Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3105/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, avtoyuma məntəqəsində yuyucu işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 16:45 radələrində vətəndaş X3 məxsus “Redmi Note 9A” markalı mobil telefonu alaraq geri qaytarmayaraq dələduzluq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 19cu Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7 izahatında bildirmişdir ki, xx.xx.2025ci il tarixdə X1 Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 06 may 2025-ci il tarixdə saat 16:45 radələrində özünü “Emin” kimi təqdim etmiş şəxsin kartının şəklini çəkib geri qaytaracağı adı ilə ondan “Redmi Note 9A” markalı mobil telefonunu aldığını, bundan sonra sonuncunun onun fikrinin yayınmasından istifadə edərək aptekdən uzaqlaşaraq telefonu qaytarmayıb ona qarşı dələduzluq etdiyini və nəticədə ona 270 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibinin əlamətləri mövcud olmadığından cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat açılmışdır. Aparılmış araşdırma nəticəsində əməli törədən şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, 06 may 2025-ci il tarixdə “Ulduz” metrostansiyasının yaxınlığında kirayə ev axtarmaq üçün olan zaman iki nəfər qadın ona yaxınlaşaraq həmin ətrafda işə düzəltmə idarəsinin ünvanını ondan soruşmuşlar. Cavabında o, həmin şəxslərdən işə düzəltmə idarəsinin yerini axtarmaqlarının səbəbini soruşduqda, yaşlı qadın ona yanında olan qızını işə düzəltmək istədiyini bildirmişdir. Bu zaman o, həmin yaşlı qadına Xırdalan şəhərində tanışının təndir sexi olduğunu və ora işçi lazım olduğunu demişdir. Bu vaxt qadınlar onunla razılaşıb birlikdə həmin sexə gəlmək üçün “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “İrshad Telecom”un binasının yanına gəlmişlər. Orada olan zaman o, adını sonradan bildiyi Səidənin əlində saxladığı “Redmi Note 9A” markalı mobil telefonu ələ keçirmək qərarına gəlmiş və bunun üçün də onu aldadaraq aptekdə kart ödənişi etmək üçün telefonu ona verməsini xahiş etmişdir. Bu zaman Səidə etiraz etməyərək özünə məxsus mobil telefonu ona vermiş və o, Səidədən telefonu alıb onların fikrinin yayınmasından istifadə edərək həmin ərazidən uzaqlaşıb getmişdir. Səidədən aldadaraq almış olduğu mobil telefonu həmin günü Yasamal rayonu ərazisində tanımadığı şəxsə 40 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Dəymiş zərəri hazırda ödəməyə imkanı yoxdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə 19-cu PŞ-nə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir, ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 16 may 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3105/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3105/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver