Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3122/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Məmmədcəfər Cəfərov küçəsi, məhəllə 3066, ev 10, mənzil 11-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində etibarnamə ilə idarə etdiyi “Honda Civic” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsindən S.Rüstəm küçəsinə dönən zaman ara məsafəsi saxlamadığı üçün yolu keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncuya yüngül dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən yayınmışdır. Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi, zərər çəkmiş şəxs və barəsində icraat aparılan şəxs gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi ilə S.Rüstəm küçəsinin kəsişməsində baş vermişdir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 684 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü hematoma halında əzilməsi, sağ yanaq, sağ said, qarın nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • 18.08.2012-ci il tarixli, AB seriyalı, 485884 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B, C» kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • 02.11.2022-ci il tarixli, AE105890 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X8” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 məxsusdur və bu avtomobil xx.xx.2023cü il tarixli etibarnamə ilə xx.xx.2024-cü tarixədək idarə edilməsi üçün Şəxs verilib; • Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş izahatda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində o, 2 saylı Psixatriya xəstəxanasında müalicə olunan azyaşlı uşağının sənədlərini götürməyə getmiş, həmi vaxt xəstəxanasın yanında Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ilə S.Zeynalov küçəsinin kəsişməsində piyada olaraq yolu keçərkən sağ tərəfdən hərəkətdə olan qara rəngli avtomobilin sürücüsü avtomobilin sol hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən o, asfalta yıxılmış, huşunu itimiş, özünə gəldikdən sonra bir nəfər 40-45 yaşlı sürücü ona mobil nömrəsini vermiş və nəsə lazım olarsa onunla əlaqə saxlamağını xahiş etmişdir. Hadisə nəticəsində ona məxsus 860 manat dəyərində qızıl boyunbağı itmişdir. Daha sonra o, evə gəlmiş və onun gecə ağrıları yaranmışdır. Əri evdə olmadığı üçün o, polisə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə ağrılara dözə bilməyi üçün əri onu xəstəxanaya aparmışdır. Onlar hadisədən sonra həmin sürücünün verdiyi nömrə ilə dəfələrlə əlaqə saxlasalar da, sonuncu zənglərə cavab verməmişdir. O, ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir; • “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:08-də Azərbaycan Respublikasının hüdudlarını X4 Aeroportundan tərk edərək Tbilisi şəhərinə yollanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 75-ci maddəsinin İ hissəsinə görə sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3122/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3122/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver