Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3123/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx xxxxxxx 2020-ci il tarixdə, saat 13:53-də ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də monitorinq aparılan zaman epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərini pozması müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili A.Ə.Məmmədov bildirmişdir ki, oteldə monitorinq aparan və AQTA-nın bölməsinin müfəttişi X3, AR SN-nin Nərimanov GEM-nin həkim gigiyenisti X5 və AR DTA-nın böyük məsləhətçisi X1 otelmizidə təşkil olunmuş karantin otağının olduğu göstərilmişdir. Lakin, cəmiyyətin daxili təlimatına və əsasən də karantin otağına başqa şəxslərin girişinin qarşısının alınması məqsədi ilə, eyni zamanda karantin otağınin istifadəsinin təhlükəsizlik məqsədi üçün karantin otağı bağlı olur və otağın açarı rəhbərlikdə saxlanılır. Həmin günü cəmiyyətin oteldəki işçiləri karantin otağını monitorinq aparan şəxslərə göstərmiş və qeyd etmişdilər ki, otağın açarı rəhbərlikdədir və o, hal hazırda iş görüşməsi səbəbindən otel xaricində, təbii ki, Bakı şəhəri ərazisindədir. Otağa da baxış keçirilməsini istəyən monitorinq aparan şəxslərdən xahiş edilmişdir ki, bir-iki saat gözləsələr, otelin rəhbəri gələcək və onlara otağın içi göstərilə bilər. Lakin qeyd olunan şəxslər gözləmələri xahiş olunmasına baxmayaraq gözləməmiş və aktda qeyd etmişdilər ki, karantin otağı təşkil olunmamışdır. Cəmiyyətin işçisi və monitorinq zamanı iştirak edən İbadullayeva Raisa həmin günü rəhbərliyin tapşırığı ilə karantin otağında video çəkilişini öz şəxsi mobil telefonu vasitəsi ilə həyata keçirmişdir. Video çəkilişə baxıldığı zaman aydın olur ki, karantin otağı təşkil olunub və Nazirlər Kabinetinin müvafiq qərarı əsasında göstərilmiş fərdi qoruyucu vasitələr də otaqda yerləşdirilib, xəstəlik şübhəsi olan şəxslər otağa yerləşdirilərkən həmin otağa başqa şəxslərin girməsi qadağan olacaq. Əlavə olaraq, monitorinq aparan şəxslərin özlərinin də qeyd etdiyi kimi fərdi qoruyucu vasitələr otaqlarda var, lakin bəzilərində yoxdur. Bu otaqlar da boş olan otaqlardır ki, hansı ki, onlarda qonaq yoxdur. Yəni həmin otaqlar boşdur. Həmin boş otaqlara da fərdi qoruyucu vasitələrinin qoyulmaması səbəbi otlə qonaq gəlmədən, yəni otaq istifadəyə verilmədən fərdi qoruyucu vasitələr, eyni zamanda qonaqların şəxsi gigiyenası üçün istifadə etdikləri vasitələr (birdəfəlik şampunlar, sabunlar, dəsmallar və s.) belə qonaq otelin qəbul otağında (reception) qeydiyyatdan keçdikdən və qonaqların sayı məlum olduqdan sonra otaqlara yerləşdirilir. Çünki ilk olaraq qeyd etmək istərdik ki, onlar otaqda yerləşdiriləcək qonaqların neçə nəfər olduğunu əvvəlcədən bilmirlər. Şəxsi gigiyenik əşyaların və fərdi qoruyucu vasitələrin boş otaqlara qoyulmaması da bu səbəbdəndir. Bəzi hallarda iki nəfərlik otaqlarda üç nəfər, üç nəfərlik otaqlarda isə bir nəfər qonağları qalmalı olur. Sonradan, yəni qonaq otağa giriş etdikdən sonra bu kimi vasitələrin əlavə olunması və ya götürülməsi isə peşəkarlıq etikasına uyğun deyildir. Bu səbəbdən də onlar otaqlara şəxsi gigiyenik və fərdi qoruyucu vasitələrini qonaqlar qəbul otağından qeydiyyata alındıqdan sonra otaqlara yerləşdirir və qonaqlar bundan sonra otağa buraxılır. Otaqlarda qalan qonaqlar üçün isə hər gün gigiyenik və fərdi vasitələr yenilənir. Bu faktları oteldə qalan qonaqlar da təsdiqləyə bilər. Bunlardan əlavə fərdi qoruyucu vasitələrin saxlanıldığı anbar monitorinqi aparan və adları yuxarda qeyd olunan şəxslərə göstərilmişdir. Belə ki, bu vasitələr cəmiyyət tərəfindən alınıb oteldə müvafiq otaqlara yığılmış, otel və ya cəmiyyət o qədər fərdi qoruyucu vasitələrini istifadə etmiyəcəksə hansı səbəbdən və niyə alıb bu kimi vasitələri müvafiq otaqlarda saxlasın? Bundan başqa, Azərbaycan Respublikası Dövlət Turizim Agentliyi tərəfindən ilkin monitorinq keçirilmədən əvvəl həmin qurumun əməkdaşları tərəfindən qanunvericiliyə əsasən otellərdən tələb olunanların siyahısı işçilərə verilmişdir. Yoxlama monitorinqi də aparılarkən həmin siyahı əsasında yoxlamalar aparılmışdır. Həmin siyahı 16 səhifədən ibarətdir. Cəmiyyət bu siyahıda olan bütün tələbləri yerinə yetirdiyi halda hansı səbəbdən tələb olunan ən sadə tələbləri yerinə yetirməmiş olsun? Bütün bunlar əsasında imzalanmış akt və bu akt əsasında tərtib edilmiş protokol əsassızdır. Çünki qeyd olunan karantin otağı var və qonaqlar otaqlara yerləşdirildikdən sonra fərdi qoruyucu vasitələri olan maskalar, əlcəklər, spirtlər və s. yerləşdirilir. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 287 saylı qərarının tələbləri pozulmamışdır. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şəxs otelində qeydiyyatçı vəzifəsində işləyən X2 izahatında bildirmişdir ki, otaqların hər birində virus əleyhinə lazımi tibbi vasitələr olan spirtlər, dezinfeksiya edici məhsullar yerləşdirilir. Hal-hazırda pandemiya olduğuna görə müştəri sıxlığı olmur və fərdi qoruyucu vasitələr – maska, əlcək və s. müştərilər otelin qeydiyyatından keçdikdən sonra adam sayına görə verilir. Bundan başqa, o, oteldə bir otağın karantin otağı olaraq ayrıldığı, həmin otaqda da lazımi vasitələrin yerləşdirildiyini, Turizm Agentliyindən gələn əməkdaşlara həmin otağı göstərsə də, otağın açarı otelin rəhbərliyində olduğundan otağın içərisini tam göstərə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə şahid qismində dindirilmiş Şəxs otelində qonaq kimi yaşayan Pakistan İslam Respublikasının vətəndaşı Shahid Rizvan izahatında bildirmişdir ki, 1 aydan artıq bir vaxtdır ki, Şəxs MMC-nin nəzdində olan “La Casa” otelində qalmaqdadır. Hər gün oteli tərk edib yenidən otelə gəldiyi zaman qonaq mehmanxanaya daxil olarkən təmassız termometr vasitəsilə onun hərarəti ölçülür. Oteldə karantin otağı da mövcuddur. Belə ki, karantin otağı kimi təşkil olunan otaqda da daha əvvəllər o, qonaq kimi qalmışdır. Belə ki, Azərbaycan Respublikasının bəzi rayonlarında, o cümlədən Bakı şəhərində sərtləşdirlmiş xüsusi karantin rejiminin tətbiq edilməsi zamanı onun yerləşdiyi otaq karantin otağı kimi təşkil edilmiş, onun özü otel rəhbərliyi tərəfindən başqa bir otaqla təmin edilmişdir. Onu otağında da hər gün tibbi maskalar müvafiq qaydada dəyişdirilməkdə, otel ərazisində fiziki (sosial) məsafə tələblərinə tam riayət edilməkdədir. Həmçinin, otelin otaqlarında virus əleyhinə olan zəruri tibbi ləvazimatlar yerləşdirilir, fərdi qoruyucu maskalar hər bir şəxsə adam sayına görə verilir, gigiyenik təmizliyə riayət olunaraq hər gün təmizlik işləri görülür və epidemiya əleyhinə olan ləvazimatlar yenilənir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri, şahid ifadələrini və DVD-R diskdə olan videogörüntüləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 13:53-də ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də monitorinq aparılan zaman epidemiya əleyhində rejimin, sanitariya gigiyena və karantin rejimlərini pozması müəyyən edilmiş və nəticədə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin əməkdaşları tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestri çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2 ünvanıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli Şəxs MMC-nin daxili təlimatından görünür ki, oteldə istifadə edilmək üzrə hazırlanmış və təsdiq edilmiş daxili təlimatın 6.3-cü maddəsinin tələblərinə əsasən qeydiyyat aparan şəxs mehmanxana otağında qedyiyyatdan keçəcək insanların sayına uyğun olaraq hər bir otağa spirt və maska qoymalı və onların qaldığı müddət ərzində onları mütəmadi olaraq yeniləməlidir. İş materiallarında olan DVD-R diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə Şəxs MMC-nin əməkdaşı tərəfindən çəkilş aparılır, otelin otaqlarına ardıcıllıqla baxılır, otaqlarda epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərinə tam əməl edilməsi, otelin lazımi tibbi ləvazimatlarla təmin edilməsi, eləcə də karantin rejimi ilə bağlı otaqlarda şərait yaradılması müşahidə olunur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs MMC pandemiya dövründə epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərinə tamamilə riayət etdiyindən, heç bir qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli 287 saylı qərarının tələblərinin pozuntusuna yol vermədiyindən, oteldə karantin otağı ayırdığından və qanunvericiliklə nəzərdə tutulmuş bütün əməllərə tam riayət etdiyindən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 211.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3123/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3123/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver