Məhkəmə qərarları › İş №3(006)-3095/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3095/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3095/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, «xxxx» MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi X5 tərəfindən X1 «xxxx» MMC tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işləri yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, «xxxx» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi E.D.Aslanov inzibati xəta haqqında protokolu müdafiə edərək «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Bundan başqa E.D.Aslanov məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparıldığından yoxlamalar inzibati xətanın törədildiyi yerdə deyil yalnız tərəflər idarəyə dəvət olunmaqla onların izahatı əsasında aparılır. Bundan başqa tərəflərindən araşdırılmanın aparılması ilə bağlı «xxxx» MMC-yə bildirişlər və daha sonra onların iştirakı olmadan tərtib edilmiş protokolun surəti göndərilmişdir. Həmin sənədlər məhkəməyə təqdim olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «xxxx» MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, «xxxx» MMC-nin hüquqi ünvanı ünvan 1-dir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 3(006)-3095/2020 saylı bildirişdən görünür ki, «xxxx» MMC-nin hüquqi ünvanı ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx xxxxxxx 2020-ci il tarixli reyestr, sıra nömrəsi 26). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 3(006)-3095/2020 saylı bildirişdən görünür ki, «xxxx» MMC-nin hüquqi ünvanı ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx xxxxxx 2020-ci il tarixli reyestr, sıra nömrəsi 02). Yuxarıdakı göstərilən səbəblərdən məhkəmə tərəfindən «xxxx» MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında MMC-nin yeganə ünvanı kimi qeyd edilən ünvana bildirişlər göndərilmiş, həmçinin MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təxirə salınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi X5 tərəfindən X1 «xxxx» MMC tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işləri yerinə yetirilməsinə cəlb edilmiş və MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə proses iştirakşısı dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «xxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «xxxx» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «xxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, monitorinqin aparılması zamanı «xxxx» MMC ilə işçilərdən M.M.Abdullayev arasında heç bir əmək müqaviləsi və ya xidməti müqavilənin bağlanmadığı aşkar edilmişdir. Yəni, «xxxx» MMC bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, həmin işçi ilə heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan onu işə cəlb etmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən «xxxx» MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «xxxx» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «xxxx» MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar