Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-318/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayətçi: X1 iştirakları ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11 iyul 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinin tələbini pozması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 11 iyul 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsassızdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Barəsində olan protokolun tərtib edildiyi ərazidə quraşdırılan 5.15 nişanı müvafiq nişanlanma xətləri ilə birlikdə tətbiq edilmiş və uyğun olaraq parklanma yerinin başlanğıcı və sonu göstərilmişdir. Beləliklə, onun avtomobili saxladığı yer 5.15 nişanının təsiri zonası deyil, yəni parklanma yeri sayılmır. Eyni ərazidə daha əvvəllər də barəsində oxşar məsələ ilə bağlı çoxsaylı protokollar əsasında qərarlar verilmiş, o da onlardan aidiyyəti üzrə şikayətlər ünvanlandıqdan sonra həmin qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 126.2 və 135.1.5-1-ci maddələrinə əsasən başlanmış icraata xitam verilmişdir. Bütün bunlar da hazırki qəbul edilmiş qərarın əsassız olduğunu bir daha sübut edir. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X2 bildirdi ki, eyni yerdə, eyni əsasla tərtib olunan 08 protokola qurumun özü tərəfindən, 03 protokola isə məhkəmə qərarı ilə xitam verilmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-2202/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3(006)-2203/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(006)- 2201/2024 saylı qərarları ilə şikayətləri təmin edilmiş, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş qərarlara xitam verilmişdir. Məhkəmə aktlarından qurum tərəfindən verilən apellyasiya şikayətləri isə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1449/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3(103)-1645/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(103)-1966/2024 saylı qərarları ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarları qüvvədə saxlanılmışdır. Bütün bunları nəzərə alaraq protokollara yenidən baxılması və xitam verilməsi üçün aidiyyəti quruma dəfələrlə müraciət etməyinə baxmayaraq, şikayəti heç bir əsaslandırma olmadan təmin edilməmişdir. Bu müddət ərzində avtomobilin texniki baxış müddəti bitmiş və texniki baxışdan keçmək üçün məcbur qalıb mübahisələndirdiyi qərar üzrə cərimə məbləğini ödəmişdir. Qurumun rəsmisi (idarə heyəti sədrinin müavini) xx.xx.2024-cü il tarixdə görüş zamanı bildirmişdir ki, ödənilən cərimə məbləğinin geri qaytarılması üçün məhkəmə qərarı olmalıdır. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11 iyul 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2024-cü il tarixdə, saat 11:54:03-də Bakı şəhəri, Süleyman Rəhimov-10470-də “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir; • Fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov-10470-də yolun hərəkət hissəsinin sol tərəfində 5.15 “Duracaq yeri” yol nişanı quraşdırılmış, müvafiq nişanlama xətlərinin sonunda sol tərəfə döngə olduğundan adacıq müəyyən edilmiş, sonra yenidən adacıq həkk olunaraq müvafiq nişanlama xətləri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11:54:03-də “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil də sonuncu qeyd olunan nişanlanma xəttində saxlanılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11 iyul 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11 iyul 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilən və ona əlavə edilmiş şəkillərdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov-10470-də yolun hərəkət hissəsinin sol tərəfində 5.15 “Duracaq yeri” yol nişanı quraşdırılmış, müvafiq nişanlama xətlərinin sonunda sol tərəfə döngə olduğundan adacıq müəyyən edilmiş, sonra yenidən adacıq həkk olunaraq müvafiq nişanlama xətləri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11:54:03-də “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil də sonuncu qeyd olunan nişanlanma xəttində saxlanılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin İV hissəsinə görə parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Bu normanın məzmunundan belə nəticəyə gəlinir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində quraşdırılmış 5.15 “Duracaq yeri” yol nişanının təsiri müvafiq nişanlama xətlərinin sonuna kimi, yəni sol tərəfə döngə olduğundan adacıq müəyyən edilən yerə kimidir. Bu döngədən sonra adacıq müəyyən edildiyindən orada yenidən 5.15 “Duracaq yeri” yol nişanı və parklanma üsulu ilə bağlı əlavə məlumat nişanları (7.6.1-7.6.9) quraşdırılmalı idi. Hazırki işin hallarından isə görünür ki, bu nişanlar orada olmamışdır. Belə olan halda da şəxsin İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi düzgün olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11 iyul 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-318/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-318/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver