Məhkəmə qərarları › İş №3(006)-3068/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3068/2020

28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3068/2020 28.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir. O, bu qərarı əsassız hesab edir. Belə ki, qərara əsasən guya Nəsimi rayonu, 20 Yanvar küçəsi, 02 saylı ünvanda yerləşən “Köz Tantuni dönər” ictimai iaşə obyektində karantin qaydalarının pozulması faktı əsasında xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin sözgüdən pozuntunu təsdiq edə biləcək hər hansı dəlil mövcud deyildir. Protokolu tərtib edən qurum tərəfindən kifayət qədər araşdırma aparılmadan tənbeh tətbiq olunmuşdur. Həmin obyektdə karantin qaydalarına riayət olunmasına ciddi nəzarət olunur və müştərilər tibbi maska olmadan içəri buraxılmır. Müştərilərdən hər-hansı biri səhlənkarlıq edib maskanı aşağı endirdikdə ona dərhal xəbərdarlıq olunur və onlar yalnız yemək yeyərkən maskanı çıxara bilərlər. Bundan əlavə inzibati xəta haqqında iş üzrə icraat onun iştirakı olmadan aparılmış və protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək əlavə olaraq göstərdi ki, o, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 02 saylı ünvanda yerləşən “Köz Tantuni dönər” adlı obyektin sahibi və vəzifəli şəxsi deyil. Obyekti işlədən Mikayılov Dövlət Məmməd oğludur, onu da işə bu şəxs götürüb. Belə olan halda hesab edir ki, onun barəsində bununla bağlı icraat aparılmalı deyildi. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını xahiş etdi. Təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 02 saylı ünvanda yerləşən, fiziki şəxs Mikayılov Dövlət Məmməd oğluna məxsus “Köz Tantuni“dönər evinin vəzifəli şəxsi X4 həmin tarixdə, saat 16:40 radələrində obyektdə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozmuşdur; - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir; - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən X3 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 19/1/QN-5261 saylı bildirişə əsasən barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə tərtib olunmuş protokol ilə bağlı işə baxılması həmin qurumun inzibati binasında xx.xx.2020-ci il tarixə, saat 17:30-a təyin edilmişdir; - əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə dair sistemdən çıxarış və xx.xx.2017-ci il tarixli əmrin surətindən görünür ki, X4 həmin tarixdən müddətsiz əmək müqaviləsi üzrə işəgötürən qismində Mikayılov Dövlət Məmməd oğlu olmaqla “Köz Tantuni dönər” adlı restoranda menecer vəzifəsində işləyir; - “Vergi ödəyicisinin filialının nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinni) olduğu yer üzrə uçota alınması haqqında” fərdi sahibkar Mikayılov Dövlət Məmməd oğluna (VÖEN:**********) Vergilər Nazirliyi tərəfindən verilmiş arayışdan aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 02 saylı ünvanda yerləşən “Köz Tantuni dönər” adlı obyekt xx.xx.2012-ci il tarixdən ona məxsus olmaqla qeydiyyata alınmışdır. Göründüyü kimi, X4 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 02 saylı ünvanda yerləşən “Köz Tantuni dönər” adlı obyektdə xüsusi karantin rejimi qaydalarının pozulması faktı əsasında İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş sənədlərə görə həmin obyektin sahibi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mikayılov Dövlət Məmməd oğludur. Şikayətlə bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə,“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə“təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə müəyyən olunur ki, şikayətçi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 02 saylı ünvanda yerləşən, fiziki şəxs Mikayılov Dövlət Məmməd oğluna məxsus “Köz Tantuni“ dönər evində menecer vəzifəsində işləyir. Lakin bu vəzifənin təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarının yerinə yetirilib-yetirilməməsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən araşdırılmamış, xəta ilə bağlı məsuliyyətə cəlb edilməli olan subyekt dəqiq müəyyən olunmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar