Məhkəmə qərarları › İş №3(006)-3040/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3040/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3040/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikasının İqtisadiyyat tərtib etmiş: Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında Şəxs ASC-nin qanuni təmsilçisi iş üzrə icraat aparılan şəxs: X1 iştirakları ilə Şəxs ASC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, ev 31, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi üzrə tərtib olunmuş 05.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC tərəfindən cəmiyyətin ümumi yığıncağının 23.06.2021-ci il tarixli Müşahidə Şurasının sədrinin dəyişdirilməsi barədə qərarı 40 gün ərzində deyil, 05.10.2021-ci il tarixdə dəyişikliyin qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməməsi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 izahatında bildirdi ki, Şəxs ASC-nin ümumi yığıncağının 23.06.2021-ci il tarixli qərarı ilə Müşahidə Şurasının sədri dəyişdirilmişdir. Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklər və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyi qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 40 gün müddətində və qaydada Dövlət Vergi Xidmətinə müraciət olunmalıdır. Lakin Şəxs ASC tərəfindən bu qərar həmin müddər ərzində deyil, 05.10.2021-ci il tarixdə təqdim etmiş, bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin qanuni təmsilçisi X4 izahatında göstərdi ki, baş vermiş qanun pozuntusu onun tərəfindən deyil, cəmiyyətin əvvəlki rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən baş vermişdir. İş materiallarında olan:  Şəxs ASC-nin səhmdarlarının 23.06.2021-ci il tarixli Ümumi yığıncağının ! saylı Protokoluna əsasən cəmiyyətin mövcud Müşahidə Şurasının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 3 nəfərdən ibarət yeni Müşahidə Şurası seçilmişdir;  Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” 05.10.2021-ci il tarixli ərizədən və ona əlavələrdən aydın olur ki, Şəxs ASC Müşahidə Şurasının yeni tərkibi barədə məlumatların qeyiyyata alınması üçün vergi orqanına müraciət etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi tam sübuta yetirilir və buna də görə qurum həmin maddə üzrə təqsirli bilinməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Bu Qanunun 9.4-cü maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “HədiyyələrASC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar