Məhkəmə qərarları › İş №3(006)-317/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-317/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-317/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin X8 Şöbəsinin yol patrul xidməti inspektoru X3, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş 20 noyabr 2023-cü il tarixli İXP5847013 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 20 noyabr 2023cü il tarixdə, saat 13:40-da «Toyota Corolla» minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halına yol vermiş, nəticədə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-5283/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi üzrə inzibati xəta törətməsinə dair material ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə geri qaytarılmışdır. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxıldığı üçün) Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin X8 Şöbəsinin yol patrul xidməti inspektoru X5 məhkəmə iclasında izahat verərək, Şəxs hadisə ilə bağlı Nəsimi RPİ-nin X8 Şöbəsinə dəvət olunmuş, xx.xx.2023-cü il tarixdə Şəxs idarə etdiyi «Toyota Corolla» markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək gəlmiş, aparılmış araşdırma zamanı vətəndaş Şəxs əvvəllər Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması aşkar olunmuş, bundan sonra onunla aparılmış şifahi sual cavab zamanı onun hal hazırda da metadon proqramında olması və mütəmadi olaraq metadon qəbul etməsini etiraf etmiş, bundan sonra Şəxs tərəfindən sərxoşluq vəziyyətinin müayinəsinə dəvət olunmuş, həmin müayinə zamanı onda həqiqətən də metadon qəbul etməsi faktı aşkar olunmuşdur. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuş və barəsində 600 manat cərimə cəzası tətbiq olunmuşdur. Bu səbəbdən Şəxs il ərzində eyni əməli təkrar törətdiyinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək, həqiqətən də hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin X8 Şöbəsinə dəvət olunduğunu, orada o sorğu sual edilərkən həqiqətən metadon proqramında qeydiyyatda olduğunu, müntəzəm olaraq dozanı azaldaraq metadon qəbul etdiyini bildirmişdir. Bundan sonra o Maştağaya aparılmı, oradan rəy alındıqdan sonra təkrarən şöbəyə gəlmişik və barəsində protokol tərtib olunmuşdur. Eyni zamanda bildirdi ki, o könüllü surətdə metadon proqramına yazılmış, artıq proqramı bitirmiş, və tam sağlamdır. Ailəlidir himayəsində uşaqları var, alənin qazanc gətirən şəxsi odur. Verilən suallara cavab olaraq bildirdi ki, o yol polisinə gəldiyi gün metadon qəbul etməmiş, bir gün qabaq qəbul etmiş, Yol Polisində avtomobillə adam vurma ilə bağlı başqa işlə dair sorğu sual edilmiş, həmin şəxsin o olmadığı müəyyən edilmiş, sadəcə həmin vaxtı metadon qəbul etdiyini etiraf etmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs özü səmimi olaraq metadonda olmasını etiraf etmiş, lakin Yol polisinə dəvət olunan gün metadon qəbul etməmiş yalnız yoxlama aparıldıqdan sonra metadon qəbul etmişdir. Yoxlanılan gün metadon qəbul etmədiyi üçün onun əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, Şəxs İXM-in 333-1.1-ci və 322.0.2-ci maddələri ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nəsimi rayon DYPŞ Yol Patrul xidməti inspektoru, polis siravisi X5 tərəfindən tərtib edilmiş 20 noyabr 2023-cü il tarixli İXP5847013 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində «Toyota Carolla minik» markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. 20 noyabr 2023-cü il tarixli 1/4708 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinə olunmuş, o metadon qəbul etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.A.Ağayevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar