Məhkəmə qərarları › İş №3(006)-3037/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3037/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3037/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında X2 iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1969-cu il tarixdə Ağdam rayonu, İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 0T62PDJ), evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********), Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə X5 ünvan 1 ünvanda yerləşən “Fortuna-N” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yayımını həyata keçirmiş və bu fakt xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində aşkar edilmişdir. Məhkəmə iclasında X5 izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” ərizə ilə Bakı şəhər Reklam İdarəsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən “Fortuna-N” adlı obyektin üzərində xx.xx.2023-cü il tarixdən 01 il müddətinə reklam yerləşdirilməsi üçün icazənin verilməsini xahiş etmişdir. Bakı şəhər Reklam İdarəsinin ona ünvanladığı xx.xx.2023-cü il tarixli “Müraciətə baxılmasının nəticəsi barədə” məlumatda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 499 saylı Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına texniki Tələblər”in 2-ci bəndinin tələblərini nəzərə alaraq 1,00x1,37 metr və 02 ədəd 0,18x1,00 metr ölçülərdə fasad növündə reklam daşıyıcılarının ünvan 1 ünvanda yerləşdirilməsi məqsədəuyğun hesab edilmir. Odur ki, müvafiq icazə olmadan reklamların yayımının dayandırılması 05 gün ərzində təmin edilməlidir. Əks təqdirdə, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə uyğun olaraq tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan sonra o, nöqsanı aradan qaldırmış, “Fortuna-N” adlı obyektin üzərindəki fasad növündə reklam daşıyıcılarının ölçüləri qanunvericiliyin tələblərinə uyğundaşdırılmış, habelə dövlət rüsumu və yayım haqqını ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmiş, bunun səbəbləri haqqında məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” xx.xx.2023-cü il tarixli ərizədə X3 ünvan 1 ünvanda yerləşən “Fortuna-N” adlı obyektin üzərində xx.xx.2023-cü il tarixdən 01 il müddətinə reklam yerləşdirilməsi üçün icazənin verilməsi xahiş etmişdir; • Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, M**********0001 nömrəli bildiriş və xx.xx.2023-cü il tarixli, M**********001 nömrəli hesabfakturaya əsasən X5 dövlət rüsumi ilə bağlı 8,85 manat, yayım haqqına görə isə 156,64 manat ödəniş etməlidir; • Bakı şəhər Reklam İdarəsinin X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 499 saylı Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına texniki Tələblər”in 2-ci bəndinin tələblərini nəzərə alaraq 1,00x1,37 metr və 02 ədəd 0,18x1,00 metr ölçülərdə fasad növündə reklam daşıyıcılarının ünvan 1 ünvanda yerləşdirilməsi məqsədəuyğun hesab edilmədiyi, müvafiq icazə olmadan yayımlanan reklamların yayımının dayandırılmasının 05 gün ərzində təmin edilməsi, əks təqdirdə, İdarə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə uyğun olaraq tədbirlərin görüləcəyi bildirilmişdir; • “Reqion Ekspress” poçt xidməti tərəfindən təqdim edilmiş 043131 saylı qaiməyə görə bu məlumat xx.xx.2023-cü il tarixdə rəsmi qaydada ünvan 1 ünvanda X3 çatdırılmışdır; • 05.06.2023-cü il tarixli Akta və ona əlavə edilmiş şəkilə əsasən həmin günü, saat 15:21-də ünvan 1 ünvanda yerləşən “Fortuna-N” adlı obyektin üzərində müvafiq icazə olmadan 03 ədəd 3,55 m2 ölçüdə reklam aşkar edilmişdir; • xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərə əsasən həmin günü saat 11:00-da ünvan 1 ünvanda yerləşən “Fortuna-N” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir; • X5 tərəfindən təqdim edilmiş fotoşəkildən aydın olur ki, ünvan 1 ünvanda yerləşən “Fortuna-N” adlı obyektin üzərindəki fasad növündə reklam daşıyıcılarının ölçülərinin qanunvericiliyin tələblərinə uyğundaşdırılmışdır. Beləliklə məhkəmədə müəyyən olunur ki, X5 ünvan 1 ünvanda yerləşən “Fortuna-N” adlı obyektin üzərində xx.xx.2023-cü il tarixdən 01 il müddətinə reklam yerləşdirilməsi üçün icazənin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsinə müraciət etmiş, idarə tərəfindən ondan obyektin üzərində quraşdırılmış reklam lövhələrinin ölçülərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması 5 gün ərzində tələb olunmuş, daha sonra sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, göstərilən tələb yerinə yetirilmişdir. Göründüyü kimi, X5 tərəfindən yol verilmiş pozuntu onun nəzərinə çatdırıldıqdan sonra o, həmin pozuntunun aradan qaldırılması üçün tədbirlər görmüş, aidiyyəti üzrə ödənişlər etmiş və obyektin üzərindəki fasad növündə reklam daşıyıcılarının ölçülərinə düzəliş edilərək pozuntunu aradan qaldırmışdır. Bütün bu hallar da X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xətanın qərəzli olaraq törətmədiyinə dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından X5 barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar