Məhkəmə qərarları › İş №3(006)-3090/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3090/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3090/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 40, mənzil 109; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş 05.02.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli, 05.02.2021-ci il tarixli inzibati xəta haqqında protokola görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində olan «Ford Transit» yük markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 04.05.2020-ci il tarixdə saat 14:43-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahatında göstərdi ki, onlar 2021-ci ilin dekabr ayında Nəsimi DYPŞ-nə balanslarında olan avtonəqliyyat vasitələrini 31.12.2021-ci il tarixinə qədər idarə etməsi həvalə olunmuş sürücülərlə bağlı məlumatı rəsmi məktub və rəsmi poçt vasitəsilə göndərmişlər. Həmçinin "xxxx" MMC-nin mülkiyyətində olan «Ford Transit» yük markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 31.12.2021-ci il tarixədək idarə edəcək sürücü barədə məlumat 04.12.2020-ci il tarixli məktubla Nəsimi RPİ-nin DYPİ-yə göndərilmiş və 09.02.2021-ci il tarixdə onların əməkdaşları tərəfindən qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 245690 saylı məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Ford Transit» yük markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 04.05.2020-ci il tarixdə saat 14:43-də İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu 22.05.2020-ci il tarixdə həmin cəmiyyətə çatdırılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi rəisinə ünvanlanmış 04.12.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC mülkiyyətində olan «Ford Transit» yük markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 31.12.2021-ci il tarixədək X3 idarə edəcəyi qeyd olunmuş və bu məktub polis şöbəsinə 09.02.2021-ci il tarixdə çatdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Ford Transit» yük markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 04.05.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu xətanın kim tərəfindən törədilməsi barədə Bakı şəhər Nəsimi RPİ-nin DYPŞ-nin müvafiq sorğusu 22.05.2020-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılsa da, qanunvericiliklə müəyyən edilmiş 05 gün ərzində bu sorğu icra edilməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı sübuta yetirilsə də, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi hüquqi şəxs "xxxx" MMC 22.05.2020-ci il il tarixdə daxil olmuş sorğuya 5 gün müddətində cavab verməməklə inzibati xəta törətmiş, həmin inzibati xətanın müddətə görə axımı 27.05.2020-ci il tarixdən başlanmışdır. Belə olan halda aydın olur ki, inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçmişdir. İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar