Məhkəmə qərarları › İş №3(006)-3069/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3069/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3069/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs 43440,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bank hesabından 18.07.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 43440,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxsn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 18.07.2019-cu il tarixli köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs "xxxx" ASC-də olan hesabından “ETKEN TEKSTİL GİDA İNSAAT VE TASİMACİLİK DİS TİCARET LİMİTED” şirkətinin müvafiq hesabına 43440,00 ABŞ dolları ödəniş edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X3 28.11.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində ödəniş günündən 02 (iki) il müddətində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 15.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, pul köçürmə ərizəsi ilə, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan 09 sentyabr 2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 43440,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti avans yolu ilə 18.07.2019-cu il tarixdə "xxxx" ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsaitin müqabilində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim olunmamış və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan 09 sentyabr 2021-ci tarixli məktubla aidiyyatı üzrə məlumat verilmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Şəxs müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməməsi barədə məlumatlı olmuş və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 05 oktyabr 2021-ci il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərəfindən inzibati xəta hadisəsi isə 19 iyul 2021-ci il tarixdə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar