Məhkəmə qərarları › İş №3(006)-307/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-307/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-307/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 2-ci ərazi X4 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, 14.07.1997-ci ildə Gürcüstan, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 7A439ZH), Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 19, mənzil 97-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 2-ci ərazi X4 İdarəsi tərəfindən tərtib olunmuş 18.01.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 18.01.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən kişi geyimləri mağazasında KY ********* nömrəli çıxarışa əsasən yanğın-texniki müayinə keçirilməsinə şərait yaradılmamış, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 2-ci ərazi X4 İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, yoxlama zamanı Şəxs həyat yoldaşı və qayını orada olmuş, sonuncular obyekt sahibi Şəxs ilə əlaqə saxlayıb bu barədə məlumat vermişlər. Göstərilənlərə əsasən Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin yanğın-texniki müayinənin aparılması haqqında 11 yanvar 2022-ci il tarixli, 0080 saylı qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2-də yerləşən, fərdi sahibkar Şəxs (VÖEN:**********) məxsus obyektdə 12.01.2022-ci il tarixdən 18.01.2022-ci il tarixədək yanğın-texniki müayinənin aparılması ilə bağlı planlı yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 11.01.2022-ci il tarixli, KY221699343 saylı çıxarışın surətindən görünür ki, Şəxs barəsində yoxlama 12.01.2022-ci il tarixdə başlamış, 18.01.2022-ci il tarixdə bitmişdir. İş materiallarında olan 18.01.2022-ci il tarixli yanğın-texniki müayinə aktından görünür ki, 17.01.2022-21.01.2022-ci il tarixlərində fərdi sahibkar Şəxs (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında fəaliyyət göstərən obyektdə planlı yanğın-texniki müayinə keçirən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir; 20.3-cü maddəsinə əsasən yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır; 20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır; 20.7-ci maddəsinə əsasən yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir. Yoxlayıcı tərəfindən bu Qanunun 20.1-ci, 20.5-ci və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu Qanunun 20.2-ci, 20.11-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu Qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır; 20.8-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən fiziki şəxslər də vəzifəli şəxslər hesab edilirlər. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar