Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3141/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Günay Alim qızının katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 12.08.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 12.08.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 12 avqust 2021-ci il tarixdə X3 yaxınlığında saat 23:30 radələrində Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində BNA ******* seriya nömrəli elektron protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilməyi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Barəsində tərtib edilmiş qərar üzrə sübutlar qanuna zidd olaraq əldə edilmişdir. Bundan əlavə barəsində tərtib edilmiş protokolun hansı texniki vasitə ilə qeydə alınması, həmçinin qeyd edilən vaxt avtomobilin kimin tərəfindən idarə edildiyi dəqiqləşdirilməmişdir. Göstərilənlərə əsasən qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Nəqliyyat Agentliyi məhkəməyə şikayətə etiraz ünvanlayaraq bildirmişdir ki, X2 idarə etdiyi “KİA SORENTO” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində saat 23:13:05-dən 23:18:32-dək yolun hərəkət hissəsində (həmçinin piyada keçidinə 5 metrdən az yaxınlığda) saxlamışdır. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. Beləliklə, Bakı Nəqliyyat Agentliyinin 12 avqust 2021-ci il tarixli tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X1 şikayəti əsassızdır və təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Bundan əlavə Bakı Nəqliyyat Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsinin tələbləri əsasında deyil, 124.5-ci və 124.6-cı maddələrinə uyğun aparılır. Həmin maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı Agentlik tərəfindən şəhərin müxtəlif ərazilərində kameralar quraşdırılmış və əməkdaşlar tərəfindən kameralar vasitəsilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 06.07.2018-ci il tarixli, 181 saylı Fərmanına da uyğundur. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Bununla belə həmin maddə İnzibati Xətalar Məcəlləsinin digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə təkcə 122.1-ci maddədə göstərilən deyil, həmçinin İnzibati Xətalar Məcəlləsinin xüsusi hissəsi üzrə digər maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisələri aşkar edilərək inzibati iş üzrə icraata başlanıla bilir. Digər tərəfdən həmin Məcəllənin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Qeyd olunan Məcəllənin 80.2-ci maddəsinə görə fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Qeyd olunanları nəzərə alaraq şikayətin rədd olunması xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona etirazı, həmçinin təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 12.08.2021ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 11.08.2021-ci il tarixdə saat 23:18-də Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, keçidin yanında idarə etdiyi “KİA SORENTO” minik markalı, **-FX-*** qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin internet portalından olan fotoşəkillərdən görünür ki, 11.08.2021-ci il tarixdə, saat saat 23:13:05-23:18:32 aralığında “KİA SORENTO” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, keçidin yanında dayanma qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə müəyyən edilir ki, X2 Bakı Nəqliyyat Agentliyinin 12.08.2021-ci il tarixli qərarı ilə idarə etdiyi “KİA SORENTO” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. Z.N.Məmmədova həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia etmiş və həmin qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin qərarı qəbul etmiş qurum tərəfindən məhkəməyə təqdim edilmiş fotogörüntülərdən də aydın olur ki, 11.08.2021-ci il tarixdə Z.N.Məmmədovanın idarə etdiyi “KİA SORENTO” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində keçidin yanında dayanma qaydalarını pozmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Z.N.Məmmədova iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 12.08.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3141/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3141/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver