Məhkəmə qərarları › İş №3(006)-3197/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3197/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3197/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: “Foodcity Alliance”MMC-nin nümayəndəsi X2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 4.279.480,64 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxs MMC yükdaşıma sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ilkin olaraq 50 ədəd avtonom soyudu vaqonun istehsal edilərək təhvil verilməsi üçün Qazaxıstan Respublikasında fəaliyyət göstərən TOO “Cool İnfinity” şirkəti ilə xx.xx.2022 tarixində 105/45 saylı müqavilə imzalamışdır. Daha sonra bu müqaviləyə edilmiş dəyişikliyə əsasən vaqonların sayı 32 ədəd müəyyən edilmiş, müqavilə üzrə "xxxx" ASC vasitəsilə xx.xx.2022 tarixdə 362.554.294,25 və xx.xx.2022-ci il tarixdə 4.279.480,64 Rusiya rublu məbləğində vəsait həmin şirkətə ödənilmişdir. Razılaşmaya əsasən bütün vaqonların 2023-cü ilin noyabr ayınadək təhvil verilməsi nəzərdə tutulsa da, böyük çətinliklərə baxmayaraq bu müdət ərzində cəmi 21 ədəd vaqon hazırlanıb ölkəyə gətirilmişdir. Qarşı tərəf vaqonların istehsalı üçün xammal materialları və avadanlıqları Rusiya Federasiyasından idxal edir. Lakin, Rusiya ilə Ukrayna arasında baş vermiş və bugünədək davam edən müharibə, həmçinin Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqədar olaraq xammal olmadığı üçün istehsal prosesi ləngimişdir. Buna görə də müqaviləyə əlavələr olunmaqla vaqonların təhvil alınma tarixləri müvafiq olaraq uzadılmışdır. Halhazırkı vəziyyətdə 11 ədəd vaqon ölkəyə idxal olunmamışdır. TOO “Cool İnfinity” şirkətinə xx.xx.2024 tarixli, FA 2406/001 saylı məktubla istehsal edilməyən 11 ədəd vaqonun dəyəri olan məbləğin dərhal geri qaytarılması barədə müraciət edilmişdir. Qarşı tərəf isə xx.xx.2024-cü tarixli, 15 saylı məktubunda ödənişi geri qaytara bilməyəcəklərini, qeyd edilən vəsaitin vaqonların istehsalı üçün lazımi avadanlıqların alınmasına xərcləndiyini bildirmişdir. Bununla belə, artıq əlavə olaraq 2 ədəd vaqon istehsal olunub ölkəyə gətirilməkdədir və yaxın 3 gün ərzində onları çatması gözlənilir. Digər vaqonlar isə istehsal prosesindədir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərə əsasən: • "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda Şəxs MMC-nin xx.xx.2022-ci il tarixdə 4.279.480,64 Rusiya rublu dəyərində vəsaiti xaricə köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; • Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Qazaxstanda fəaliyyət göstərən TOO “Cool İnfinity” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli, 105/45 saylı müqavilə üzrə 4.279.480,64 Rusiya rublu pul göndərilmişdir; • Şəxs MMC ilə Qazaxstanda fəaliyyət göstərən TOO “Cool İnfinity” şirkəti arasında 50 ədəd avtonom soyudu vaqonun istehsalı ilə bağlı xx.xx.2022-ci il tarixli, 105/45 saylı müqavilə imzalanmış və onlar 2023-cü ilin fevral ayına kimi hazırlanıb təhvil verilməlidir. Daha sonra bu müqaviləyə xx.xx.2023-cü il tarixdə edilmiş dəyişikliyə əsasən vaqonların sayı 32-yə endirilmiş və onlar 2023-cü ilin noyabr ayına kimi istehsal olunaraq çatdırılmalıdır; • TOO “Cool İnfinity” şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2024cü il tarixli 15 nömrəli məktubunda qeyd olunur ki, 2.200.000 ABŞ dolları məbləğində əvvəlcədən ödənişi şirkət tərəfindən vaqonların istehsalı üçün materiallar və komplektləşdirici hissələrin alınmasına sərf olunması səbəbindən geri qaytarmaq imkanına malik deyillər. İri vaqon tökməsi tədarükləri ilə bağlı çətinliklər vaqonların buraxılması qrafikində əhəmiyyətli gecikməyə gətirib çıxarır ki, bu da öz növbəsində, vaqonların göndərilməsinin gecikməsinə səbəb olur. Hazırda iri vaqon tökməsinin tədarükünə dair müqavilə bağlanıb, ödəniş edilib və anbara daxil olması gözlənilir. xx.xx.2024cü il tarixədək xx.xx.2022-ci il tarixli, 105/45 saylı müqavilə əsasən vaqonların tədarükünü tam həcmdə həyata keçirilməsini öz öhdələrinə götürüllər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs MMC ilə Qazaxstanda fəaliyyət göstərən TOO “Cool İnfinity” şirkəti arasında avtonom soyudu vaqonun istehsalı ilə bağlı xx.xx.2022-ci il tarixli, 105/45 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə Şəxs MMC tərəfindən bu şirkətin hesabına qabaqcadan ödəniş kimi 4.279.480,64 Rusiya rublu məbləğində pul köçürülmüşdür. Lakin sifariş verilmiş malları bir qismini TOO “Cool İnfinity” şirkəti bu müddət ərzində göndərməmiş və ödənilmiş vəsaiti də geri qaytarmamışdır. Bununla bağlı aparılmış yazışmalar zamanı TOO “Cool İnfinity” şirkəti tərəfindən Şəxs MMC-yə verilmiş cavabda göstərilmişdir ki, 2.200.000 ABŞ dolları məbləğində əvvəlcədən ödənişi şirkət tərəfindən vaqonların istehsalı üçün materiallar və komplektləşdirici hissələrin alınmasına sərf olunması səbəbindən geri qaytarmaq imkanına malik deyillər. İri vaqon tökməsi tədarükləri ilə bağlı çətinliklər vaqonların buraxılması qrafikində əhəmiyyətli gecikməyə gətirib çıxarır ki, bu da öz növbəsində, vaqonların göndərilməsinin gecikməsinə səbəb olur. Hazırda iri vaqon tökməsinin tədarükünə dair müqavilə bağlanıb, ödəniş edilib və anbara daxil olması gözlənilir. xx.xx.2024-cü il tarixədək xx.xx.2022-ci il tarixli, 105/45 saylı müqavilə əsasən vaqonların tədarükünü tam həcmdə həyata keçirilməsini öz öhdələrinə götürüllər. Göründüyü kimi, ”FOODCİTY ALLİANCE” MMC tərəfindən xaricdə sifariş verilmiş malların vaxtında gətirilməməsi bu qurumun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar