Məhkəmə qərarları › İş №3(006)-3036/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3036/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3036/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 27893505 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən EQ 27893505 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “KİA K5” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilini səhər saat 9 radələrində Bakı şəhəri, S.Vurğun 46 ünvanında yerləşən iş yerinin yaxınlığında (həmin yerdə dayanma və durmanı qadağan edən nişan yoxdur) saxlamış və işə getmişdir. Saat 14:08-də ona SMS radar mobil tətbiqi vasitəsi ilə bildiriş gəlmişdir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə, yəni "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə" 12 may 2025-ci il tarixli EQ 27893505 saylı protokol tərtib edilmişdir. Daha sonra, İXM-nin 327-ci maddəsinin qeydinin 1-ci hissəsi rəhbər tutularaq ona 40 manat və 2 balla qiymətləndirilən inzibati tənbeh tətbiq edilmişdir. Onun bu günədək olan cərimə balı 18 (on səkkiz) bal olduğundan, İXM-nin 327.7-ci maddəsinə əsasən sürücülük hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. İlk öncə qeyd edir ki, o, avtomobilini nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 (beş) metrdən çox məsafədə saxlamıdır. YPX əməkdaşı dəqiq ölçmə aparmadan avtomobilin vizual olaraq 5 (beş) metrdən az məsafədə saxlanmasını əsas götürüb protokol tərtib etmişdir. Halbuki, bu sadəcə ehtimaldır, şübhədir. Təqsirsizlik prezumpsiyasının pozulması ilə müşaiyət olunan yanaşmadır. Bir şəxsin istənilən intizam xətası mütləq, mötəbər sübutlarla təsdiq edilməlidir. Vizual olaraq yanaşma irəli sürüb protokol tərtib etmək əsaslı və qanuni sayıla bilməz. Digər məsələyə gəldikdə, hesab edilsə ki, YPX əməkdaşı mövqeyində əsaslı sayılması ehtimalı var, hətta onda belə tərtib edilmiş protokol qanunsuzdur. Həmin protokola əsasən o, avtomobilini nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda saxlamışdır. Amma avtomobilini saxladığı yerdə sarı bütöv xətt, yəni 1.4 Üfiqi nişanlanma xətti var. Lakin bu, nəzərə alınmamışdır. Belə ki, sarı bütöv xətt 3.27 “Dayanmaq qadağandır” nişanı ilə birlikdə tətbiq edildikdə dayanmaq qadağan olunan yeri bildirir. Bu nişanlanma “Dayanmaq qadağandır” nişanından başlayan, dayanmaq qadağan olunan sahənin uzunluğunu bildirir. Yəni bu nişanla birlikdə tətbiq edildikdə sarı bütöv xətt boyunca dayanmaq və durmaq qadağandır. “Dayanmaq qadağandır” nişanı vurulmadıqda sarı bütöv xətt dayanmanı qadağan etmir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin İV bəndində hansı yerlərdə avtomobil saxlamağın qadağan olması konkret olaraq göstərilmişdir. Həmin bəndin 6-cı hissəsində deyilir ki, 1.1-1.4 nişanlama xətti istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlığında dayanma qadağandır. Qanun özü də təsdiq edir ki, o, avtomobilini saxladığı hissədə 1.4 üfiqi nişanlanma xətti olduğundan bu, istisna hesab edilir, bu İXM-nin 346.5-ci maddəsinin təsir dairəsinə düşmür və hətta 5 (beş) metrdən az məsafə olsaydı belə orada avtomobil saxlamaq qadağan deyil. O, avtomobilini saxladığı yer kəsişmədən 5 (beş) metrdən az məsafədə olmuş olsaydı belə 1.4 üfiqi nişanlama xətti yuxarıda qeyd etdiyi kimi istisna təşkil etdiyindən orada avtomobil saxlamağı qanunsuz hesab oluna bilməz. Barəsində tərtib edilmiş protokolda qeyd edilən maddədə - İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin dizpozisiyasında da birbaşa göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Qeyd edilən istisna da məhz “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İV bəndinin 6-cı hissəsində göstərilmiş istisnadır. Bütün qeyd edilənlər ona dəlalət edir ki, hər bir halda barəsində İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə tərtib edilmiş EQ 27893505 saylı protokol və həmin protokol əsasında qəbul edilmiş 12 may 2025-ci il tarixli nömrəslz qərar tam qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, həmin qərar məhkəmə tərəfindən ləğv edilməli, qərarın istinad edildiyi protokol əsasında aparılan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən EQ 27893505 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət verən şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən EQ 27893505 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən EQ 27893505 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə saat 14:08-də Bakı, Səməd Vurğun 46 ərazisində “KİA K5” minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 346.5 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXMnin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X2 yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən EQ 27893505 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən EQ 27893505 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar