Məhkəmə qərarları › İş №3(006)-309/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-309/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-309/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, X1nun, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X7 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3460/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 15 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3460/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 19296.66 manat pul tutularaq X1na ödənilməlidir. Lakin, bu barədə icra məmurunun tələbi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək göstərdi ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3460/2021-011 saylı icra sənədinə əsasən borclu Şəxs 19.296.66 manat alınaraq X1na ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, borclu tərəfindən cəmi iki dəfə 70 manat olmaqla ümumilikdə 140 manat ödəniş olmuş. Bir dəfə də borclu tərəfindən 300 manat ödəniş olunmuş. lakin həmin ödəniş yanlış qeydiyyatla ödənildiyindən tələbkara təqdim etmək olmamışdır. Hal-hazırda həmin pul başqa balansda olduğuna görə onu tələbkara təqdim edə bilməmişlər. Tərəfimzdən borclunun əmlakı barədə sorğular verilmiş, adına yalnız bir «Vaz 2106» markalı avtomobil çıxmış. Həmin avtomobil hal hazırda axtarışda olduğundan borcu həmin əmlaka yönəldə bilmirlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun icra sənədindən məlumatı vardır. Həmin icra sənədinə əsasən o, 140 manat ödəniş etmişdir. 300 manat da bir ödəniş etmiş, lakin yanlışlıq etdiyindən həmin pul başqa hesaba ödənilmişdir. Bununla bağlı Maliyyə Nazirliyinə müraciət etmiş, həmin pulu hesabdan çıxarıb tələbkarın hesabına ödəyəcəkdir. Bundan başqa o, bu gün də 300 manat gətirmişdir ki, həmin pulu tələbkara təqdim etsin. O, icra məmurunun çağırışlarından yayınmamışdır. Hər dəfə çağıranda gəlmişdir. Sadəcə həmin pulu bir dəfəyə ödəniş edə bilmir. Hal hazırda işləmir. Əlinə düşən qədər ödəniş edə bilir. O, bunu tələbkara da dəfələrlə demişdir. Tələbkar isə həmin ödənişlərlə razılaşmamışdır. Onun borcun ödənilməsindən. icra məmurunun tələblərindən heç vaxt yayınmamasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun çağırışlarına vaxtında gəlmiş, borcun ödənilməsindən yayınmamışdır. İki dəfə ödənişi olmuşdur. Hazırda tələbkar da hissə-hissə ödənişə razıdır. Qeyd edilənlərə əsasən Şəxs hərəkətlərində qərəzlilik olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X1 izahatında göstərdi ki, həmin qətnamə 2021-ci ildə çıxarılıb. Uzun müddətdir icra edilmir. Əvvəllər borcun hissə-hissə ödənilməsinə razı olmasa da indi buna etiraz etmir, bu şərtlə ki, ödənişlər müntəzəm olaraq edilsin. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3460/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilməsi, cavabdeh Şəxs xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.000 (on yeddı min) manat əsas, icranm gecikdirilməsi ilə bağlı 2266,66 (iki min iki yüz altmış altı manat altmış altı qəpik) manat faiz borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 19296.66 (on doqquz min iki yüz doxsan altı manat altmış altı qəpik) manat alınaraq iddiaçı Cəbiyev Vüqar Yaduİİa oğluna verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3460/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli, e95144/2022-5-22-006 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3460/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası tələb edilmiş və həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-405/2022 nömrəli qərardadından görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatının təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3460/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1960-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-385/2022 nömrəli qərardadından görünür ki, təqdimatın təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3460/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan “Qaz 31105 120” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. X1 tərəfindən verilmiş və iş materiallarına əlavə edilərək məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3460/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədiborclu tərəfindən 300 manat ödəniş qəbul edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilir: “İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.”. Məhkəmə iclası zamanı isə müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Məhkəmə, həmçinin nəzərə alır ki, borclu tərəfindən icra sənədi qismən icra olunmuşdur. Bu isə onu göstərir ki, borclu Şəxs borcun icrasından qərəzli yayınmamışdır. Beləliklə, məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3460/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar