Məhkəmə qərarları › İş №3(006)-3104/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3104/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3104/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi X5 müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi X5 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X21 "xxxx" QSC-də əmək hüquqlarının pozulması barədə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X18 müraciət etmişdir. Onun müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən baxılmasının nəticəsi olaraq onun barəsində AR İXM-nin 192.6-cı maddəsinə əsasən 1800 (bir min səkkiz yüz) manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Onun barəsində tərtib edilən inzibati xəta haqqında qərarda qeyd edilən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsini inzibati xəta olaraq müəyyən edir. Nə müddətli əmək müqavilərinə xitam verilən zaman, nə də müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə xitam verilməsi zamanı tərəfimdən qanunvericiliyin heç bir müddəası pozulmamışdır. X21 ilə "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi arasında ilk dəfə xx.xx.2018-ci il tarixində müddətli əmək müqaviləsi bağlanılmışdır. Daha sonra tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2023-cü il tarixində müqavilənin müddəti dəyişdirilmiş və xx.xx.2023-cü il tarixində Əmək müqaviləsinin müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixində Müqaviləyə xitam verilmişdir. X2 xx.xx.2023-cü il tarixində ərizə ilə "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəhbərliyinə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin müddətinin müddətli müəyyən edilməsini xahiş etmişdir. Məlumat üçün diqqətinizə çatdırır ki, hələ barəsində həm inzibati xəta haqqında protokol, həm də inzibati tənbeh haqqında qərar qəbul edilməmişədək X21 xx.xx.2024-cü il tarixində Abşeron “DOST” Mərkəzinə ərizə ilə müraciət edərək, əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsində araşdırılması aparılan müraciətin baxılmadan saxlanılmasını xahiş etmiş və bu barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş müraciət vərəqəsini təqdim etmişdir. Bu barədə "xxxx" QSC-nin 13-1/2-5063/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ətraflı məlumat verilmişdir. X20 xx.xx.2024-cü il tarixli ərizə ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək, əmək hüquqlarının pozulması ilə bağlı "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinə və ümumilikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı heç bir şikayətinin, narazılığının, iş və pul tələbinin olmadığını bildirmişdir. Yolçu Şirinov xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsində barəmdə inzibati tənbeh haqqında qərarın müzakirəsi və qəbul olunduğu gün özü şəxsən həmin İdarəyə getmiş, inzibati xəta haqqında işə baxan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevə onun qəbul edilib dinlənilməsini xahiş etmiş, lakin Yolçu Şirinov qəbul edilməyərək, qanunsuz və əsassız Qərar qəbul edilmişdir. Bundan sonrakı mərhələdə "xxxx" QSC-nin Sərnişin daşımaları departamenti tərəfindən X15 daşımaları departamentinin Sərnişin daşımanın təşkili xidmətinin şəhərətrafı daşımaların Sumqayıtsərnişin stansiyasının Xırdalan dayanacağının kassir-nəzarətçisi işinə təkrar qəbul edilməsi təklif olunsa da, o, bu təklifdən könüllü olaraq imtina etmiş, əvəzinə qızı X4 işə qəbul edilməsini xahiş etmişdir. Onun bu xahişi Sərnişin daşımaları departamenti (işəgötürən) tərəfindən nəzərə alınaraq, qızı Şahnisə Şirinli xx.xx.2024-cü il tarixində sözügedən işə qəbul edilmişdir. Bu hal Yolçu Şirinovun imzası ilə xx.xx.2024-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Hazırda istər Yolçu Şirinovun, istərsə də qızı Şahnisə Şirinlinin "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı heç bir narazılıq və şikayətləri yoxdur. Bütün yuxarıda qeyd edilən sənədlər xx.xx.2024-cü il tarixində Yolçu Şirinovla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati binasında məsələnin araşdırılması zamanı İdarənin rəis müavini Sadiq Əliyevə təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək Məcəlləsinin 45.3-cü maddəsinə əsasən Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Göründüyü kimi Əmək qanunvericiliyi müddətsiz əmək müqaviləsinin müddətliyə keçirilməsinə imkan verir, qadağan etmir və bunu tənzimləyir. Həmin Məcəllənin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Müddətli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələblər isə AR Əmək Məcəlləsinin 73-cü maddəsi ilə müəyyən edilir. Həmin maddəyə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Bu zaman da AR Əmək Məcəlləsinin yuxarıda sadalanan tələblərindən heç biri pozulmamış, İXM 192.6-cı maddəsinin tərkibi törədilməmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi əmək müqavilələrinə edilən dəyişikliklər elektron sistemə daxil edilmiş və hüquqi qüvvədə olmuşdur, xitamlar isə sistemə işlənmişdir. İşçi özü əmək müqaviləsinə qol çəkərək, qarşılıqlı razılıqla, birtərəfli olmadan əmək müqaviləsi müddətsizdən müddətliyə keçirilmişdir. İşçinin razılığının sərbəst iradə ifadəsi olubolmamasına qərar vermək inzibati orqanın yox, məhkəmənin səlahiyyətidir. Müddətli müqavilə kimi müqaviləyə olunan dəyişikliklər yenə də işçinin yazılı razılığı ilə olmuşdur. İşçi müddətli əmək müqaviləsinin bağlanmasına hər hansı bir yolla məcbur edildiyi zaman etiraz edərək aidiyyəti orqana şikayət edə bilərdi, lakin müddətli müqavilə qüvvədə olduğu zaman işçi tərəfindən hər hansı bir şikayət daxil olmamış, burada işəgötürən kimi hər hansı bir əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilməmişdir. Əgər tərəfimdən işçinin razılığı alınmadan əmək müqaviləsi müddətsizdən müddətliyə keçirilsəydi və ya müddətli əmək müqaviləsinə xitam qaydası pozulsaydı əməlimdə inzibati xəta tərkibinin olması mübahisələndirilə bilərdi. Yolçu Şirinovla əmək müqavilələrinin müddətli bağlanılmasına səbəblərdən biri də ölkəmizdə “COVİD-19” pandemiyası ilə bağlı məsələlər olmuşdur. Belə ki, pandemiya tətbiq olunduqdan sonra 2020-ci ilin mart ayının 19-dan başlayaraq, bugünkü günə qədər Yolçu Şirinovun gediş biletləri tərtib etdiyi ölkədaxili və beynəlxalq yataq tipli sərnişin qatarlarının hərəkəti dayandırılmışdır. İş yükünün azalması səbəbindən onun yazılı razılığı ilə müddətli əmək müqavilələri bağlanılmışdır. Əlavə olaraq bildirir ki, protokol tərtib olunan, inzibati araşdırma aparılan zaman İXM-in də tələbləri pozulmuşdur. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. O, əmək müqaviləsinə əmək məcəlləsində nəzərdə tutulan qaydada xitam verdiyi üçün barəsində İXM-nin 192.6-cı maddəsi ilə protokol tərtib olunmalı deyildi. 101.1-ci maddəyə görə İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Yalnız inzibati xəta haqqında protokolun və qərarın tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, onun təqsirli hesab edilməyi üçün əsas ola bilməz. Bunu nəzərə almayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi işə cərimə yazmaq prinsipi ilə yanaşaraq, təqdim olunan heç bir sənədə əhəmiyyət verməmiş və qeyd edilən faktları nəzərə almamışdır. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Həmin Məcəlləyə əsasən, Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Qeyd etdiyi kimi barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən həmin inzibati xətanın törədilib-törədilməməsi, əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə mənim təqsirim olub-olmaması müəyyən edilməmiş və nəticədə X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərtərəfli araşdırılmadan, vəzifəli şəxs kimi mülahizələri və təqdim etdiyim əhəmiyyətli və əsaslı sənədlər nəzərə alınmadan birtərəfli qərar qəbul edilmişdir. Onun barəsində aparılan araşdırma zamanı əmək müqaviləsinə xitam verildiyi zaman əmək qanunvericiliyinin tələblərini gözləməklə, işçinin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə olunan dəyişikliklərin müddətli olmasına nəzərən əmək müqaviləsinə xitam verilməsi qərara alınmasını bildirsə də, barəsində əsassız olaraq inzibati tənbeh verilmişdir. Qeyd edir ki, barəsində aparılmış araşdırmanın qəbul edilmiş qərar hissəsində Departamentin hüquqşünası X12 nümayəndə qismində iştirak etmişdir. Asim Hüseynovun da qəbul edilmiş qərarla bağlı etirazı, qanuni və əsaslı mövqeyi nəzərə alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq məhkəmədən X7 Bakı şəhər İdarəsinin qəbul etdiyi MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi X5 vəkili X8 şikayət ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək X10 barəsində X7 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 22 iyul 2024-cü il tarixli qərarın qanunsuz və əsassız olduğunu hesab edərək məhkəmədən həmin qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 22 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X11 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələbləri pozulması faktı aşkar edilmişdir. Nəticədə "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1800 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin İnsan resursları şöbəsinin rəisi X6, Sərnişin daşımaları departamentinin hüquq məsləhətçisi X12, Sərnişin daşımanın təşkili xidmətinin şəhərətrafı daşımaların Sumqayıt-sərnişin stansiyasının stansiya rəisi X13 tərəfindən akt tərtib edilmişdir ona görə ki, X16 tərəfindən Sərnişin daşımaları departamentinə yazılan müddətsiz müqavilənin müddətliyə keçirilməsinə dair ərizə xx.xx.2023-cü il tarixində imzalanmışdır. İş materiallarında olan 03 iyul 2024-cü il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin İnsan resursları şöbəsinin rəisi X6, Sərnişin daşımaları departamentinin hüquq məsləhətçisi X12, Sərnişin daşımanın təşkili xidmətinin şəhərətrafı daşımaların Sumqayıt-sərnişin stansiyasının Xırdalan dayanacağının keçmiş kassir-nəzarətçisi X16 tərəfindən akt tərtib edilmişdir ona görə ki, Sərnişin daşımaları departamenti tərəfindən X15 daşımanın təşkili xidmətinin şəhərətrafı daşımaların Sumqayıt-sərnişin stansiyasının Xırdalan dayanacağının kassir-nəzarətçisi işi təklif olunmuş, o isə əvvəlki işi ilə təmin olunmaqdan imtina edərək, onun əvəzinə qızı X1 işlə təmin olunmasını xahiş etmişdir. Yolçu Şirinovun xahişi Sərnişin daşımaları departamenti (işəgötürən) tərəfindən nəzərə alınaraq, qızı X9 Sərnişin daşımanın təşkili xidmətinin şəhərətrafı daşımaların Sumqayıt-sərnişin stansiyasının Xırdalan dayanacağının kassir-nəzarətçisi işi ilə təmin olunmuşdur. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, hazırki halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından inzibati xəta hadisəsinin baş verdiyini sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşür. Buna görə də, məhkəmə inzibati məsuliyyətə cəlb olunmalı olan şəxsin təqsirli olması barəsində mötəbər sübutları məhkəməyə təqdim etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə bildirişi göndərmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X5 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair sübut təqdim olunmamışdır. Məhkəmə faktla bağlı tərtib edilmiş 24 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 22 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yenə həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X10 tərəfindən verilmiş şikayət təmin edilməli, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun barəsində qəbul edilmiş MN seriyalı ******* nömrəli 22 iyul 2024-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 Bakı şəhər İdarəsinin qəbul etdiyi MN seriyalı ******* nömrəli 22 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icrata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar