Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3101/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə, Tələbkarın nümayəndəsi X3 iştirakı ilə 11.03.1983-cü il tarixdə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş 05.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 05.10.2021-ci il tarixli, MN ******* saylı nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1150/2021 nömrəli, 28.01.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İştirak etdiyi məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 izahat verərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1150/2021 nömrəli, 28.01.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin 04 sentyabr 2019-cu il tarixli 193 saylı əmri ləğv olunmaqla, X16 "xxxx" MMC-nin Daxili nəzarət departamentinin rəhbəri vəzifəsinə bərpa edilməli, 04 sentyabr 2019-cu il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı X10 ödənilməlidir. İcra sənədi 05.08.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İş üzrə borclu 24.08.2021-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədində göstərilən tələbin "xxxx" MMC tərəfindən tam icra olunduğunu qeyd etmişdir. İcra işi üzrə X2 Nəsimi rayon İcra şöbəsinə 27.09.2021-ci il tarixdə ərizə ilə müraciət edərək icra sənədi üzrə tələbin borclu "xxxx" MMC tərəfindən tam icra olunmadığını bildirmişdir. 05.10.2021-ci il tarixdə MMC-nin fəaliyyət göstərdiyi 8 Noyabr prospekti, 25 E ünvanında yerləşən “Bakı Ağ Şəhər Ofis Mərkəzi” 10-cu mərtəbə ofisinə getmişlər. Ofis binasında onları "xxxx" MMC-nin İnsan resursları şöbəsinin müdiri X11 qarşılamışdır. İcra sənədi barədə məlumatlı olduğunu, icra sənədində göstərilən tələbin MMC tərəfindən tam icra olunduğunu bildirmişdir. X2 əmək müqaviləsinə əsasən vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyini və sistem təminatında məhdudiyyətlər olduğunu bildirmişdir. Tərəflərindən aparılmış profilaktik söhbətlər əsasında tələbkarın dedikləri öz təsdiqini tapmışdır. "xxxx" MMC-nin İnsan resursları şöbəsinin müdiri X11 qeyd olunan tələblərin MMC-nin direktoru Şəxs səlahiyyətləri daxilində olduğunu bildirmişdir. Bu barədə tərəflərindən müvafiq akt tərtib olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.2-ci maddəsində göstərilir ki, qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. O, özü şirkətdə olarkən də görmüşdür ki, işçi heç bir işi icra edə bilmir. Buna görə də tərəflərindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, icra məmurunun tərtib etdiyi protokol əsassızdır. Belə ki, icra sənədində göstərilmişdir ki, X16 "xxxx" MMC-nin “Daxili nəzarət departamentinin rəhbəri” vəzifəsinə bərpa olunmalı və 04 sentyabr 2019-cu il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı X10 ödənilməlidir. 16.08.2021-ci il tarixdə məhkəmə qətnaməsinin könüllü icrası ilə bağlı icra məmurunun bildirişi onlara daxil olmuş, 23.08.2021-ci il tarixdə Ə.Həşimov işə bərpa olunmuş və 150.459,01 manat məbləğində əmək haqqı tələbkara ödənilmişdir. Burada heç bir pozuntudan söhbət gedə bilməz. Tələbkarın nümayəndəsi bildirir ki, məsafədən işləmək barədə qərar yalnız Ə.Həşimov barəsində qəbul edilmişdir. Lakin Ə.Həşimovla yanaşı bir neçə işçinin də məsafədən işləməsinə göstəriş verilmişdir. Tələbkarın nümayəndəsi həmçinin qeyd edir ki, onlar Ə.Həşimovun “SAP” proqramından istifadə etməsinə şərait yaratmırlar. Daxili nəzarət departamentinin rəhbərinin həmin proqramla işləməsinə heç bir zərurət yoxdur. Ştatın ixtisarı ilə bağlı qərar isə hələ iyun ayında qəbul olunmuşdur. Sadəcə olaraq Ə.Həşimov həmin vəzifəyə işə bərpa olunub deyə ixtisar edə bilməmişlər. Tələbkar işə bərpa olunmuş, ona otaq, kompyuter, telefon verilmiş, əmək haqqı ödənilmişdir. Buna baxmayaraq tələbkar yenə də şirkətdən şikayət edir. Bütün bunlar onun işləmək istəyinin olmamasını göstərir. "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, X16 23.08.2021-ci il tarixdə Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə bərpa edilmişdir. Lakin Ə.Həşimov ilə imzalanmış 12.03.2015-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndində qeyd edilmiş əmək funksiyalarına daxil edilmiş işlərin həyata keçirilməsi "xxxx" MMC tərəfindən təmin edilməmişdir. Belə ki, Ə.Həşimov işə bərpa olunduqdan cəmi bir gün sonra, 24 avqust 2021-ci il tarixində K 08 saylı əmrlə Daxili nəzarət şöbəsinin müdirinin əmək funksiyalarının məsafədən icra edilməsi ilə bağlı göstəriş verilmişdir. Məsafədən işləmək qərarı Covid-19 virusu əleyhinə vaksinasiya olunması ilə bağlı pasportunun olmasına baxmayaraq yalnız Ə.Həşimov barəsində qəbul edilmişdir. Bundan başqa, elə həmin gündə başqa bir əmrlə Ə.Həşimova iş axtarması məqsədi ilə əmək funksiyalarından azad edildiyi bildirilmişdir. Eyni zamanda Ə.Həşimova əmək müqaviləsinə 06 oktyabr 2021-ci il tarixindən xitam veriləcəyinə dair bildiriş təqdim edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, Ə.Həşimovun işə bərpası görünüş xarakteri daşımış və formal olaraq bərpa edilmə belə tam həyata keçirilməmiş, çünki bir gün belə heç bir əmək funksiyasının icra edilməsi üçün şərait yaradılmamışdır. Şirkətdaxili müəyyən strukturların fəaliyyətinin həyata keçirilməsi məqsədilə MMC tərəfindən “SAP” proqram təminatı yaradılmış və işçilərin sözügedən proqrama girişi təmin edilmişdir. Daxili nəzarət şöbəsi də həmin strukturlardan biri olmuş və dolayısı ilə əmək müqaviləsinə xitam verilməzdən əvvəlki dövr ərzində Ə.Həşimovun həmin proqrama girişi mövcud olmuşdur. Hazırda Daxili nəzarət şöbəsinə dair məlumatların əldə edilməsi, plan və illik hesabatların tərtib edilməsi və tərtib edilmiş maliyyə hesabatlarına nəzarət üçün həmin proqrama girişin mövcud olması zəruridir. Lakin 23.08.2021-ci il tarixindən işə bərpa edilmiş Ə.Həşimovun həmin proqrama girişinə maneə yaradılması və girişi üçün lazımi tədbirlərin görülməməsi şirkət tərəfindən onun əmək funksiyalarının həyata keçirilməsinin məhdudlaşdırılmasına, eləcə də onun əvvəlki iş şəraitinin bərpa edilməməsinə dəlalət edir. Əlavə olaraq, Ə.Həşimovun ümumiyyətlə “Outlook” mesaj sisteminə belə girişi formal şəkildə təmin edilmiş və şirkət rəhbərliyinə e-mail göndərmə imkanı məhdudlaşdırılmışdır. Beləliklə də, icra sənədinin "xxxx" MMC tərəfindən icrası formal xarakterlidir. "xxxx" MMC daha əvvəl ixtisar adı ilə Daxili nəzarət şöbəsinin ləğv edilməsi və Ə.Həşimovun əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Lakin proseslərin gedişatında yenidən ixtisar qərarının qəbul edilməsi və sözügedən şöbənin ləğvi ilə əmək müqaviləsinə xitam verilməsi niyyəti "xxxx" MMC-nin rəhbərliyinin lap əvvəldən Ə.Həşimovu işə bərpa etməkdə maraqlı olmamasına dəlalət edir. Hazırda Ə.Həşimov xəstə olduğu üçün onun əmək müqaviləsinə xitam verə bilmirlər. İşə çıxan kimi onun əmək müqaviləsinə xitam verəcəklər. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1150/2021 nömrəli, 28.01.1021-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-nin 04 sentyabr 2019-cu il tarixli 193 saylı əmri ləğv olunmaqla, X9 "xxxx" MMC-nin “Daxili nəzarət departamentinin rəhbəri” vəzifəsinə bərpa edilməli və 04 sentyabr 2019-cu il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı X10 ödənilməlidir. - "xxxx" MMC tərəfindən Nəsimi rayon İcra Şöbəsinə ünvanlanan 23.08.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin 04.09.2019-cu il tarixli 193 saylı əmri ləğv edilmiş, X16 "xxxx" MMC-də "Daxili nəzarət şöbəsinin müdiri" vəzifəsinə işə bərpa edilmiş və 04 sentyabr 2019-cu il tarixindən 23.08.2021-ci il tarixinədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı 23.08.2021-ci il tarixində X9 əmək haqqı kartına köçürülmüşdür. - 05.10.2021-ci il tarixli aktdan görünür ki, X2 Nəsimi rayon İcra Şöbəsinə müraciət edərək əmək müqaviləsinə əsasən vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyini və sistem təminatında məhdudiyyətlər olduğunu bildirmiş, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 və X12 05.10.2021-ci il tarixdə MMC-nin fəaliyyət göstərdiyi “Bakı Ağ Şəhər Ofis Mərkəzi” 10-cu mərtəbə ofisinə getmişlər. Ofis binasında onları "xxxx" MMC-nin İnsan resursları şöbəsinin müdiri X11 qarşılamış, icra sənədində göstərilən tələbin MMC tərəfindən tam icra olunduğunu bildirmişdir. X2 əmək müqaviləsinə əsasən vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyini və sistem təminatında məhdudiyyətlər olduğunu bildirmişdir. Tərəflərindən aparılmış profilaktik söhbətlər əsasında tələbkarın dedikləri öz təsdiqini tapmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.2-ci maddəsinə əsasən işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Göründüyü kimi, işəgötürən tərəfindən qanunsuz əsaslarla əmək müqaviləsinə xitam verilmiş işçinin işə bərpa edilməsi yalnız onun əvvəlki vəzifələrini yerinə yetirməyə başlaması ilə mümkündür. Lakin işin hallarından müəyyən edilir ki, "xxxx" MMC-nin rəhbərliyi X9 əmək funksiyalarının icrasına qəsdən maneə yaratmış, onun işə bərpası görünüş xarakteri daşımış, işçiyə bir gün belə əmək funksiyalarının icra edilməsi üçün şərait yaradılmamışdır. Bununla da nəticə etibari ilə icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin rəhbəri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3101/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3101/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver