Məhkəmə qərarları › İş №3(006)-3038/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3038/2021

08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3038/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında 22-ci polis şöbəsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs Barəsində icraat aparılan şəxsin fərdi qaydada fəaliyyət göstərən vəkil vəkili: Vəkil iştirakları ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 30, mənzil 10-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş 08.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 08 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törədərək xırda xuliqanlıq etmiş, habelə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru X3 izahat verərək göstərdi ki, 08.10.2021-ci il tarixdə polis əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində xidmətdə olarkən Şəxs ictimai yer hesab olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında onlara qarşı nalayiq ifadələr işlətməklə səs-küy salmağa başlamışdır. Polislər Şəxs yaxınlaşıb onu sakitləşdirməyə, ictimai asayişi pozmamağa dəvət etsələr də, sonuncu buna əhəmiyyət vermədən öz qanunsuz əməllərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 izahat verərək göstərdi ki, 08.10.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində iş yoldaşı Şahid2lə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında polislərin ünvanına nalayiq ifadələr işlətməklə qışqıraraq səs-küy saldığını müşahidə etmişlər. Onlar dərhal bu şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu ictimai qaydaya əməl etməyə dəvət etmişlər. Bu zaman adı sonradan Şəxs kimi məlum olan həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq ünvanlarına nalayiq ifadələr işlətməyə davam etmişdir. Onlar Şəxs yenə də dəfələrlə ictimai qaydanı pozmamağa dəvət etsələr də, sonuncu buna məhəl qoymayıb hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də həmin şəxsi 22-ci polis şöbəsinə gətirib raportla təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 08.10.2021-ci il tarixdə, səhər saatlarında dostu X2 Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində iştirak etməyə gəlmişdir. Məhkəmənin qarşısında tibbi maskadan istifadə edib sosial məsafəni qorumaqla prosesin başlamasını gözləyərkən polis əməkdaşları yaxınlaşıb onu və yanında olan yoldaşlarını aparılması üçün göstəriş verildiyini söyləmişlıər. O da məsələdən heç nə anlamamış və sakitcə olaraq polislərlə birlikdə 22-ci polis şöbəsinə getmişdir. Qeyd edir ki, o, heç bir qanun pozuntusuna yol verməmiş, ictimai qaydanı pozaraq xuliqanlıq etməmiş, polisin də tələbinə tabe olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil izahatında göstərdi ki, 08.10.2021-ci il tarixdə, saat 11 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində partiyanın digər fəal üzvlərindən biri olan X2 barəsində olan cinayət işi üzrə məhkəmə prosesində iştirak etmək üçün həmin əraziyə gəlmiş və bayırda gözləmişdir. Lakin məhkəmə prosesi başlamadan bir az əvvəl polislər heç bir əsaslı səbəb olmadan onu və partiyanın digər bəzi üzvlərini oradan qanunsuz olaraq avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Şəxs polislərə heç bir müqavimət göstərmədən onlarla birlikdə getmişdir. Şəxs polisə itaətsizlik göstərdiyini və ya xuliqanlıq faktını təsdiq edən hər hansı görüntü və ya əsaslı sübut məhkəməyə təqdim olunmayıb, sadəcə şahid qismində dindirilən polislərin izahatları ilə kifayətlənilib. Məhkəmənin qarşısındakı müşahidə kameralarında qeydə alınan görüntülər də Şəxs təqsirsizliyini sübut edə bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 oktyabr 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar