Məhkəmə qərarları › İş №3(006)-3136/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3136/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3136/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri rayonu rayonu, Azadlıq 60 ünvanında qeydiyyatda olan, ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 03 may 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi prospektində yerləşən “Bravo” marketin qarşısında X3 məxsus mobil telefonu gizli yolla oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 izahatında göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan X6 xx.xx.2025-ci il tarixdə DİN-nin “102” Xİdməti-zəng mərkəzi sisteminə və ərizə ilə Nəsimi RPİ-nim 19-cu PŞ-nə müraciət edərək bildimişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:16-da Nəsimi rayonu, Tbilisi prospekti 3007 ünvanında yerləşən “Bravo” hipermarketin avtomobilin dayanacağında əl arabasının üzərində özünə məxsus “Redmi Note 12” markalı mobil telefonu və içərisində bank kartları, 200 manat pul, şəxsiyyət vəsiqəsi olan portmanatı unutmuş, lakin geri qayıtdıqda özünə məxsus əşyaların orada olmadığını aşkar etmişdir. Polis şöbəsində təhqiqatçı Cəmaləddin Mehvalıyev tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş şəxs müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərarın surəti Nəsimi RPİ-nin 20-ci PŞ-nin aidiyyati əməkdaşına təqdim edilmişdir. Sonradan hadisəni tərədən şəxsin Şəxs olduğu müəyyən olunmuş və polis bölməsinə dəvət olunmuş, orada əməlini etiraf etdikdən sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, 03 may 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi prospektində yerləşən “Bravo” marketin qarşısında arabanın içindən telefon götürmüş və onu girov qoyaraq 30 manat pul götürmüşdür. Arabanın içində telefondan başqa heçnə olmamışdır. Zərərçəkmiş şəxsin bildirdiyi 200 manatı görməmiş və götürməmişdir. Hal-hazırda ziyanı ödəmək üçün maddi imkanı yoxdur. Əgər ona şərait yaradılarsa həmin telefonu qaytaracaqdır. İzahatının sonunda bir daha belə əməllərə yol verməyəcəyini bildirərək məhkəmədən barəsində cərimə təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs iştirak etməmişdir, məhkəmə də işə zərərçəkmiş şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin təhqiqatçısı Cəmaləddin Mehvalıyev tərəfindən 20 may 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş və hadisəni törətmiş şəxs müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərarın surəti Nəsimi RPİ-nin 20-ci PŞ-nin aidiyyati əməkdaşına təqdim edilmişdir. Məhkəmə, Bakı şəhər Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 20 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 19 may 2025-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar