Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3142/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1, şikayətçinin qanuni nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 11 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 11.09.2020-ci il tarixində tibbi maska taxmadığı səbəbilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsaslanaraq 100 AZN miqdarında qanunsuz olaraq cərimə edilmişdir. Belə ki, avtobusda maska ağzında taxılı olmasına baxmayaraq polis əməkdaşı tərəfindən kobud formada avtobusdan düşürülmüş və qanuna zidd şəkildə məcburi qaydada polis bölməsinə aparılmışdır. 2 saat müddətində saxlanıldıqdan sonra polis bölməsindən buraxılmışdır. İcra və probasiya xidmətindən ona ard-arda edilən zənglərdən sonra 12.10.2021-ci il tarixdə oraya getdikdə barəsində 11.09.2020-ci il tarixli MN ******* saylı qərarın olduğunu öyrənmiş və qərarın surətini həmin gün 12.10.2021-ci il tarixdə almışdır. Hesab edir ki, onun hüquqları kobud şəkildə pozulub və məhkəmə qaydasında bu hala qiymət verilməlidir. Odur ki, hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi tərəfindən tərtib edilmiş 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilən şikayətçi X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi tərəfindən tərtib edilmiş 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3142/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3142/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver