Məhkəmə qərarları › İş №3(006)-319/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-319/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-319/2025 23.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02 mart 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02 mart 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinin tələbini pozması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 02 mart 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsassızdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Barəsində olan protokolun tərtib edildiyi ərazidə quraşdırılan 5.15 nişanı müvafiq nişanlanma xətləri ilə birlikdə tətbiq edilmiş və uyğun olaraq parklanma yerinin başlanğıcı və sonu göstərilmişdir. Beləliklə, onun avtomobili saxladığı yer 5.15 nişanının təsiri zonası deyil, yəni parklanma yeri sayılmır, eyni yerdə, eyni əsasla tərtib olunan 8 protokola qurumun özü tərəfindən, 3 protokola isə məhkəmə qərar ilə xitam verilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-2202/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3(006)- 2203/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(006)-2201/2024 saylı qərarları ilə şikayətləri təmin edilmiş, AYNA tərəfindən tərtib olunmuş protokollara xitam verilmişdir. Həmin qərarlardan qurum tərəfindən verilən apellyasiya şikayətləri isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1449/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3(103)-1645/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(103)-1966/2024 saylı qərarları ilə təmin edilməmiş, ilk instansiya məhkəməsinin qərarları qüvvədə saxlanılmışdır. Bütün bunları nəzərə alaraq, protokollara yenidən baxılması və xitam verilməsi üçün aidiyyəti quruma dəfələrlə müraciət etməyinə baxmayaraq, şikayət heç bir əsaslandırma olmadan təmin edilməmişdir. Bu müddət ərzində avtomobilin texniki baxış müddəti bitmiş və texniki baxışdan keçmək üçün protokol üzrə cərimə məbləği tərəfindən ödənilmişdir. Qurumun idarə heyəti sədrinin müavini xx.xx.2024-cü il tarixdə görüş zamanı bildirmişdir ki, ödənilən cərimə məbləğinin geri qaytarılması üçün məhkəmə qərarı olmalıdır. Buna görə də şikayəti nəzərə alaraq müvafiq qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02 mart 2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02 mart 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2024-cü il tarixdə, saat 14:18:05-də Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində 5.15 “Duracaq yeri” yol nişanı quraşdırılmış, müvafiq nişanlama xətlərinin sonunda sol tərəfə döngə olduğundan adacıq müəyyən edilmiş, sonra yenidən adacıq həkk olunaraq müvafiq nişanlama xətləri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:18:05-də “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil də sonuncu qeyd olunan nişanlanma xəttində saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsi nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02 mart 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilən və ona əlavə edilmiş şəkillərdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində 5.15 “Duracaq yeri” yol nişanı quraşdırılmış, müvafiq nişanlama xətlərinin sonunda sol tərəfə döngə olduğundan adacıq müəyyən edilmiş, sonra yenidən adacıq həkk olunaraq müvafiq nişanlama xətləri çəkilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:18:05-də “Ford Focus” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil də sonuncu qeyd olunan nişanlanma xəttində saxlanılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin İV hissəsinə görə parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Bu normanın məzmunundan belə nəticəyə gəlinir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yolun hərəkət hissəsinin sol tərəfində quraşdırılmış 5.15 “Duracaq yeri” yol nişanının təsiri müvafiq nişanlama xətlərinin sonuna kimi, yəni sol tərəfə döngə olduğundan adacıq müəyyən edilən yerə kimidir. Bu döngədən sonra adacıq müəyyən edildiyindən orada yenidən 5.15 “Duracaq yeri” yol nişanı və parklanma üsulu ilə bağlı əlavə məlumat nişanları (7.6.1-7.6.9) quraşdırılmalı idi. Hazırki işin hallarından isə görünür ki, bu nişanlar orada olmamışdır. Belə olan halda da şəxsin İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi düzgün olmamışdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayəti təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 02 mart 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar