Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3037/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9, mənzil 2, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 01.10.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki o, 21966,30 Avro məbləğində olan vəsaiti bank hesabından 05.09.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 21966,30 Avro məbləğində vəsaitin müqabilində alınmış malların ölkə ərazinə idxal edilməsini təsdiq edən sənəd vaxtında banka təqdim edilsə də, gömrük bəyannaməsi doldurularkən texniki səhvə yol verildiyindən həmin MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin hazırda müəyyən edilmişdir ki, Şəxs MMC müvafiq malları qanunla müəyyən edilmiş müddət ərzində ölkə ərazisinə idxal etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi N.İ.Məmmədov bildirmişdir ki, Şəxs MMC ilə “X2” şirkəti arasında 24.04.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Şəxs MMC “X2” şirkətinin təqdim etdiyi rekvizit üzrə 21,966.30 avro vəsait köçürülmüşdür. Şəxs MMC ilə “X3” şirkəti arasında bağlanan 24.04.2017-ci il tarixli müqavilə nömrəsiz olduğuna görə müəssisə tərəfindən vəsait köçürülərkən yalnız müqavilənin nömrəsi qeyd edilmişdir. Lakin gömrük bəyannaməsi doldurularkən səhvən müqavilənin üzərində olan daxilolma nömrəsi və daxilolma tarixi müqavilə nömrəsi və müqavilə tarixi kimi qeyd edilmişdir. Bu cür hallarla mütəmadi olaraq qarşılaşırlar. Hər dəfə Mərkəzi Bankın əməkdaşları əlaqə saxlayırlar və məsələ onlara izah olunandan sonra dərhal həllini tapır. Lakin qeyd edilən iş üzrə müəssisə ilə əlaqə saxlamadan, müəssisənin nümayəndəsini dəvət etmədən protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, Şəxs MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Təqdim edilmiş materiallara əsasən: - "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş 06.09.2021-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin 05.09.2019-cu il tarixdə 21966,30 Avro göndərildiyi qeyd olunmuşdur; - Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Macarıstanda yerləşən “X3” şirkətinin hesabına 24.04.2017-ci il tarixli müqavilə ilə bağlı 2019-cu il tarixli, PFS00233 saylı invoys üzrə 21966,30 Avro məbləğində pul göndərilmişdir; - **********0717 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 21966,30 Avro məbləğində xarici valyuta vəsaitinin müqabilində müvafiq mallar qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X4 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMC 05.09.2019-cu il tarixdə Macarıstanda yerləşən “X3” şirkətinin hesabına göndərdiyi 21966,30 Avro məbləğində xarici valyutada vəsait hesabına alınan mallar ölkəyə vaxtında idxal olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3037/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3037/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver