Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3191/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin polis sahə rəisi X1 iştirakları ilə, xx xxx 1987-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Şimal küçəsi ev 57-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 20 may 2025-ci il tarixdə Nəsimi rayonu, S.Vurğun və Ş.Bədirbəyli küçələrinin kəsişməsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X2 izahat verərək göstərdi ki, yol-patrul xidməti əməkdaşları xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, S.Vurğun və Ş.Bədirbəyli küçələrinin kəsişməsində “Toyota” markalı avtomobili saxlamış və konstruktiv dəyişikliklər olduğuna görə eyniləşdirmə aparılmasının zəruri olduğunu bildirmişlər. Lakin həmin vaxt avtomobilin sürücüsü Şəxs kəsici vasitə olan ülgücü ağız nahiyəsində polis əməkdaşlarına göstərərək buraxılmayacağı təqdirdə özünə xəsarətlər yetirəcəyini bildirmiş, lakin sonradan əraziyə gələn post-patrul xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Şəxs saxlanılaraq polis bölməsinə aparılması təmin edilmişdir. Polis Bölməsində Şəxs şəxsiyyəti müəyyən edildikdən sonra İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hal-hazırda protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 20 may 2025-ci il tarixdə Nəsimi rayonu S.Vurğun və Ş.Bədirbəyli küçələrinin kəsişməsində yol-patrul polis əməkdaşları avtomobilini saxlamasını əmr etmişlər. Həmin vaxt yol-patrul xidməti əməkdaşları onun sürücülük vəsiqəsini tələb etmiş, o isə portaldan məlumat əldə edə biləcəyini polis əməkdaşına bildirmişdir. Bundan sonra polis əməkdaşı onun avtomobilinə əyləşərək konstruksiyanı yoxlamaq üçün elektrik məftilini istifadə etməyə çalışmışdır. Həmin vaxt həmin kostruksiyanın işlək olduğunu gördükdən sonra avtomobildə olan dəmir alətin nə üçün istifadə edildiyini soruşmuşdur. O da həmin alətin usta işlədiyi vaxt istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı onun bölməyə getməli olduğunu bildirmiş, o da hər hansı səbəb olmadan bölməyə getməyəcəyini bildirərək etiraz etmişdir. Lakin sonradan əraziyə gəlmiş post-patrul xidməti əməkdaşları onu polis bölməsinə aparmışlar. İzahatının sonunda himayəsində uşağının olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X3 izahat verərək bildirmişdir ki, o xidməti vəzifələrini yerinə yetirərəkən xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, S.Vurğun və Ş.Bədirbəyli küçələrinin kəsişməsində “Toyota” markalı avtomobili saxlamış və konstruktiv dəyişikliklər olduğuna görə eyniləşdirmə aparılmasının zəruri olduğunu bildirmişdir. Həmin vaxt sürücü Şəxs dəmir aləti otaracağın yan hissəsinə qoymuş, daha sonra isə ağız nahiyəsində ülgüc göstərərək buraxılmayacağı təqdirdə xəsarətlər yetirəcəyini bildirmişdir. Bundan sonra hadisə yerinə post-patrul xidməti əməkdaşları dəvət edilmiş və profilaktiki tədbirlərlə Şəxs polis bölməsinə aparılması təmin edilmişdir. Məhkəmə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 20 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə materiallarında olan 20 may 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 may 2025-ci il tarixdə, saat 17:30 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, ona 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 20 may 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3191/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3191/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver