Məhkəmə qərarları › İş №3(006)-3035/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3035/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3035/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 iştirakları ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14598305 inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 20 may 2023-cü il tarixdə, saat 19:10 radələrində telefonuna cərimə olunması barədə SMS məlumat daxil olmuşdur. Daha sonra “ASAN ödəniş” sistemində olan elektron kabinetinə daxil olanda EQ 14598305 saylı inzibati tənbeh vermə haqqında qərar olduğunu görmüşdür. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə müraciət etsə də, həmin qərarı yalnız xx.xx.2023-cü il tarixdə rəsmi almışdır. Qərarda göstərilir ki, güya o, ünvan 1 ünvanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin ərazidə dayanmanı və durmanı qadağan edən 3.27-3.30 nişanları və onlarla birlikdə istifadə olunan 1.4 nişanlanma xətti yoxdur. “Yol hərəkəti haqqında “ Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində dayanma və durmanı qadağan edəcək şərtlərdən heç biri təmin edilməyib. Eyni zamanda, bu Qanunun 53-cü maddəsində parklanma qaydaları barəsində məlumat verilərkən, parklanma yerlərinin 5.15 yol nişanı və 7.6.1-7.6.9 əlavə məlumat lövhələri ilə müəyyən olunduğu, bu nişanlar olmadıqda isə nəqliyyat vasitəsini yola paralel saxlamaq lazım olduğu bildirilir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixli, EQ 14598305 inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi X4 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2023-cü il tarixli, EQ 14598305 saylı inzibati tənbeh vermə haqqında qərarla ünvan 1 ünvanda “Toyota Camry” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə dayanma qaydaları pozulduğuna görə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunmuşdur; • Fotoşəkillərdən görünür ki, “Toyota Camry” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında durur, yolun hərəkət hissəsinin kənarında nişanlanma xətti olsa da, orada dayanmanı qadağan edən 3.27 nişanı görünmür. Beləliklə, məhkəmədə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, EQ 14598305 saylı inzibati tənbeh vermə haqqında qərarla ünvan 1 ünvanda “Toyota Camry” markalı, **-TN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə dayanma qaydaları pozulduğuna görə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunsa da, qərara əlavə edilmiş fotoşəkillərdə həmin ərazidə dayanmanı qadağan edən 3.27 nişanının olduğunu müəyyən etmək mümkün olmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin Vİ hissəsinə əsasən 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında nəqliyyat vasitələrinin dayanması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Eyni zamanda həmin Məcəlləyə əsasən: • inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Həmçinin, Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14598305 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14598305 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar