Məhkəmə qərarları › İş №3(006)-3108/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3108/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3108/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 iştirakları ilə, Şəxs (bundan sonra Şəxs MMC) (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 326-cı maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru X4 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2025-ci il saat 10:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsində Şəxs MMC-yə məxsus “Hyundai” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, şirkətin mülkiyyətində olan "Hyundai” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin (bundan sonra "Nəqliyyat vasitəsi”) texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi iddia olunmuşdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra. AYNA) tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən inzibati xəta haqqında 14 may 2025-ci il tarixli MN ******* nömrəli protokol (bundan sonra Protokol) tərtib edilmişdir. Protokolda qeyd olunur ki, "X11” MMC tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi” qaydasının (bundan sonra Qayda) 2.2 və 3.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Bildirirlər ki, sözügedən Qaydanın 1.2-ci maddəsində qeyd olunur ki, bu qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyrimüntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Bu maddədən aydın olur ki, bu qaydalar yalnız kommersiya məqsədli sərnişin və yükdaşımalarına şamil olunur. "Avtomobil Nəqliyyatı” haqqında AR qanununun 1.0.4-cü maddəsinə və "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 2.1.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə kommersiya məqsədli yük daşınması — yük daşınması müqaviləsi, yaxud digər qanuni əsaslarla və daşınma haqqı ödənilməklə yerinə yetirilən yük daşımalarıdır. Lakin qeyd etmək vacibdir ki, "X11” MMC təsərrüfat ehtiyaclarının qarşılanması üçün öz balansında olan avtomobil vasitəsindən istifadə etməklə öz yüklərinin daşınmasını həyata keçirmişdir. Buradan da aydın olur ki, nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasına və reysqabağı zəruri tibbi müayinənin keçirilməsinə təsərrüfat ehtiyaclarının ödənilməsi məqsədilə həyata keçirilən yükdaşımalar zamanı ehtiyac yoxdur. Müvafiq Qaydanın 2.2-ci və 3.2-ci maddələrinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən “Daşıyıcı”lar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücülərinin (bundan sonra sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. “Avtomobil Nəqliyyatı" haqqında qanunun 1.0.9-cu maddəsində “Daşıyıcı”ya ətraflı anlayış verilmişdir. Qeyd olunur ki, Daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Buradan belə qənaətə gəlmək olur ki, sözügedən Qaydanın 2.2 və 3.2-ci maddəsində qeyd olunan “Daşıyıcı" müntəzəm olaraq daşıma fəaliyyəti ilə məşğul olan və bunu kommersiya fəaliyyətinə çevirən subyektdir. Bir daha qeyd edirlər ki, “X11" MMC daşıyıcı şirkət deyil, habelə hər hansı daşıma xidməti onun fəaliyyət sahəsinə aid deyil və özünün təsərrüfat ehtiyacının yerinə yetirilməsi ilə bağlı daşımanı balansındakı nəqliyyat vasitəsi ilə öz hesabına həyata keçirmişdir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Bu maddədə xüsusi olaraq vurğulanır ki, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının və sürücülər üçün reysqabağı və digər zəruri tibbi müayinənin təşkil edilməsi müvafiq subyektlərin üzərinə öhdəlik kimi qoyulur. Lakin bu müayinə yalnız qanunvericilik əsasında müəyyən olunduğu təqdirdə zəruridir. “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi” qaydalarının 2.2 və 3.2-ci maddələrinə uyğun olaraq qeyd edə bilərlər ki, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və sürücülərin reysqabağı tibbi müayinə zərurəti yalnız “Daşıyıcı"ların üzərinə qoyulmuşdur. Daşıyıcı hesab olunmayan və öz təsərrüfat ehtiyaclarının yerinə yetirilməsi üçün sərnişin və yükdaşımalarını öz hesabına və özünün nəqliyyat vasitələrindən istifadə edərək yerinə yetirən hüquqi şəxslərin də İXM-nin 326-cı maddəsinin əhatə dairəsinə şamil olunması İXM-nin müvafiq normasının genişləndirici təfsirinə yol açır. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin 2025-ci il 14 may 10:30 radələrində AYNA-nın əməkdaşı tərəfindən “X11" MMC-nin sürücüsü qismində çıxış edən X5 hüquq və vəzifələri izah olunmamış, protokolun tərtib olunması ilə bağlı hər hansı məlumat verilməmiş, ondan xəbərsiz protokol tərtib olunmuş, protokolda isə sürücü tərəfindən protokolun imzalanmasından imtina olunması ilə bağlı qeyd aparılmışdır. İXM-nin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları protokola əlavə olunmalıdır. Lakin protokol sürücünün xəbəri olmadan tərtib olunduğuna görə sürücü izahat verə bilməmişdir. Bütün bunların nəticəsində İXM-nin müvafiq normaları kobud şəkildə pozulmuşdur. Bütün bunları nəzərə alaraq işdə inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X8 təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq isə Şəxs MMC-nin fəaliyyətinin balıq və s. dəniz məhsullarının istehsalı və satışından ibarət olması və həmin məhsulların fərdi sahibkarlara çatdırılmasını həyata keçirdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 04 sentyabr 2024-cü il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” aktdan görünür ki, xx.xx.2025-ci il saat 10:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsində Şəxs MMC-yə məxsus “Hyundai” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli, 71 nömrəli qərarı ilə təsdiq edilmiş avtomobil nəqliyyatı ilə yük daşımaları yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2, 3.2 bəndlərinin tələblərini pozduğu aşkar edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 4 ədəd fotogörüntü və 1 ədəd videogörüntü mövcuddur. Fotoşəkillərdən biri “Hyundai” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X7 tərəfindən idarə edilməsinə hüquq verən etibarnamədir. Digər şəkillərdən biri **-JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin görüntüsü, biri “Hyundai” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinin Şəxs MMC olduğunu göstərən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, digəri isə həmin nəqliyyat vasitəsinin sol yan tərəfdən reklam əks olunmuş şəkilidir. Videogörüntüdə isə AYNA-nın əməkdaşı tərəfindən avtomobildə əyləşən şəxsə inzibati xətanın mahiyyəti izah edilir və protokol tərtib ediləcəyi bildirilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın: 2.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. 3.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 1.7-ci bəndinə əsasən: 1.7. Bu Qaydalar aşağıda göstərilən avtomobil daşımalarına şamil edilmir: 1.7.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına; 1.7.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkənar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.4. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına; 1.7.5. fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara. Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan “Hyundai” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən sürücü X2 reysqabağı tibbi müayinədən keçirilməsi təmin edilməmiş, həmçinin həmin nəqliyyat vasitəsinin də texniki vəziyyətinin reysqabağı yoxlanılması təmin edilməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş, diskdə olan video və fotogörüntülər, "Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və digər iş materialları ilə öz təsdiqini tapır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 da bu halı təkzib etməmiş, nəqliyyat vasitəsinin reysqabağı yoxlanılmasının, eyni zamanda həmin nəqliyyat vasitəsini idarə edən sürücünün, yəni şirkətin əməkdaşı X2 reysqabağı tibbi müayinəsinin keçirilmədiyini etiraf edərək həmin daşımanın təsərrüfatdaxili daşıma olduğunu və bu daşımanın kommersiya məqsədli olmadığını bildirməklə protokolun əsassız tərtib olunmasını hesab etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının hansı avtomobil daşımalarına şamil edilmədiyi konkret olaraq qeyd olunmuşdur. Həqiqətən də hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına həmin qaydaların şamil olunmadığı müəyyən edilmişdir. Lakin qanunverici tərəfindən təsərrüfatdaxili dedikdə, müəssisələrin, obyektlərin daxilində olan daşımaların nəzərdə tutulması göstərilmişdir. Həmin qayda yalnız daşımaların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan həyata keçirildiyi hallar aiddir. Eyni zamanda Şəxs MMC-nin nümayəndəsi öz məhsullarının digər sahibkarlara çatdırılmasını həyata keçirdiklərini bildirmişdir. Qeyd edilməlidir ki, hazırki iş üzrə Şəxs MMC-nin mülkiyyətində olan “Hyundai ” markalı **-JO- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə balıq və digər dəniz məhsullarını ayrı-ayrı sahibkarlara məxsus müxtəlif ünvanlarda yerləşən təsərrüfat sübyektlərinə (mağazalara) ümumi istifadədə olan avtomobil yollarından istifadə edərək kommersiya məqsədi ilə çatdırır. Bu hal xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsində AYNA əməkdaşları tərəfindən aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin əsasən ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir. Göründüyü kimi, hazırki iş üzrə Şəxs MMC-nin mülkiyyətində olan “Hyundai” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin şirkətin mallarının onların müştərilərinə, yaxud anbarlarına daşıması təsərrüfatdaxili avtomobil nəqliyyatı ilə daşımalara aid edilə bilməz. Məhkəmə Şəxs MMCnin etiraz ərizəsində həmin daşımanın kommersiya məqsədli daşıma olmaması ilə bağlı mülahizələri ilə də razılaşmır və hesab edir ki, həmin daşıma məhz kommersiya məqsədli yük daşımadır. Belə ki, həmin şirkət tərəfindən öz məhsullarını digər sahibkarlara məxsus təsərrüfat sübyektlərinə (mağazalarına) qeyri kommersiya məqsədləri üçün deyil, kommersiya məqsədi, yəni öz məhsullarını alıcılara sataraq gəlir əldə etmək məqsədi ilə çatdırır. Odur ki, Şəxs MMC tərəfindən mülkiyyətində olan “Hyundai” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və nəqliyyat vasitəsinin sürücüsü X2 reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi təmin edilməmişdir. Bununla da, cəmiyyət tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və iş materiallarına əlavə edilmiş disklə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1 -ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; Həmin Məcəllənin 21 -ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 326cı maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar