Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3128/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X6 qızının katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Ermənistan Respublikası, Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)-3804/2018 saylı icra sənədi Şəxs tərəfindən üzrsüz səbəbdən icra olunmur və nəticədə borclunun 3.444 (üç min dörd yüz qırx dörd) manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru A.Ə.Heydərov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)-3804/2018 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxxxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir. İcra sənədi üzrə icraata xx xxxxxxx 2018-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, icra şöbəsi tərəfindən borclu barəsində təqdimatlar verilərək onun əmlakının üzərinə həbs qoyulmuş, dəfələrlə protokollar tərtib edilərək məhkəməyə göndərilmiş və borclu barəsində xx xxxx 2020-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar çıxarılmışdır. Göründüyü kimi, borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və nəticədə3.444 manat aliment borcu qalmışdır. Bununla da, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, icra məmuru A.Ə.Heydərov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu barəsində 2019-cu ildə məhkəməyə protokol tərtib edilərək göndərilmiş, məhkəmə borcluya alimentin ödənilməsində möhlət verərək inzibati işə xitam vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)-3804/2018 saylı icra vərəqəsindən məlumatı var. Aliment borcunu hər ay vaxtlı-vaxtında ödəməyə çalışır. Hazırda işsiz olduğuna görə yığılmış aliment borcunu ödəyə bilmir. Daha sonra Məşğulluq xidmətinə müraciət etmiş, qaz idarəsində iş təklif olunsa da qəbul etməmişdir. Bundan başqa, aliment borcunu ödəməyə imkanı olmadığı üçün bacısı ona köməklik göstərmişdir. Belə ki, maddi imkanı düzələn kimi aliment borcunu ödəməyə davam edəcəkdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Həmçinin Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir və əlillik dərəcəsi yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)-3804/2018 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxxxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir. Lakin borclu Şəxs həmin icra sənədini üzrsüz səbəbdən icra etmir və nəticədə onun 3.444 (üç min dörd yüz qırx dörd) manat aliment borcu yaranmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)-3804/2018 saylı icra vərəqəsinin icraatına başlanılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx xxxxxxx 2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(006)-1365/2019 saylı qərarından görünür ki, Şəxs alimentinödənilməsinə möhlət verilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Nəsimi rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 132 ünvanında yaşayan Şəxs məcburi qaydada icra şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(006)-268/2020 saylı qərardadından görünür ki, xx xxxxxx 1982-ci ildə Ermənistanın Kalinin rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Nəsimi rayon icra və probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, borclu Şəxs məxsus olan “VAZ-21070” minik markalı, **-BJ- *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(006)-310/2020 saylı qərardadından görünür ki, borclu Şəxs məxsus olan “VAZ-21070” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki,Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)-3804/2018 saylı icra vərəqəsindən görünür ki, borclu Şəxs xx xxxxxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilərək xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş, icra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilmiş, lakin onun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak növü aşkar edilməmişdir. Hal-hazırda borclu Şəxs 3.444 manat aliment borcu yaranmış nəticədə onun barəsində xx xxxxxxx 2020-ci il tarixdə, MN ******* saylı protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qeyd olunan qərarın icrası ilə bağlı borclu Şəxs barəsindəməcburi gətirilmə, əmlakının üzərinə həbs qoyulmasına və dəfələrlə barəsində protokol tərtib edilərək məhkəməyə verilməsinə baxmayaraq onun tərəfindən könüllü olaraq konkret heç bir hərəkət və ya hərəkətlər edilməmiş, qismən ödənilən məbləğlər yalnız icra məmurun dəfələrlə etdiyi xəbərdarlıq və təsir tədbirləri nəticəsində baş vermişdir. Hazırda yaranan 3.444 manat aliment borcu xx xxxxxxx 2018-ci il tarixdən bu günədək olan borcdur. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılmalı və həbs etmənin əvvəli Nazirlik tərəfindən müəyyən edilən yerdə mühafizə altına verildiyi gündən və saatdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi gündən və saatdan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra və Probasiya şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3128/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3128/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver