Məhkəmə qərarları › İş №3(006)-315/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-315/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-315/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X1 iştirakları ilə X1 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, EQ 25471076 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 12:30 radələrində idarə etdiyi “Geely Coolray” markalı, **-KT- *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, S.Vurğun küçəsində Bakı Dövlət Sirkinin yanında parklamışdır. Bu parklanmaya görə 10 yanvar 2025-ci il tarixli, EQ 25471076 saylı inzibati xəta haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə (nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və durmasına görə) əsasən inzibati məsuliyyətə (60 manat və 02 bal cərimə) cəlb edilmişdir. O, barəsində qəbul edilmiş qərarla razı deyil və hesab edir ki, həmin elektron qərar ləğv edilməklə inzibati xəta haqqında is üzrə icraata xitam verilməlidir. Belə ki, avtomobilin park olunduğu ərazidə ümumiyyətlə dayanma və durmanın qadağan edilməsi ilə bağlı hər hansı bir qadağanedici nişan mövcud deyildir. Bakı şəhərində yerləşən Səməd Vurğun küçəsi yaşayış tikililəri ərazisində olan yerli əhəmiyyətli küçə kateqorasiyasına aid olduğundan həmin küçələrdə səkinin enliyi ilə bağlı parametr 1,5 metr müəyyən edilmişdir. O, avtomobili tam olaraq Bakı Dövlət Sirkinin yanında park etmiş və avtomobilin arxasında ən azı 5-7 metr enliyində boş ərazi mövcuddur. İndi sual olunur ki, 7-9 metr enliyində (avtomobilin park olunduğu yerlə birlikdə) ərazi qanunvericiliklə səki hesab oluna bilərmi? Əgər “Geely Coolray” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən də səkidə parklanıbsa, onda avtomobilin arxasında olan eni təxmini 5-7 metr olan ərazi nə hesab olunur? Səki yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Avtomobilin park olunduğu yer birbaşa yolun hərəkət hissəsinə bitişik deyil, çünki həmin ərazi ilə yolun hərəkət hissəsi arasında piyadaların hərəkəti üçün ayırıcı səki mövcuddur (hətta 1,5 metr normasından artıq). Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə, kiçik elektrik nəqliyyat vasitələrinə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. O, avtomobili piyadaların hərəkət etdiyi səkinin üstündə yox, məhz piyadaların hərəkətinə mane olmamaq şərtilə səkinin kənarında park etmişdir. Hansı ki, həmin avtomobilin arxasında təxmini 5-7 metr (1.5 metr səki normasından artıq) enliyində yolun hərəkət hissəsinə bitişik olan və piyadaların hərəkət etdiyi boş bir səki ərazisi mövcuddur. Qeyd olunanları nəzərə alaraq həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında X3 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Elektron portaldan çıxarışdan görünür ki, 10 yanvar 2025-ci il tarixli, EQ 25471076 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2025ci il tarixdə, saat 14:23-də idarə etdiyi “Geely Coolray” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, S.Vurğun küçəsində səkinin üstündə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmadığı halda dayandığına və ya durduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir; • Fotoşəkillərdən aydın olur ki, “Geely Coolray” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, S.Vurğun küçəsində səkinin üzərində saxlanılmamış, eyni zamanda ehtimal olunan inzibati xəta hadisəsinin baş verdiyi ünvanda dayanma və ya durmanı qadağan edən nişanlar görünmür. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi öz təsdiqini tapmadığından şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, EQ 25471076 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə məsuliyyət nəzərdə tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə görə səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Həmin Qanunun 52-ci maddəsinin İİ hissəsinə əsasən yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə, kiçik elektrik nəqliyyat vasitələrinə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Məhkəmədə tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, 10 yanvar 2025-ci il tarixli, EQ 25471076 saylı inzibati tənbeh vermə haqqında qərarla Bakı şəhəri, S.Vurğun küçəsində səkinin üstündə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmadığı halda “Geely Coolray” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə dayandığına və ya durduğuna görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunsa da, qərara əlavə edilmiş fotoşəkillərdə avtomobilin səkinin üzərində saxlanıldığı, eyni zamanda orada dayanma və ya durmanı qadağan edən nişanların olduğunu müəyyən etmək mümkün olmur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli, EQ 25471076 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar