Məhkəmə qərarları › İş №3(006)-3197/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3197/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3197/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi Uğur Sarıbaşın iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr., ev 60, mənzil 89; (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* (00800- 00636/25) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, EP ******* (00800-00636/25) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/021/008634 nömrəli xx.xx.2025-ci il tarixli raport ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları’’nın 12.2-ci bəndinə əsasən Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********0023 sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilən malların (islərin, xidmətlərin) müqabilində 7256 avro məbləğində xarici valyuta vəsaitindən 7256 avro məbləğində xarici valyuta vəsaitinin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixli **********0023 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablanmanın üsulu “002-malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və ya hesaba mədaxil edilməklə)” qeyd olunmuşdur. Belə ki, Şəxs MMC (Satıcı) ilə müvafiq olaraq Fransa Respublikasında fəaliyyət göstərən “JMG Auqa” LLC tərəfindən qaytarılmamış xarici valyuta vəsaitlərinin (7560 avro) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günlərdə olan avronun rəsmi məzənnəsinə (1 avro = 1.87 AZN) uyğun olaraq dəyəri 14137,20 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İXM-nin 483cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Beləliklə, Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamış, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi Uğur Sarıbaş izahat verərək göstərdi ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********0023 sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilən malların (islərin, xidmətlərin) müqabilində 7256 avro məbləğində xarici valyuta vəsaitindən 6840 avro pul məbləği xx.xx.2025-ci il tarixində geri qaytarılmışdır. Qaytarılmamış məbləğin 416 avro (7256- 6840=416) olmasını nəzərə alaraq həmin məbləğin müəyyən faizi miqdarında cərimə olunmaları barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 3-33-3100/021/008634 nömrəli xx.xx.2025-ci il tarixli raporta əsasən Şəxs MMC tərəfindən ixrac edilən malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin köçürülməsi haqqında 3-33-3100/2-000836/2025 nömrəli, xx.xx.2025-ci il tarixli bildiriş Şəxs MMC ünvanına göndərilmişdir. Lakin Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin,xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. İş materiallarında olan ödəniş sənədindən görünür ki, 6840 avro məbləğində pul vəsaiti xx.xx.2025-ci il tarixində Şəxs MMC-nin hesabına göndərilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xətanın obyekti olan 7256 avro məbləğinin 6840 avro hissəsinin vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün keçdikdən sonra qaytarıldığını nəzərə alaraq, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 7256 avro təşkil etdiyini və həmin məbləğin otuz faizi məbləğində inzibati cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 7256 (yeddi min iki yüz əlli altı) avro valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi, yəni 2176,80 (iki min yüz yetmiş altı, səksən) avro məbləğində inzibati cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar