Məhkəmə qərarları › İş №3(006)-3045/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3045/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3045/2023 14.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2022-ci ilin iyun ayında Azərbaycan Respublikası mədəniyyət nazirinin əmri ilə X9 Teatrına direktor təyin edilmiş, fəaliyyətə başlayan gündən əməkdaşların hərəkətlərinə göz qoymuş və nizam-intizamı gücləndirmişdir. Qısa vaxtda canının, əsəbinin bahasına, biliyi, uzun illərin təcrübəsi sayəsində müəyyən quruculuq işləri aparmışdır. Məlumat üçün bildirmişdir ki, elmipedaqoji və yaradıcı fəaliyyəti olan şəxsdir, iki beynəlxalq və ölkədə altı yaradıcı latın üzvüdür, öz sahəsində yetərincə tanınınmaqla yanaşı, hörməti var. İlk gündən, ondan əvvəl təqribən 24 il teatrın rəhbəri vəzifəsini tutmuş, yarıtmaz fəaliyyəti ilə bağlı 2020-ci ildə yoxlama aparılmış, işində nöqsanlar və cinayət tərkibi olan əməllər aşkar edilərək barəsində 3 maddə üzrə cinayət işi açılmış və 2021-ci ilin oktyabr ayında mədəniyyət nazirinin müvafiq əmri ilə vəzifəsindən kənarlaşdırılmış Nazim Mahmudovun vaxtında özünü sərbəst aparıb, istədiyi kimi hərəkət edən Məryəm Rəhimovanın davranışı xoşuna gəlməmişdir. Təəssüflər olsun ki, onun həmin tərzdə işləməyə davam etməsi diqqətdən yayınmamış, işçilərlə kobud rəftarı ona və onlara qarşı hörmətsizliyi mütamadi şəkil almış, əməkdaşlar bir neçə dəfə ona M.Rəhimovanın barəsində şifahi şikayət etmişlər. Onu nəzakətlə çalışmağa, özünü mehriban, sadə aparmağa çağırmış, lakin faydası olmamışdır. Sonra bir neçə işçi yazılı şəkildə müraciət etmiş, teatrda asayişi pozmağı onu müəyyən müddətə qonşu otaqda əyləşdirməsi ilə nəticələndi. Bu zaman o, müvəqqəti olaraq qəbul otağında çalışan əməkdaşla kobud davranmış, teatra məxsus kompüterə qoyduğu parolu deməyərək onun avadanlıqdan istifadə etməsinə imkan verməmişdir. Üstəlik həmin ərəfədə səs-küy qoparması, işin ahəngini pozması, qadına, sənət ocağına yaraşmayan davranışı ilə mühiti dözülməz hala gətirdi, örnək intizamına məhəl qoymaması, işçilərə hörmətsizliyi, yarıtmaz fəaliyyəti (özündən sonra müəyyən çatışmazlıqlar da üzə çıxdı), subordinasiya gözləməyib onu nüfuzdan salmaq cəhdi ilə M.Rəhimova vəziyyəti gərginləşdirdi, kollektivi cana doydurdu, teatrda çalışması arzuolunmaz sayıldı. Nəhayət işçilər akt tərtib etdilər. Məcburiyyət qarşısında qalıb tədbir görülməsi üçün teatrın həmkarlar təşkilatının sədrinə müraciətinə, o öz növbəsində tərtib olunmuş sənədləri, şikayətləri, aktı əsas tutaraq, barəsində söhbət gedən əməkdaşın işdən çıxarılmasını məqsədə müvafiq hesab etməsi rəyi ilə münasibət bildirdi. Bundan sonra o, da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq M.Rəhimovanı tutduğu vəzifədən azad etmişdir. Hesab edir ki, həmin Məcəllənin tətbiq edilən maddəsi qanunamüvafiqdir. Lakin təəssüf ki, adı çəkilən şəxsin Azərbaycan Respublikası X5 Xidməti Şəki-Zaqatala regional şöbəsinə etdiyi şikayəti qurum lazımınca araşdırmadan barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 19 dekabr 2022-ci il tarixli MN ******* saylı qərar çıxarmışdır. Əvvəl sadaladıqlarını onun o zaman vəzifəli şəxs kimi hüquqi prosedurları doğru-dürüst yerinə yetirdiyini göstərir. Buna görə də həmin qəran ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi S.N.Vəliyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, direktor olduğu zaman bütün hüquqi prosedurlara riayət etmişdir. Həmin xanım teatrda 04 ay işlədikdən sonra özünü iş yerində nalayiq aparmış, əmək intizamını pozmuş və sonuncunun barəsində çoxlu şikayətlər olmuşdur. Həmin şikayətlər əsasında akt tərtib edilmiş, həmin qadın Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarmışdır. Bundan sonra həmin xanım əmək müfəttişliyinə müraciət etmişdir. Lakin xanım şikayət etdiyi zaman o, artıq teatr müdiri vəzifəsindən azad edilmişdir. Buna baxmayaraq o, əsassız yerə cərimə edilmişdir. Belə ki, o, 05 ay 17 gün işləmişdir. O, həmin xanımı digər işçiləri təhqir edirdi deyə haqlı olaraq işdən azad etmiş və sonuncu işdən çıxararkən ona son haqq hesab ödənilmişdir. Bundan əlavə o, bildirmişdir ki, həmin xanıma ilk öncə xəbərdarlıq etmiş, daha sonra töhmət etmiş və bundan sonra işdən azad etmişdir. Belə ki, o, 17 illik iş fəaliyyətində heç bir işçini maddə ilə işdən azad etməmişdir. Onun barəsində 19 dekabr 2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən o, artıq direktor vəzifəsindən azad edlmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddəti bitmiş və Qax teatrından uzaqlaşdırılmışdır. Həmin tarixli işdən çıxma əmrini məhkəməyə təqdim edir. Göstərilənləri, barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməmişdən qabaq direktor vəzifəsindən azad edilməsini nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi Ə.C.Əsədullayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, şikayətçi S.N.Vəliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimə edilmişdir. Belə ki, işçi işdən azad edilməmişdən qabaq görüləsi tədbirlər, yəni xəbərdarlıq, töhmət tədbirləri olduğu halda birbaşa işdən azad edilmişdir. Digər işçilərin ərizələrindən görünür ki, həmin xanım iş yerində səs-küy salır, əmək funksiyalarını pozur. Lakin şikayətçi direktor olduğu müddətdə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Həmçinin xanım işə bərpa ilə məhkəməyə müraciət etmiş və işə yenidən bərpa edilmişdir. Hal-hazırda həmin Ali Məhkəmənin icraatındadır. Bundan başqa bildirmişdir ki, şikayətçi tərəfindən inizbati xəta hadisəsi törədilən zaman sonuncu vəzifəli şəxs olmuşdur, buna görə də qəbul edilmiş qərar əsaslıdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, Qax X7ın direktoru S.N.Vəliyev tərəfindən Qax X8 komputer operatotu vəzifəsində işləmiş M.H.Rəhimovanın əmək müqaviləsinə, əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Buna görə də S.N.Vəliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, Qax X7 direktoru S.N.Vəliyevin müqaviləsinə xx.xx.2022-ci il tarixdən müqavilə müddətinin qurtarması ilə əlaqədar xitam verilmiş, Qax X7 direktoru S.N.Vəliyev ilə təhvil-təslim işlərinin son haqq-hesabın aparılmasını təmin etmişdir. İş materiallarına əlavə edilmiş Qax X7 direktoru S.N.Vəliyevin xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, M.T.Rəhimovaya həmin tarixdə işçiyə əmək intizamını pozduğu üçün xəbərdarlıq elan edilmişdir. İş materiallarına əlavə edilmiş Qax X7 direktoru S.N.Vəliyevin xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, M.T.Rəhimovaya həmin tarixdə işçiyə əmək intizamını pozduğu üçün töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş Qax X7 direktoru S.N.Vəliyevin xx.xx.2022-ci il tarixli, 47 nömrəli əmrinin surətindən görünür ki, M.T.Rəhimova Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə teatrın komputer operatoru vəzifəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş “ABB” bank çıxarışından görünür ki, M.T.Rəhimovaya son haqq-hesab olaraq 72.75 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Qax X7 işçisi Elmar Əminovun həmin teatrın direktoru S.N.Vəliyevə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, idarənin işçisi M.T.Rəhimova tərəfindən müəyyən vaxtlarda təhqiredici sözlər eşidir, gah yerli-yersiz sözlər atır, gah da qarğış edir. O bir vətəndaş olaraq bu yersiz söz-söhbətlərə dözə bilmir, xahiş edir ki, həmin xanım haqqında tədbir görülsün. İş materiallarına əlavə edilmiş Qax X7 işçisi Habil İsmayılovun həmin teatrın direktoru S.N.Vəliyevə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, teatrda işləyən M.T.Rəhimova tabelə qol çəkdiyi zaman onu dəfələrlə öz atmacalarıyla təhqir etmiş və onu alçatmışdır. Teatrın həyətində kollektivin qarşısında təhqir etmişdir. O, qadın olduğu üçün ona hörmət bəsləmiş və heç bir reaksiya verməmişdir. Xahiş edir ki, M.Rəhimova haqqında tədbir görülsün. İş materiallarına əlavə edilmiş Qax X7 işçisi R.Məmmədovun həmin teatrın direktoru S.N.Vəliyevə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, teatrın işçisi M.T.Rəhimova tərəfindən müəyyən vaxtlarda təhqiredici sözlər eşidir, gah yerli-yersiz sözlər atır, gah da qarğış edir. O bir vətəndaş olaraq bu yersiz söz-söhbətlərə dözə bilmir, xahiş edir ki, həmin xanım haqqında tədbir görülsün. İş materiallarına əlavə edilmiş Qax X7 işçisi P.Zərifovanın həmin teatrın direktoru S.N.Vəliyevə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, teatrın işçisi M.T.Rəhimova tərəfindən müəyyən vaxtlarda təhqiredici sözlər eşidir, gah yerli-yersiz sözlər atır, gah da qarğış edir. O bir vətəndaş olaraq bu yersiz söz-söhbətlərə dözə bilmir, xahiş edir ki, həmin xanım haqqında tədbir görülsün. İş materiallarına əlavə edilmiş və Qax X7 işçiləri R.A.Məmmədov, H.A.İsmayılov, İ.Ə.Məsimli, Z.Ə.Əminova və İ.Ş.Hüseynova tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, teatrda komputer operatoru vəzifəsidə işləyən M.T.Rəhimova dəfələrlə iş yerində əməkdaşların hüquqlarını pozur, işçilərə qarşı təhqir və nalayiq hərəkətlər edir, onları ələ salır, direktora saymazyanalıq göstərir, müəssisəyə məxsus əşya və avadanlıqları, o cümlədən kompüter və kreslonu sanki şəxsi mülkiyyətiymiş kimi istifadə etməyə imkan vermir və heç kimə məhəl qoymur. İş materiallarına əlavə edilmiş Qax X7 həmkarlar təşkilatının sədri Ə.Əhmədli tərəfindən verilmiş rəyin surətindən görünür ki, akt və ərizələr əsasən M.T.Rəhimova iş yerində intizam qaydalarına və davamiyyətə riayət etmir, əməkdaşlar o cümlədən teatrın direktoru ilə hörmətsiz davranır, təhqiramiz ifadələr işlədir, özünü nalayiq aparır, bütün gün ərzində müxtəlif bahənələrlə işin ahəngini pozur, müəssisəyə məxsus əşya və avadanlıqları o cümlədən kompüter və kreslonu sanki şəxsi mülkiyyətiymiş kimi istifadə etməyə imkan vermir və heç kimə məhəl qoymur, bir sözlə teatrın ab-havasına mənfi təsir göstərir. Deyilənlər barədə xx.xx.2022-ci il tarixdə akt tərtib olunub. Teatrın əməkdaşları R.Məmmədov, E.Əminov, P.Zərifova və H.İsmayılov adı çəkilən şəxslə əlaqədar direktora şikayət ərizələri ünvanlayıb. Sadalananları nəzərə alaraq həmkarlar təşkilatının sədri kimi belə bir şəxsin teatrda işləməsini kollektivin maraqlarına zidd sayır və onun işdən çıxarılmasını təklif edir. İş materiallarına əlavə edilmiş Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixlu qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Qax rayon X7 sabiq direktoru S.Vəliyevin iddiaçı M.T.Rəhimvanın işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli, 47 nömrəli əmri ləğv edilmiş, iddiaçı M.T.Rəhimova Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Qax rayon X8 komputer proqramçısı vəzifəsinə bərpa edilmiş və M.Rəhimovaya məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdən əmək haqqı ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Qax X8 komputer operatotu vəzifəsində işləmiş M.H.Rəhimova teatrın digər işçilərinə qarşı təhqir edici ifadələr işlətmiş, onlara qarşı kobud rəftar etmiş, eləcə də teatrın direktoruna qarşı saymazyana hərəkətlər etmişdir. Buna görə də teatrın işçiləri ərizə ilə direktora müraciət edərək M.H.Rəhimova barəsində tədbir görülməsini xahiş etmiş, bundan sonra direktor S.Vəliyev tərəfindən M.H.Rəhimovaya ilk öncə xəbərdarlıq daha sonra isə töhmət verilmişdir. Bu tədbirlərə baxmayaraq M.H.Rəhimova hərəkətlərini davam etdirmiş və nəticədə sonuncu teatrın direktor S.Vəliyev tərəfinən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilmişdir. Bundan sonra M.H.Rəhimova əmək müfəttişliyinə müraciət edərək işdən əsassız yerə çıxarılmasını və çıxarılarkən ona son haqq hesabın düzgün hesablanıb ödənilməməsini bildirmişdir. Bununla əlaqədar müfəttişlik tərəfindən araşdırma aparılmış və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Qax rayon X7 direktoru S.Vəliyev barəsində xx.xx.2022-ci il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, əmək müfəttişliyinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar şikayətçi S.N.Vəliyevin artıq direktor olmaması, sonuncunun əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi nəzərə alınmadan və baş vermiş inzibati xəta hadisəsini aradan qaldıracaq subyekt düzgün müəyyən edilmədən qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, S.N.Vəliyevin xx.xx.2022-ci il tarixdə əmək fəaliyyətinə xitam verilməsi və törədilmiş inzibati xəta hadisəsini aradan qaldıracaq subyekt olmaması səbəbindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və S.N.Vəliyevin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3cü maddədə deyilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inzibati tənbeh verən orqan şəxsin təqsirini sübut etməlidir. Təqsir inzibati xəta tərkibinin əsas komponentidir. Təqsir olmadan inzibati xəta tərkibi yarana və beləliklə həmin əmələ görə məsuliyyət nəzərdə tutula bilməz. Təqsir isə baş verən hadisə ilə törədilən əməl arasında səbəb-nəticə əlaqəsinin mövcud olmasıdır. Əgər hadisənin baş verməsinə səbəb həmin əməl deyilsə və ya həmin əməlin nəticəsində müvafiq hadisə baş verməyibsə bu əməl ilə hadisə arasında səbəb-nəticə əlqəsinin olmaması deməkdir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati cərimə tətbiq edilmiş S.N.Vəliyevin əməlində inzibati xəta tərkibi yoxdur və inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Hazırkı iş üzrə barəsində şərti inzibati cərimə tətbiq edilmiş S.N.Vəliyevə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən - bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi S.N.Vəliyevin əməlində inzibati xəta tərkibi olmadığından şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar