Məhkəmə qərarları › İş №3(006)-3193/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3193/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3193/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri BPİ-nin X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27338198 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri BPİ-nin X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27338198 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025 tarixində ünvan 1 ünvanında nəqliyyat vasitəsini saxladığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən barəsində EQ27338198 nömrəli elektron qərarla inzibati cərimə tətbiq olunmuşdur. Həmin ərazidə avtomobilini saxladığı yer nə yol hərəkət hissələrinin kəsişməsi, nə də kəsişən yol hissəsinə 5 metrdən az məsafədə olmuşdur. Əraziyə dair təqdim etdiyi foto və xəritə görüntülərindən də görünür ki, yolun qarşı tərəfi tikinti sahəsidir və hərəkət üçün nəzərdə tutulmamışdır. Yol asfaltlanmış olsa da, yalnız məhəllədaxili və bağ evlərinə aparan köməkçi yoldur. Bu yol əsas küçə ilə digər əsas küçənin kəsişməsi hesab edilə bilməz. Ərazidə yol kəsişməsini bildirən heç bir yol nişanı və ya xəbərdarlıq mövcud deyil. Saxladığı avtomobil heç bir nəqliyyat vasitəsinin hərəkətinə və ya piyadaların keçidinə mane olmamışdır. Əlavə olaraq, bu məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə də rəsmi müraciət etmişdir. Lakin təqdim etdiyi sübutlara baxmayaraq qərarın dəyişdirilmədiyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, EQ27338198 nömrəli inzibati qərarın əsassız olduğunu hesab edir və onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hadisə zamanı əsas məqsədi avtomobilini mümkün olan ən təhlükəsiz və heç bir keçidə maneə yaratmayacaq bir yerdə saxlamaq olmuşdur. O, qaydalara əməl etməyə çalışan, hər zaman təhlükəsizliyi üstün tutan bir sürücüdür. Həmin gün də məhz bu prinsiplə hərəkət edərək, maşını elə bir nöqtədə saxlamışdır ki, nə piyadaların, nə də digər nəqliyyat vasitələrinin hərəkətinə əngəl törətməsin. Bundan əlavə, yolun həmin hissəsinin qarşı tərəfi hal-hazırda tikinti sahəsidir. Yəni yolun o tərəfində aktiv nəqliyyat hərəkəti yoxdur və piyadaların da intensiv gedişgəlişi müşahidə olunmur. Bu səbəbdən, avtomobilini saxladığı yerin faktiki olaraq heç kəsə mane olmayacağına əmin idi. Ərazidə "Dayanmaq qadağandır" və ya "Durmaq qadağandır" yol nişanının olmaması da onun həmin yerdə dayanma qərarına təsir etmişdir. Buna görə də o, orada dayanmaqla hər hansı qaydanı pozduğunu düşünməmişdir. Maşını ehtiyatla yolun kənarında saxlamışdır ki, yolu daraltmasın və digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasın. Özü üçün də ən vacib məsələ hər kəsin təhlükəsizliyini təmin etmək olmuşdur. İnanır ki, bu davranışı yol hərəkəti qaydalarına hörmətsizlik deyil, əksinə, vəziyyətə uyğun məsuliyyətli bir yanaşma olmuşdur. Cərimə haqqında elektron bildirişi aldığı zaman qərarın ədalətli olmadığını düşünmüşdür. Çünki yuxarıda sadaladığı hallar nəzərə alınarsa, onun niyyətinin qayda pozmaq deyil, sadəcə düzgün və təhlükəsiz yer seçmək olduğu açıq görünür. Elə bu səbəbdən, ilk olaraq yol polisi orqanlarına (DYP) müraciət edərək məsələnin yerində araşdırılmasını və cərimənin ləğv olunmasını xahiş etmişdir. Lakin ona bildirilmişdir ki, qəbul edilmiş elektron qərar qüvvədə saxlanılır. Buna baxmayaraq, o, hələ də həmin qərarla razılaşmır, çünki özünü qaydaları pozmuş kimi görmür. Əksinə, yaranmış şəraitdə ən doğru variantı seçməyə çalışdığını düşünür. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri BPİ-nin X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri BPİ-nin X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan inzibati cərimə ilə bağlı bildirişin surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 12:53-də C.Məmmədquluzadə küçəsi ünvanında “Toyota Prius (Hibrid) Minik” markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 346.5-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, şikayətçi X1 Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapdığından X3 barəsində Bakı şəhəri BPİ-nin X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27338198 saylı saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri BPİ-nin X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27338198 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar