Məhkəmə qərarları › İş №3(006)-3122/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3122/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3122/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayət vermiş X2 vəkili və nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X1 İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Nərimanov rayonu ərazisində “xxxx” QSC ilə rəsmi müqavilə əsasında “Topaz” məntəqəsi (agent olaraq) işlədir. xx.xx.2020-ci il tarixində Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşları fəaliyyət göstərdiyi obyektə “Topaz” məntəqəsinə gələrək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsi ilə xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişlər. Polis əməkdaşları inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilən inzibati tənbeh tətbiq etmə haqqında qərarın tərtib olunmasına əsas kimi karantin rejimi dövründə Nazirlər Kabinetinin icazə vermədiyi fəaliyyətlər sahəsinə daxil olan xidmətlə məğul olmağını bildirmişlər. İnzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinin kobudcasına pozulması ilə qəbul edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Buna görə də hörmətli məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Fəaliyyəti qadağan edilən xidmətlərin siyahısında olmamışdır. Belə ki, Nazirlər Kabinetinin 163, 178, 196, 237, 282, 294, 323 saylı qərarları ilə karantin rejimi dövründə fəaliyyəti qadağan edilən ictimai iaşə və digər müəssisələrin fəaliyyəti tənzimlənir. Nazirlər Kabinetinin 8 sentyabr tarixində qüvvəyə minən 4 sentyabr tarixli 323 nömrəli qərarı ilə əksər müəssisələrin fəaliyyətinə icazə verilmiş və yumşalmalar başlanılmışdır. Nazilər Kabinetinin yuxarıda qeyd edilən qərarlarının heç birində fəaliyyəti qadağan edən heç bir müddəa yoxdur. Ona isə inzibati tənbeh 9 sentyabr tarixində tətbiq edilmişdir. Həmin 323 saylı qərarla isə Nazirlər Kabinetinin fəaliyyətinin qadağan edildiyi sahələrdə mərc və digər oyunların keçirilməsi barədə müddəa yoxdur. Buna baxmayaraq o, həmin tarixə qədər yalnız online qaydada fəaliyyət göstərmişdir. Heç bir müştəri qəbul etməmişdir. onun fəaliyyəti də qadağan edilməmişdir və o, ASAN icazə sistemindən istifadə edərək fəaliyyət göstərmişdir. Polis əməkdaşları onun ünvana baxış keçirərkən belə o müştəri qəbul etməmişdir. Onun müştəri qəbul etməyi ilə bağlı polis əməkdaşlarında heç bir sübut belə yoxdur. “xxxx” QSC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə xx.xx.2020-ci il tarixində məktubla müraciət etmişdir. Həmin məktub nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən DİN-ə, İqtisadiyyat Nazirliyinə fəaliyyətinin məhdudlaşdırılmaması ilə bağlı göstəriş verilmişdir. Məhkəməyə müraciət etdiyi tarixdə xx.xx.2020-ci il tarixində bütün Respublika üzrə Topaz agentləri heç bir məhdudlaşdırma olmadan fəaliyyətlərini davam etdirməkdədirlər. Nazirlər Kabineti bu məktubla fəaliyyətinin qadağan edilmədiyini təsdiqləmiş və digər orqanlara bu barədə razılaşdırılmış məktub ünvanlamışdır. İXM-nin 53.0.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraat inzibati xəta hadisəsi olmadıqda rədd olunur. Bu əməldə də inzibati xəta hadisəsi yoxdur. Buna görə də, inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilən əsaslara görə cavabdeh orqan tərəfindən, yəni Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərar qanuni hesab edilə bilməz, ona görə də həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında X2 vəkili və nümayəndəsi X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin nümayəndəsi tərəfindən qəbul edilən xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx xxxxxxxx 2020-ci tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilən X2 törətdiyi inzibati xətanın komkret olaraq nədən ibarət olması və onun karantin rejiminin hansı qaydalarını pozması göstərilməmiş və bu pozuntu qanunvericiliyin tələblərinə uyğun hər hansı bir formada əsaslandırılmamışdır. Əksinə şikayət vermiş şəxsin təqdim etdiyi Nazirlər Kabinetinin müvafiq qərarlarında “Topaz” idman mərc oyunlarının keçirilməsinə qoyulmuş qadağa öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məblədə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli 323 saylı “xüsusi karantin rejimi ilə bağlı bəzi məsələlər barədə” Qərarında göstərilmişdir ki: “Sanitariya-epidemoloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitlər və kütləvi qeyri-youxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalar”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşaöıdakı dəyişikliklər edilsin: 1.1, 1.1.2, 1.1.5-ci yarımbəndlər və 1.2-ci bənd ləğv edilsin: 1.2, 1.1-1-ci bənddə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin: 1.3, 2-ci hissədə “hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının” sözləri “tələblərin” sözü ilə əvəz edilsin: 1.5, 4-cü hissə ləğv edilsin: 1.6. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr” üzrə: 1.7.1. 6.10-cu bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın: 1.7.2. aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin. 13. “Təhsil müəssisələrin fəaliyyəti.”. 2. “Xüsusi karntin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: 2 “1.2. ölkənin şəhər və rayonlarından yerüstü hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;”; 2.2. 1.3-cü bənd ləğv edilsin, 2.3. 1.15-ci bənddən”, Gəncə, Lənkəran” sözləri çıxarılsın və həmin bənddə “22:00-dan 08:00-dək” sözləri “00:00-dan 09:00-dək” sözləri ilə əvəz edilsin. 3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 294 nömrəli Qərarının 3.1-ci bəndində “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının” sözləri “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə, “22:00-dək” sözləri “00:00-dək” sözləri ilə əvəz edilsin və həmin bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın. 4. Müəyyən edilsin ki: 4.1. təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təmin edilir; 4.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00-dan 00:00-dək həyata keçirilir; 4.3. bu Qərara əsasən fəaliyyətinə icazə verilən sahələrin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki gösyətişlərin tələblərinə uyğun təşkil olunur. 5. Bu Qərar 2020-ci il 08 sentyabr tarixindən qüvvəyə minir. Yuxarıda qeyd olunan qərardan da göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 saylı Qərarı ilə 1.1.2-ci bəndində göstərilən “ictimai iaşə obyektlərində müştərilərə yerində xismətlər qadağası” yarımbəndi ləğv edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, X4 xx xxxxxxxx 2020-ci il tarixdə qeyd olunan ictimai iaşə obyektində fəaliyyət göstərmiş olsaydı belə, onun bu fəaliyyəti özlüyündə karantin rejiminin pozulması kimi qiymətləndirilə bilməzdi. Karantin rejiminin pozulması, həmin vaxtı qüvvədə olan qadağalardan hər-hansı birinin baş verməsi ilə bağlı yarana bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar