Məhkəmə qərarları › İş №3(006)-3143/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3143/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3143/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X9 inspektoru X4 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 09 may 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona məxsus olan «TOYOTA PRADO L150 MİNİK» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 5 gün ərzində səlahiyyətli orqana təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 09 may 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı protokolu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan «TOYOTA PRADO L150 MİNİK» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi, əks halda Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətina məxsus olan yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitəsinə görə üç yüz manat məbləğində cərimə olunacağı barədə xəbərdarlıq məktubu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «TOYOTA PRADO L150 MİNİK» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 idarə etməsi barədə 03 may 2023-cü il tarixli məktub 04 may 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin Dövlət X10 göndərilmişdir. Lakin buna baxmayaraq, onlara məlum olmayan səbəblərdən barələrində Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati qaydada icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X11 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanına göndərilmiş sorğu məktubunun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan «TOYOTA PRADO L150 MİNİK» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkət qaydalarını pozması ilə əlaqədar tərtib olunmuş elektron protokollar barədə məlumatı qəbul edilən gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi xahiş olunmuş, əks halda Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan «TOYOTA PRADO L150 MİNİK» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkət qaydalarını pozması ilə əlaqədar tərtib olunmuş bildiriş 03 may 2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş 03 may 2023-cü il tarixli məktubun və qaimənin surətlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan «TOYOTA PRADO L150 MİNİK» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 27 aprel 2023-cü il tarixdə X5 tərəfindən idarə edilməsi barədə məktub Nəsimi rayon Polis İdarəsinin Dövlət X10 göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Qeyd olunan Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməməlidir. Hazırki iş üzrə Nəsimi RPİ-nin DYPŞ-nin sorğu məktubu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandırılmış və həmin sorğu məktubu inzibati məsuliyyət yaranmadan, yəni 5 gün müddət keçmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavablandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşıdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar