Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3104/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayət vermiş X6, qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv olunması barədə şikayətə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 08 aprel 2024-cü il tarixində saat 17:20 radələrində Bakı şəhəri, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar kapitan X7 tərəfindən tərtib olunmuş İXP ******* saylı inzibati protokola və yol patrul xidmətinin əməkdaşlarının qanunsuz hərəkətlərinə etiraz olaraq məhkəməyə müraciət edir. Hadisə baş verən zaman o, “KİA” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və sola dönmək üçün orta hərəkət zolağında yerləşmişdir. Ondan sol tərəfdə “Chevrolet” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil durmuş və həmin zolaqda yalnız sola dönmə icazəlidir, bu həm yerüstü nişanla, həm də ümumi yol qaydaları ilə təsdiq olunur. İşıqforun yaşıl işığı yandıqdan sonra o, dönmə manevrinə başlamış, həmin vaxt “Chevrolet” markalı avtomobil dönmə əvəzinə düz hərəkət etməyə cəhd etmiş və onun avtomobilinin ön sol qapısına çırpılmışdır. Qeyd edir ki, həmin istiqamətdə duz hərəkət etmək fiziki olaraq mümkün deyil, çünki həmin zolaqdan düz getmək istədiyi yol birbaşa qazona doğru aparır. Düz hərəkət etmək üçün qarşı tərəf onun zolağına daxil olaraq qayda pozuntusuna yol vermişdir və bununla da qəza vəziyyəti yaratmışdır. Hadisə yerinə gələn kapitan X11 protokolu hadisə yerində tərtib etməmiş və onları növbəti gün idarəyə dəvət etmişdir. Növbəti gün onlar ayrılıqda qəbul olunmuş, qarşı tərəf və şahidlərin iştirakı olmadan onun günahkar olduğu bildirilmişdir. Onlar iddia etmişlər ki, guya “Chevrolet” sürücüsünün düz getmək hüququ olmuş, bu isə mövcud yol nişanlarına və real vəziyyətə ziddir. O, hadisə ilə bağlı ekspertiza rəyi, hadisə yerindən çəkilmiş foto və ya video materiallar, həmin sürücünün düz hərəkət etməsinə icazə verən hüquqi norma tələb etsə də, heç biri təqdim olunmamışdır. Bu yanaşma qərəzlilik və ehtimal olunan korrupsiya şübhələri doğurur. Üstəlik, maraqlı cəhət odur ki, qarşı tərəf ona qarşı heç bir maddi tələb irəli sürməmişdir, baxmayaraq ki, onun avtomobili də zədələnmişdir. Bu, bir daha göstərir ki, əslində hadisənin əsas günahkarı həmin sürücüdür. Onun avtomobilinə dəymiş maddi ziyan təxmini 800 manat olaraq qiymətləndirilir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, ondan sol zolaqda olan avtomobil qaydaları pozmuşdur. Belə ki, dönmə əməliyyatını edərkən sol zolaqda olan avtomobil sola dönməli olmasına baxmayaraq qaydaları pozaraq düzünə hərəkət etməyə başlamışdır. Yerdə olan nişana əsasən qaydanı pozan avtomobil məcburi olaraq ancaq sola doğru dönməli olmuşdur. Həmçinin inzibati xəta haqqında protokol yerində tərtib olunmalı idi. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, verilmiş şikayət əsassızdır. Belə ki, şikayətçi avtomobilini idarə edərkən ondan sol zolaqda hərəkət edən avtomobilin düzünə və ya sola dönəcəyini əvvəlcədən bilməmişdir. Hadisə anında sol zolaqda hərəkət edən digər sürücünün hansı zolaqda hərəkət etmək niyyəti müəyyən olunmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneəyaratmamalıdır. Göründüyü kimi, şikayətçi qeyd olunan maddəyə əməl etməmişdir. Buna görə də, şikayətçinin inzibati xətanı törətməsi sübut olunduğundan verilmiş şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Məhkəmə işə şikayətçinin və barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarına əsasən məlum olur ki, X6 xx.xx.2025-ci il tarixdə avtomaşını idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəmədə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3104/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3104/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver