Məhkəmə qərarları › İş №3(006)-3122/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3122/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3122/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1982-ci ildə Qasım İsmayılov rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, məhəllə 06, ev 01, mənzil 15-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə tərtib olunmuş 14.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə 14.10.2021-ci il tarixdə, saat 20:00-da ünvan 1 ünvanda yerləşən, Şəxs məxsus “Fincan” çay evində müştəri qəlyan sifariş edib çəkmiş, bununla da karantin rejiminin tələbləri pozulmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 15.10.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.10.2021-ci il tarixli qərarı ilə rayon məhkəməsinin bu qərarı ləğv edilərək iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, onun etirafedici izahatından və vəzifəli şəxsin tərtib etdiyi inzibati xəta haqqında protokoldan başqa inzibati xətanı törətməkdə təqsirliyini sübut edən heç bir sübut yoxdur. Belə ki, 14 oktyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində ünvan 1 ünvanda yerləşən “Fincan” adlı çay evində polis əməkdaşları tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və xüsusi karantin rejimi qaydalarının pozulması faktını təsdiq edən qəlyan avadanlıqlarından istifadə edilməsi faktı hal şahidlərinin iştirakı ilə baxış protokolu ilə rəsmiləşdirilməmiş, videoçəkiliş aparılmamış, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet hesab olunan qəlyan aparatı protokolla götürülməmişdir. Bundan əlavə, həmin vaxtı obyektdə müştəri qismində qəlyandan istifadə edən şəxs müəyyən edilərək izahatı alınmamış, qəlyanı ona kim tərəfindən verilməsi araşdırılmamışdır. O, həmin çay evini fiziki şəxs kimi rəsmiləşdirmə olmadan icarəyə götürərək işlədir. Bu obyektdə pandemiya dövründə qəlyan verilmir. 14 oktyabr 2021-ci il tarixdə, saat 20:00-da o, ümumiyyətlə obyektdə olmamış və orada hər hansı bir müştəriyə qəlyan verilməsini təşkil etməmiş, birbaşa ona rəhbərlik etməmişdir. Eyni zamanda həmin vaxtı çay evində heç bir polis əməkdaşı da olmamış, orada qəlyandan istifadə faktı aşkar olunmamışdır. Sadəcə olaraq o, 22-ci polis şöbəsinə çağırılmış və orada inzibati xətanı törətməkdə ittiham olunaraq barəsində protokol tərtib olunmuş, 14 oktyabr 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il, saat 09:00-a kimi barəsində inzibati qaydada tutma tərtib edilmədən qanunsuz şəkildə polis şöbəsində saxlanılmışdır. Onun heç bir təqsiri yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət müəyyən edir. Məhkəmədə müəyyən olunur ki, Şəxs 14.10.2021-ci il tarixdə, saat 20:00-da ünvan 1 ünvanda yerləşən “Fincan” çay evində müştərinin qəlyan sifariş edib çəkməklə karantin rejiminin tələblərinin pozulması faktının aşkar edilməsinə görə 22-ci polis şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokol tərtib edilmişdir. Lakin Şəxs barəsində inzibati iş üzrə icraat şəxsin təqsirliliyi ilə bağlı kifayət qədər sübut toplanılmadan, çay evində qəlyandan istifadə faktının aşkar edilməsi üzrə hər hansı görüntü, orada olan şəxslərin izahatı və ya digər sübut olmadan natamam və səthi araşdırma əsasında aparılmışdır. İşə baxılarkən sadəcə barəsində icraat aparılan şəxsin izahatı ilə kifayətlənib onun izahatında bildirdiyi kimi çay evini icarə əsasında işlətməsi, hadisə zamanı obyektdə olmaması kimi xüsusatlara heç bir qiymət verilməmişdir. Bununla da, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi halı təkzibedilməz dəlillərə söykənən faktlarla öz təsdiqini tapa bilmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar