Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3099/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib edən şəxs Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ-nin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, Veravul kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, 11-ci korpusda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ tərəfindən tərtib olunmuş 16 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 may 2023-cü il tarixdə Bakı dəmir yolu sərnişin vağzalında Zərərçəkmiş şəxs məxsus 250 manat dəyərində «Redmi 9C» markalı mobil telefonu etibarından suiistifadə edərək təmir etmək bəhanəsi ilə götürüb ələ keçirməklə ərazidən uzaqlaşmışdır. Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ-nin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X2 izahatında göstərmişdir ki, 15 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ-nə müraciət edərək, 02 may 2023-cü il tarixdə Bakı dəmir yolu sərnişin vağzalında “Murad” adı ilə tanıdığı, sonradan şəxsiyyəti ona məlum olan Şəxs tərəfindən özünə məxsus olan «Redmi 9C» markalı mobil telefonun etibarından sui-istifadə edilərək təmir etmək bəhanəsi ilə götürüldüyünü, lakin sonradan həmin telefonun ona qaytarılmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində dələduzluğun Şəxs tərəfindən törədildiyi məlum olmuş və o, saxlanılaraq idarəyə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 02 may 2023-cü il tarixində ona “Tik-Tok” sosial şəbəkə proqramında müştərisi, sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs yazaraq «Redmi 9C» markalı mobil telefonun suya düşərək işləmədiyini və həmin telefonun təmir edilməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs ilə Bakı dəmir yolu sərnişin vağzalında görüşərək həmin telefonu götürmüş, lakin anası xəstə olduğundan həmin telefonu təmir etdirə bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs onunla əlaqə yaratsa da, anasının səhhətindəki problemlərə görə onun telefonlarına cavab verə bilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə gətirildikdən sonra əməlini etiraf etmişdir. Hal-hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, 2023-cü ilin mart ayında “Murad” adlı şəxsin instaqram sosial şəbəkə proqramında reklam etdiyi «Redmi 9C» markalı mobil telefonu 400 manat satın almış, lakin sonradan həmin telefon suya düşərək işlənməz vəziyyətə düşmüşdür. O, yenidən “Murad” adlı şəxslə əlaəq saxlayaraq həmin telefonu təmir etmək istədiyini bildirmiş, həmin şəxs telefonu təmir edəcəyini qeyd etmişdir. 02 may 2023-cü il tarixdə o, Bakı dəmir yolu sərnişin vağzalında “Murad” adı ilə tanıdığı Şəxs ilə görüşmüş və həmin telefonu təmir etmək məqsədilə ona vermişdir. Lakin sonradan Şəxs ilə əlaqə saxlasa da, həmin şəxs telefonu ona verməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bundan sonra telefonunun dələduzluq yolu ilə ələ keçirildiyini anlamış və Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ-nə müraciət etmişdir. Halhazırda ona dəymiş zərərin Şəxs tərəfindən ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı Anar Rüstəmov tərəfindən qəbul edilmiş 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında HK-1/106 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ-nin İctimai təhlükəsizlik şöbəsinin inspektoru X2 tərəfindən tərtib edilmiş 16 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin vurulmuş ziyanla bağlı şikayət və tələbi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 49-51, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3099/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3099/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver