent yerləşdirilmişdir və bir böyrəyi yoxdur. Şəxs maddi imkanı çatmadığından ödənişlərini tam edə bilmir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar E.E.Əliyev öz izahatında bildirmişdir ki, o, borcun tam ödənilməsini tələb edir. Borclu ona yalan vədlər verərək borcunu bugün sabah ödəyəcəyini desə də bunu etmir, 130.000 borcu 99-100 manatla ödəməyə çalışır. Onunda maddi imkanı zəifdir, acınacaqlı vəziyyətdədir, borclarına görə yaşadığı Gəncə şəhərinə gedə bilmir və himayəsində də 5 övladı var. Həmçinin bildirmişdir ki, borclu qeydiyyatda olduğu ünvanda yaşamır, yaşadığı ünvanda bəlli deyil. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində ən ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar E.E.Əliyevin nümayəndəsi və vəkili E.X.Nuriyev borclu barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4409/2022 saylı icra sənədindən görünür ki, 130.000 manat məbləğində borc və ödənilmiş 420 manat dövlət rüsumu cavabdeh Şəxs iddiaçı E.E.Əliyevin xeyrinə tutulmalıdır. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4409/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin Şəxs ünvanladığı xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, borclu Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirilmiş, lakin sonuncu həmin ünvanda aşkar edilməmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu Şəxs məcburi qaydada Nəsimi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4409/2022 saylı icra sənədinə əsasən 130.000 manat məbləğində borc və ödənilmiş 420 manat dövlət rüsumu cavabdeh Şəxs iddiaçı E.E.Əliyevin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildiriş borclu tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Daha sonra tələbkar E.E.Əliyev icra şöbəsinə ərizə ilə müraciət edərək borclu Şəxs borcunu ödəməməsini əsas gətirərək sonuncunun axtarışa verilməsini xahiş etmişdir. Bundan sonra icra şöbəsi borcluya xəbərdarlıq etmiş, icra məmurları tərəfindən borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş və bununla bağlı akt tərtib edilmişdir. Daha sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırımasına dair təqdimatla məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi, xx.xx.2023-cü il tarixdə isə borclunun yaşayış yeri məlum olmadığından sonuncunun axtarılması haqqında qərar qəbul edilmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının olub-olmaması, sığortaolunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Hal-hazırda borclunun icra sənədi üzrə bugünədək ödənilməmiş 129.311 manat borcu qalmışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı borclu Şəxs borcunu ödəməkdən boyun qaçırması, tələbkara yalan vədlər verərək borcunu ödəməməsi, bunun nəticəsi olaraq tələbkarın vəziyyətinin acınacaqlı hala düşməsi borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 13 iyun 2023-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 13 iyun 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra Şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar