Məhkəmə qərarları › İş №3(006)-316/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-316/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-316/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu 19-cu polis şöbəsinin sahə inspektoru tərtib etmiş şəxs: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Yevlax şəhəri, Kür küçəsi, döngə 03, ev 07-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 113/115, mənzil 146-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 14 yanvar 2024-cü il tarixdə gecə vaxtı ünvan 1 ünvanda Zərərçəkmiş şəxs qarşı xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs müraciəti əsasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şəxs dəfələrlə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda onu narahat edərək ona qarşı xoşagəlməyən hərəkətlər etmiş, o cümlədən 14 yanvar 2024-cü il tarixdə gecə vaxtı Zərərçəkmiş şəxs yaşadığı mənzilin qapısının döyüb səs-küy salaraq ondan qapının açmasının tələb etmiş, bununla da həm zərər çəkmiş şəxsin, həm də binada yaşayan sakinlərin dincliyini pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, onun yaşadığı mənzil ünvan 1 binanın birinci mərtəbəsində yerləşir. Ötən ilin yay aylarında mənzilinin eyvanına telefon nömrəsi yazılmış kağız atılmışdır. O, bunu edən şəxsin kimliyini öyrənmək üçün həmin nömrə ilə əlaqə saxlayan zaman Orxan adlı şəxs ondan xoşu gəldiyini bildirmiş və onunla söhbət etmək istəmişdir. Lakin o, həmin şəxsə onu bir daha narahat etməməyini bildirmişdir. Buna baxmayaraq Orxan adlı şəxs yenə də ona zənglər etmiş, mesajlar yazaraq onu narahat etməkdə davam etmiş, evdən çıxdığı zamanlar onun arxasınca gəlmiş, tez-tez qarşısına çıxmışdır. O isə hər dəfəsində onu narahat etməməyini tələb etsə də, həmin şəxs öz hərəkətlərinə davam etmiş, bir neçə dəfə gecə saatlarında tək yaşadığı mənzilin qapsını döyərək onu qorxutmuşdur. O da qonşuları narahat etməmək üçün polisə məlumat verməmiş, qorxduğu halda sakitcə onun oradan uzaqlaşmağını gözləmişdir. Orxan adlı şəxsin bu hərəkətləri qonşuluqda yaşayan şəxslərin də haqlı narazılığına səbəb olmuşdur. Sonuncu dəfə 14 yanvar 2024-cü il tarixdə, gecə saatlarında Orxan onun mənzilinin qapısının döyərək səs-küy salmış, qapının açılmasının tələb etmişdir. Onun hərəkətlərinə digər qonşular da oyanmışdır. Bu hərəkətləri ilə həmin şəxs onun stresdə qalmasına, rahat hərəkət etməsinə, gündəlik yaşayış şəraitinin pozulmasına səbəb olmuşdur. Şəxs şikayətçidir, ona ağır tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qeyd olunanların doğru olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məsələnin həllini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 yanvar 2024-cü il tarixdə, saat 15:50-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar