Məhkəmə qərarları › İş №3(006)-306/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-306/2022

03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-306/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin böyük prokuroru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X1 və «AZƏRMEDİA” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X5 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində toplanmış material müvafiq qərar qəbul edilməsi üçün 21.01.2022-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəməyə təqdim edilmiş materiallardan müəyyən olunur ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) onun adından qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi MMC-nin təsisçisi X3 MMC-nin nəzdində olan “yeniavaz.com” saytının rəhbəri olaraq həssaslığı ilə seçilən, cəmiyyət üçün əhəmiyyət kəsb edən və kütləvi oxuyucu cəlb edən internet informasiya resursu olan “Yeni Avaz” Facebook internet informasiya resursunda 16.01.2022-ci il tarixdə paylaşılan “Prokurorluq: Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb” adlı mövzu ilə əlaqədar bir sıra istifadəçinin, o cümlədən “Eliyev Namiq” adlı istifadəçinin 18.01.2022-ci il tarixdə məntiqli əsaslar gətirməklə sivil şəkildə məsələnin müzakirəsi əvəzinə nalayiq ifadələrdən istifadə etməklə daxil etdiyi, “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikası qanunun 7.5.2-7.5.4-cü bəndlərinin tələblərində əksini tapmış, ictimai-siyasi sabitliyin pozulması, dövlət qulluğunda çalışan insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı daxili və xarici təzyiqlərin göstərilməsi, dövlət orqanlarının təşkilat strukturunun dağıdılması, onların fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsinə yönələn təhdidlərin formalaşmasına yönəlmiş informasiyanı yerləşdirdiyi halda, həmçinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 13-2.4-cü bəndində nəzərdə tutulan internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında və ya onun müvafiq hissəsində yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasını təmin etməli olduğu halda, internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı qeyd olunan tədbiri görməyərək Azərbaycan Respublikası İXM-nin 388-1.1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X4 rəyində bildirdi ki, hüquqi şəxs Şəxs MMC vəzifəli şəxsi MMC-nin təsisçisi X3 MMC-nin nəzdində olan “yeniavaz.com” saytının rəhbəri olaraq cəmiyyət üçün əhəmiyyət kəsb edən və kütləvi oxuyucu cəlb edən internet informasiya resursu olan “Yeni Avaz” Facebook internet informasiya resursunda 16.01.2022-ci il tarixdə “Prokurorluq: Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb" adlı başlıqlı paylaşım etmişdir. Bundan sonra “Eliyev Namiq” adlı istifadəçi 18.01.2022-ci il tarixdə nalayiq ifadələrdən istifadə etməklə həmin başlıqda olan mövzuya internet resursunda şərh daxil etmişdir. Bununla da, Şəxs MMC tərəfindən “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikası qanunun 7.5.2-7.5.4-cü bəndlərinin tələblərində əksini tapmış, ictimai-siyasi sabitliyin pozulması, dövlət qulluğunda çalışan insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı daxili və xarici təzyiqlərin göstərilməsi, dövlət orqanlarının təşkilat strukturunun dağıdılması, onların fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsinə yönələn təhdidlərin formalaşmasına yönəlmiş informasiyanı yerləşdirdiyi halda, həmçinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 13-2.4-cü bəndində nəzərdə tutulan internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında və ya onun müvafiq hissəsində yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasını təmin etməli olduğu halda, internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı qeyd olunan tədbir görülməmişdir. Bununla əlaqədar Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən 21 yanvar 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraat başlanması” haqqında qərar qəbul edilməklə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru X3 törətdilmiş inzibati xətada özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2016-cı ildə Şəxs MMC şirkətini təsis etmiş və həmin vaxtdan media fəaliyyəti ilə məşğul olur. “Yeni avaz” saytı “Azərmedia" MMC-nin məhsuludur, sayt ona məxşusdur. Həmçinin “Facebook” sosial şəbəkəsində olan “Yeni avaz” adlı profil ona məxsusdur. Şirkətə aid olan “Yeni avaz” saytı, facebook profili həmin yerdən idarə olunur. Bütün paylaşımlar həmin yerdən paylaşılır. Tofiq Yaqublu keçirilmiş mitinqlərin birində polis əməkdaşları tərəfindən bölməyə aparılmışdır. Axşam saatlarında o, bölmədən buraxılmış və öz şəxsi sosial şəbəkəsində video paylaşmışdır. Həmin videoda o, polis əməkdaşları tərəfindən döyüldüyünü və bu barədə Səbail rayon prokurorluğuna müraciət etdiyini bildirmişdir. Bundan bir müddət sonra Baş Prokurorluq rəsmi məlumat verərək, Tofiq Yaqublu barəsində aparılan araşdırmanın başa çatdığını və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini və Tofiq Yaqublunun həmin xəsarətləri özü-özünə yetirməsi bildirilmişdir. O da bir xəbər saytı kimi həmin informasiyanı 16.01.2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində “Yeni Avaz” profilində “Prokurorluq: Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb” başlığı ilə paylaşmışdır. Həm xəbər saytı kimi, həm də qərarın düzgün olmadığı üçün həmin paylaşımı etmişdir. Həmin xəbərin altında yazılan şərhləri oxuya bilməmiş və həmin şərhlərin içərisində tənqidi və ya təhqiramiz fikirlərin olması barədə məlumatı olmamışdır. Onun ümumiyyətlə həmin paylaşımı edərkən yazılacaq şərhlər barədə əvvəlcədən məlumatı olmamış və həmin şərhlərə nəzarət etmək imkanı yoxdur. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs vəkili X7 da X1 izahatına oxşar məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsirli olması iş materiallarında olan saytdan çıxarış, “Yeni avaz” profilində olan paylaşıma yazılmış şərh, prokurorun rəyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, “Prokurorluq: Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb" başılıqlı məqalə “Yeniavaz.com” xəbər saytına yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, “Namiq Eliyev” profilindən “Yeniavaz.com” xəbər saytına aid paylaşıma nalayiq ifadələr əks olunmuş şərh yazılmışdır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin direktorunu, hüquqi şəxsin müdafiəçisini və cinayət təqibindən kənar icraatlar idarəsinin prokurorunu dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 388-1.1.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş üzrə müəyyən olunmuşdur ki, informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyən və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri Şəxs MMC tərəfindən pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7.5.2-7.5.4-cü bəndlərinə əsasən ictimai-siyasi sabitliyin pozulması, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı daxili və xarici təzyiqlər, dövlət orqanlarının təşkilat strukturunun dağıdılması, onların fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsi siyasi sahədə Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillər olaraq Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlərdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.4-cü bəndinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında və ya onun müvafiq hissəsində yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasını təmin edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. «AZƏRMEDİA” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə «AZƏRMEDİA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. «AZƏRMEDİA” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və vəkilinin inzibati xətanın törədilməməsinə dair qeyd etdikləri ilə əlaqədar məhkəmə bildirir ki, onların bu mülahizələri müdafiə xarakteri daşıyır və iş materiallarında olan sübutlarla təsdiq edilmir və hüquqi şəxsin məsuliyyətdən yaxa qurtarması məqsədi güdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə «AZƏRMEDİA” Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq, hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: «AZƏRMEDİA” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar